İŞİD-in arxasında hansı dövlət dayanır? Dünya

İŞİD-in arxasında hansı dövlət dayanır?

Ehtimallar müxtəlif olsa da, çoxu Səudiyyə Ərəbistanı üzərində dayanır

Cavid

"İraq Şam İslam Dövləti" (İŞİD) silahlılarını dəstəkləyən hansı dövlətdir? Suala az qala hər kəs cavab axtarır.
Kimdir İraq Şam İslam Dövləti və onun arxasında kim dayanır? Bu qondarma dövlət İraqla Suriyanın sərhəddində, eyni zamanda da Türkiyəyə yaxın bir ərazidə formalaşıb. Əsas məkanları Suriyadadır. Suriyada isə kəsmədikləri baş qoymadılar. Yolda tutub mənsub olduqları təriqəti soruşur, şiə olanı isə öldürürdülər.
Bir sözlə islam adından çıxış edən bu, qruplaşma sözün əsl mənasında elə islamı ləkələmək üçün yaradılıb. Onda sual yaranır kim yaradıb və maliyyə dəstəyini hardan alırlar?
Qruplaşma birbaşa "Əl-Qaidə" terror təşkilatının "Əl-Nüsrə" qanadıdır. İlk olaraq Suriya ərazisində yaradılan silahlı qruplaşma bu ölkədə əsl təlim keçdilər. Qısa zaman içərisində isə böyük silah bazası da formalaşdırdılar. İŞİD maliyyəni vəhabiliyin hökm sürdüyü körfəz ölkələrindən aldığı iddia olunur. İran prezidenti Həsən Ruhani öz kəşfiyyatlarına istinad edərək dedi ki, bu işin arxasında körfəz ölkələri xüsusən də Səudiyyə Ərəbistanı və Qətər dayanır. Unutmayaq ki, Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatları ilə hesablaşmadan addım atmır onda belə çıxır ki, bu qruplaşmanın yaradılmasından okeanın o tayında da məlumatlı olublar.
Son bir ildə daralan Suriya həlqəsinin hardasa, qırılması Bəşər Əsəd qüvvələrini möhkəmləndirdi. İranın və Rusiyanın dəstəyilə ordusunu möhkəmləndirən Bəşər Əsəd son aylar demək olar ki, ardıcıl olaraq şəhərlərini silahlı birləşmələrdən geri alırdı. Əgər fikir versəniz Suriya hökumət qüvvələrinin daha Azad Suriya ordusu ilə döyüşdüyü deyilmir, İraq Şam İslam Dövləti ilə mübarizə apardığı məlumatı yayılırdı. Beləliklə həmin döyüşçülər İraq Suriya sərhəddinədək sıxışdırıldı.
İŞİD Suriya ilə yanaşı siyasi davamsızlıq yaşayan İraqda da kök salıb. Onu İraqda formalaşdıran isə Səddam Hüseynin hakimiyyəti dövründə hərbçi olmuş Əbu Bəkr əl-Bağdadi olub. Adı dünyanın ən təhlükəli 10 terrorçusu sırasında gələn əl-Bağdadi özünə qarşı çıxanlara sərt cəzalar verməsilə tanınır.
İyunun 10-da onların Mosulun küçələrində hərbi karvanlarla görünməsi isə hər kəsi təəcübləndirdi. Bu qədər silahlı qrup bir anın içində İraqa necə keçə bilərdi. Baş nazir Nuri əl-Malikinin çıxışından bəlli oldu ki, Suriyadan gələn silahlı qruplaşma İraq-Suriya sərhədini maneəsiz keçiblər. Belə çıxır ki, bölgədə bu qruplaşmaya şərait yaradan qüvvələr olub. Onu da deyək ki, İraqın şimalına Şimali İraq kürd muxtariyyətı, yəni kürdlər nəzarət edirdilər. Bəs onda kürd silahlıları sərhədi niyə qorumayıblar?
"Komersant"ın məlumatına görə, İraq hakimiyyəti bildirib ki, adı çəkilən təşkilatı Səudiyyə Ərəbistanı maliyyələşdirir.
