Tramp Suriyada ameriaklı döyüşçüləri ərəblərlə əvəzləmək istəyir Dünya

Tramp Suriyada ameriaklı döyüşçüləri ərəblərlə əvəzləmək istəyir

Amma ərəb ölkələri buna o qədər də hazır deyil
Prezident Trampın administrasiyası Suriyanın şimali-şərq rayonlarında öz hərbi kontingentini ərəblərlə əvəz etmək haqqında düşünür. "Wall Street Journal" ("WSJ") bildirir ki, Ağ ev rəhbərinin milli təhlükəsizlik üzrə yeni köməkçisi Con Bolton artıq bu barədə digər ölkələrlə məsləhətləşmələrə başlayıb. "NQ" ekspertləri aydınlaşdırıb ki, təşəbbüs maneələrlə qarşılaşa bilər. Bolton Suriyanın şimali-şərqində ərəb hərbçilərinin yerləşdirilməsi ideyasını bu yaxınlarda Misir kəşfiyyat xidmətinin rəhbəri Abbas Kamalla müzakirə edib. Telefon danışığının gedişində ABŞ administrasiyasının nümayəndəsi maraqlanıb ki, Misir yeni hərbi qüvvələrin formalaşdırılmasına nə kimi töhfə verə bilər.
Qahirənin cavabı haqqında heç bir məlumat verilmir. ABŞ administrasiyasındakı digər mənbələr etiraf edib ki, Bolton və Kamal arasında Fars körfəzi ölkələrinə ünvanlanan sorğuya bənzər danışıq olub. "WSJ"nin həmsöhbəti bildirib ki, "Maliyyə dəstəyi və daha geniş töhfələr (Suriyada sabitliyin təmin edilməsinə – "NQ") haqqında suallar Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə verilib".
"Strateq" "Nezavisimaya qazeta"ya istinadən yazır ki, indiyədək ABŞ-ın Suriya siyasətinin başlıca məqsədi İŞİD terrorçu qruplaşmasının məhv edilməsi idi. Administrasiyanın adının çəkilməsini istəməyən bir məmuru "WSJ"-yə bildirib ki, müxtəlif qiymətləndirmələrə görə, Şərqi Suriyada təşkilatın 5 mindən 12 minədək döyüşçüsü fəaliyyət göstərməyə davam edir. Lakin Ağ ev qarşısında belə bir sual durur – əsasını kürd dəstələri təşkil edən yerli hərbi qruplaşmaların gücü ilə İŞİD-dən təmizlənən rayonlarda bundan sonra nə etməli? Tramp iqtisadi mülahizələrdən çıxış edərək, ölkənin şimali-şərqində Amerika hərbçilərini saxlamaqdan imtina edir.
"NQ" "Amerika kontingentinin Suriyadan getməsi Rusiya tərəfini qane edirmi?" -sualı ilə RF XİN-ə müraciət edib, lakin operativ cavab almaq mümkün olmayıb. XİN rəhbəri Sergey Lavrov fevral ayında "Euronews"a verdiyi müsahibədə ABŞ-ın Suriyanın şimali-şərqindəki planını skeptik qiymətləndirmişdi. Rusiya diplomatiyasının başçısı o zaman bildirmişdi ki, "Yəqin, ABŞ-ın elə bir strategiyası var ki, Suriyada öz silahlı qüvvələrilə əsrlərlə yerləşməyi nəzərdə tutur. Onlar artıq işi o yerə aparırlar ki, Suriya Ərəb Respublikasının ərazi bütövlüyünü, suverenliyini pozmaqla, Suriya ərazisinin böyük bir hissəsini ölkənin digər hissəsindən ayırsınlar".
Rusiyanın ekspert mühitində hesab edirlər ki, ABŞ-ın öz kontingentini əvəzləmə təşəbbüsü ərəb dünyası ölkələrində anlayışla qarşılanmayacaq. Rusiya Dövlət Humanitar Universitetinin tarix fakultəsinin "Müasir Şərq" kafedrasının professoru Qriqori Kosaç Misir hərbçilərinin Suriyanın şimalına dəvət edilməsi ideyasını şərh edərkən "NQ"yə xatırladıb: "Misirin mövqeyi ondan ibarətdir ki, prezident Bəşər Əsədi Suriya xalqı seçib və liderin taleyini yalnız Suriya xalqı həll edə bilər. Başqa sözlə, bu baxış Əsədin gələcək taleyilə bağlı mövcud olan baxışla bir qədər ziddiyyət təşkil edir. Qahirənin nöqteyi-nəzərindən çıxış etsək, məncə, dəyişməyib. Misir qoşunlarının Suriyadakı ABŞ kontingentini əvəz etməyə gələcəyi haqqında danışmaq, ən azı, sadə bir səbəbə – bu halda Misirin rejimə qarşı olan bir ölkə kimi çıxış etməli olmasına görə, mümkün deyil".