Rəsmi Bağdad krallığı suçlayaraq bəyan edib: "Səudiyyə Ərəbistanı terrorçu təşkilatı maliyyə və mənəvi cəhətdən dəstəkləyir. İraqda terrorçuların törətdiyi bütün kütləvi qırğınlara görə məsuliyyəti Səudiyyə hakimiyyəti daşıyır".
İraq hökuməti Səudiyyə Ərəbistanı hakimiyyətini öz ölkəsinin daxili işləri ilə məşğul olmağa, "krallıqda ayrı-seçkiliyin qarşısını almağa" çağırıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı İraqın şiə baş naziri Nuri əl-Malikini ölkənin sünni əhalisinə qarşı hazırkı fəlakətə səbəb olan yanlış siyasət aparmaqda ittiham etmiş və böhrandan çıxmaq üçün təcili olaraq, ölkədə bütün tərəfləri, qüvvələri birləşdirən milli etimad hökumətinin yaradılmasını təklif etmişdi.
Onu da bildirək ki, bir müddət əvvəl Suriyanın paytaxtı Dəməşq ətrafında kimyəvi silah tətbiqi ilə bağı təxribatın Səudiyyə Ərəbistanından İordaniya vasitəsi ilə göndərilən qruplaşma tərəfindən törədilməsi məlumatı yayılmışdı. "İnterfax"ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın diplomatik mənbələrindən məlumat verilib.
Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun eksperti Valter Poş isə bildirib ki, bir sıra ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı İranın regiondakı hökmranlığını qəbul etmirlər və regionda "şiəlik amilini" aradan qaldırmağa çalışırlar.
Bu gün İŞİD-in İraqa hücumu və şiələri qırması da bu məsələdən xəbər verir.
Şimali Suriya və İraqın bəzi əraziləri hazırda İŞİD-in idarəsindədir. Əsir götürdüyü düşmənlərin kütləvi edamları, baş kəsmələr onlar üçün gündəlik əhəmiyyətsiz işlərə çevrilib.
Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirir ki, radikal islamçılar müxtəlif dövlətlər tərəfindən maliyyələşdirilir: "Ərəb ölkələri, xüsusi ilə də Səudiyyə Ərəbistan sələfiləri, vəhabiləri maliyyələşdirirlər. Yəni, bütün radikal islamçıların bu gün daha çox ərəb ölkələri, xüsusi ilə Səudiyyə Ərəbistan tərəfindən idarə olunduğu deyilir. Ancaq Suriya məsələsində radikal islamçı adına İran da bəzi işlər gördü. Dünyanın diqqətinə radikal islamçıları gözdən salmaq üçün İran öz maliyyələsi ilə bu cür əməliyyatlar həyata keçirə bildi. Bu gün baş verənlər ondan ibarətdir ki, artıq Suriyada Azad Suriya Ordusundan daha çox radikal islamçılar meydan sulayır. Onlar öz dövlətlərini yaratmaq istəyirlər. Bu prosesin içərisində ərəb dünyasının, xüsusi ilə Səudiyyə Ərəbistanın maraqları var. Çünki, bu gün Səudiyyə Ərəbistan ilə İranın münasibətləri gərgindir. İran ərəb ölkələrini Suriyaya buraxmaq istəmir. Çünki, başda Səudiyyə Ərəbistan olmaqla digər ərəb ölkələri sünni təriqəti məzhəbinə ə qulluq edən müsəlmanlardır. Amma Suriyada hakim rejimi şiələr idarə edir. Bu gün Suriyanın daxilində sünni dövlətini yaratmaq üçün ərəb ölkələrinin marağı var. Ona görə də radikal islamçılar adına böyük maliyyələrlə müxtəlif ölkələrdən gəncləri cəlb edirlər".