Şərhçi "Ərəb dövlətləri ABŞ kontingentini özününkülərlə əvəz etmək ideyasını dəstəkləyərmi?" sualına cavabı da qeyri-müəyyən hesab edir, ötən istirahət günlərində Səudiyyə Ərəbistanında keçirilən Ərəb dövlətləri liqası sammitinin balanslaşdırılmış yekun bəyanatı da dolayısı ilə bunu göstərir.
Kosaç izah edir: "Suriyada Rusiya hərbi kampaniyası start götürənədək səudiyyə mətbuatında Suriyada rejimə qarşı ərəb cəbhəsinin açılmasının vaxtının çatdığından bəhs edən məqalələr ortaya çıxa bilərdi, lakin onlarda heç bir konkret dəqiqləşdirmələr olmazdı. Səudiyyə Ərəbistanında heç vaxt yad ərazilərdə öz quru qoşunları səviyyəsində döyüş əməliyyatlarında iştirak etmək niyyəti olmayıb. Bəli, Yəməndə fəaliyyət göstərən səudiyyə aviasiyası var, lakin ondan başqası yoxdur. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) belə təcrübə var – BƏƏ xüsusi təyinatlıları Müəmmar Qəddafinin devrilməsi ərəfəsində Liviya hadisələrində iştirak edib. Lakin bu gün bu və ya başqa tərəfin buna getməyə hazır olması ehtimalı azdır".
Digər ekspert hesab edir ki, hərbi kontingentinin çıxarılması haqqında ABŞ-ın mümkün qərarı regondakı duruma zərərli təsir edə bilər. Sankt-Peterburqdakı Ali iqtisadiyyat məktəbinin Şərqşünaslıq və afrikaşünaslıq departamentinin rəhbəri Yevgeni Zelyenev bildirib: "Amerikalıların Suriyadan çıxması Yaxın Şərqdəki duruma fayda verməyəcək. Bundan başqa, bu, mənfi işarəli siyasi gedişdir. O deməkdir ki, növbəti mərhələdə Suriyada baş verəcək hadisələrin, həm siyasi, həm də iqtisadi nəticələrilə bağlı olaraq, ABŞ öz üzərindən məsuliyyəti götürür. Neçə ki ABŞ orada iştirak edir, onlar bu və ya başqa formada məsuliyyət daşıyırlar, ordan çıxan kimi isə, bu münaqişəyə cəlb olunmuş olmayacaqlar. Xatırladım ki, Rusiya da bir neçə dəfə Suriyadakı hərbi qarşıdurmadan özünün çıxması haqqında bəyanat verib və hər dəfə də bu çıxış natamam olub. Mümkündür ki, ABŞ-la bağlı da eyni vəziyyət təkrar olsun".
Ekspert hesab edir ki, amerikalıların Suriya ərazisindən mümkün çıxışına ABŞ-a əks mövqe tutan ölkələrin birmənalı və şərtsiz qələbəsi kimi baxmaq lazım deyil. Zelyenevin fikrinə görə, Vaşinqton öz təşəbbüsü ilə manevr edir. Ekspert güman edir: "Bu, müəyyən mənada siyasi təhdidir: biz çıxacağıq, sizsə qalacaqsınız və siz bu münaqişə ilə nə edəcəksiniz? Baxmayaraq ki, ABŞ üçün mühüm an başlayıb – bu, onların bu regionda "stavka" etdikləri bütün siyasi strukturların, demək olar ki, fiziki olaraq ortadan qaldırılması deməkdir. ABŞ-ın regionda söykənə biləcəyi döyüş qabiliyyətli hərbi hissələrin olmaması, kürd hərəkatı istisna olmaqla, Vaşinqtonu ikimənalı durumda qoyacaq. Əgər onlar müxalifəti dəstəkləyirsə, bu bir durumdur, yox əgər onlar müxalifətsiz qalırsa, onda onların hərbi münaqişədəki statusu başqadır – işğalçıdır".