Politoloq Vüqar Zifəroğlu isə bildirib ki, bu kimi məsələlərdə ilk növbədə ərəb rəqabəti mövcuddur. Yaxın Şərqdə baş verən proseslər aparıcı ərəb ölkələrinin də biri-biriləri ilə rəqabəti və bölgədə dəstəkləri qruplaşmaların qarşıdurmaları baxımından özünəməxsus rəng alır. Bu əsasən məlum "ərəb baharı" hadisələrindən sonra açıq müstəviyə keçdi və ilk dəfə Səudiyyə Ərərbistanı-Qatar timsalında özünü Misirdə göstərdi: "Burda bir vacib məqamı vurğuamaq istərdik. Aparıcı ərəb ölkələri oyunu quran qüvvə olaraq Qərbi (yəni, ABŞ-ı) birmənalı şəkildə bölgəyə nüfuz edən güc olaraq qəbul etsələr də, digər aktyorların məsələn, Türkiyə (Osmanlıya ümumərəb antipatiyası səbəbi ilə) və İranın (şiə məzhəbi faktoru səbəbi ilə) aktivliyini həzm edə bilmirlər. Bu səbəbdən lazım olan anda qurduqları oyunu koordinasiya etdikləri kimi (məsələn, Suriyada Əsədə qarşı olduğu kimi) öz aralarındakı rəqabəti də unutmurlar (məsələn, Misirdə baş verdiyi kimi).
İŞİD "Əl-Qaidə"nin şinelindən çıxan bir qüvvə olsa da, ikincilərin Suriya cəbhəsində aktiv quplaşması olan ən-Nusra ilə rəqibdirlər. Səudiyyə Ərəbistanı isə, əsas müttəfiqi olan ABŞ-ın bu qruplaşmaları heç birini həzm etmədiyi halda, digər ərəb ölkələrinə, o cümlədən öz varlığına təhdid təşkil edən qruplaşmalar və islami siyasi birliklərə qarşı bu qüvvələri dəstəkləməkdədir. Məsələn, Misirdə Qatarın arxasında durduğu və bütün ərəb dünyası üçün ciddi siyasi güc olaraq ortaya çıxa biləcək "İxvanül Müslimin"ə qarşı Səudiyyə Ərəbistanının sələfi gücləri irəli çəkdiyini yadımıza salaq. Xatırladırıq ki, məhz sələfi qüvvələrlə ixvançıların münasibətləri pozulduqdan sonra Sisinin Misir iqtidarına yolu açıldı və bu gün o, artıq həmin ölkənin prezidentidir".
O da bildirilib ki, maraqlar Səudiyyə Ərəbistanı İran və Livana qarşı qeyri-rəsmi olsa da Suriyada Ən-Nusra qruplaşmasını dəstəkləməyi tələb edir: "Görünür eyni maraqlar İraqda da "nusra"ya rəqib İŞİD-a dəstək verməyi tələb edir. Hazırda İraqda baş verən dramatik hadisələrdən düz 5 ay əvvəl orada saxlanılan bir İŞİD döyüşçüsünün dindirmələr zamanı söylədikləri maraq doğurmaya bilmir. O, hələ o zaman ifadəsində göstərirdi ki, Səudiyyə Ərəbistanı İŞİD-a İraqa hücumlar təşkil etməsi üçün 150 milyon dollar və silah dəstəyi verib.
Səudların Wikileaks sənədlərinə görə radikal qüvvələri İrana qarşı silahlandırdığı və eləcə də Maliki və Əsəd rejimini özlərinə qarşı təhdid olaraq gördükləri bilinən həqiqətdir. İŞİD eyni zamanda İraqda və Suriyada maraqları olan əzəli və ciddi rəqib Qatar üçün də təzyiq elementidir. "İxvan"ın ağır məğlubiyyətindən sonra Qatar dəstəklədiyi siyasi qüvvələr baxımından istər ərəb dünyasında, istərsə də Misirdə ciddi itkiyə məruz qalsa da, Azad Suriya Ordusu və xüsusilə "İslami Cəbhə" adlı qruplaşmalar birliyinin tərkibində çıxış edən "Tevhit Tuğayları" üzərində ciddi nüfuzu var".
Ehtimallar müxtəlifdir. Bir versiyaya görə İŞİD-in arxasında Amerika Birləşmiş Ştatları, bəzilərinə görə Səudiyyə Ərəbistanı və Qətər, bəzilərinə görə isə Türkiyə dayanır. Hətta İran və Suriyanın da bu təşkilatı dəstəklədiyini söyləyənlər var. Ən ekzotik isə burda Rusiyanın barmağının olması ehtimalıdır. Hər halda bu hələ başlanğıcdır. Mahiyyət hadisələrin gedişatı ilə üzə çıxacaq.