Lavrov İrəvanda Qarabağdan danışdı Dünya

Lavrov İrəvanda Qarabağdan danışdı

Rusiyanın xarici işlər naziri "soyqırım" abidəsini ziyarət etməyi də unutmayıb

Cavid

Ermənistan Xarici İşlər Nazirliyinin dəvətilə iyunun 22-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana ikigünlük səfəri başlayıb. Lavrov ilk olaraq "Sisernakaberd" memorial kompleksinə gedərək qondarma soyqırımı abidəsini ziyarət edib.
Rəsmi məlumata görə, Lavrovun İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla danışıqlar əsnasında Ermənistan-Rusiya "müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və Ermənistanın Avrasiya İqtisadi İttifaqına qatılması", Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, beynəlxalq və regional problemlərə aid məsələlərinin müzakirə olunub.
Lavrov öncə erməni həmkarı Edvard Nalbandyanla görüşüb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinə toxunub. O deyib ki, Rusiya həm ikitərəfli formatda, həm də Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır: "Problemin həlli üçün baza mövcuddur, prinsiplər var və onların razılaşdırılması vacibdir. Nizamnamənin reallaşdırılması və davamlı olması üçün parametrlər hazırlamaq gərəkdir".
Sergey Lavrov qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun davam etdirilməsinə, düyün nöqtələrinin həllinə çalışacaq: "Rusiya münaqişənin həllini yaxınlaşdıran bütün cəhdləri dəstəkləyəcək - fransalı həmkarlarımız müzakirə olunan nizamlama prinsiplərinin ideyadan gerçəkliyə çevrilməsi üçün təkliflər irəli sürür. Rusiya bu işə bütün gücünü qoymağa hazırdır. Bizim fikrimizcə, bəribaşdan hazırlıq görülmüş görüşlər nə qədər müntəzəm olsa, danışıqlar prosesi bir o qədər dinamik olar".
Bu arada müstəqil mənbələr Rusiyanın Ermənistanla müttəfiqliyinin "səmimiliyində şübhələnməyə əsas verən məqamlara" diqqət çəkir və iqtisadi baxımdan Rusiyadan asılı olan Ermənistanın artıq bir dövlət kimi "müstəqil siyasət yeritmək imkanını da itirməkdə" olduğunu qeyd edirlər.
Səfər ərəfəsində yerli mətbuat Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədr ölkəsi və Ermənistanın "təhlükəsizlik qarantı" hesab edilən Rusiyanın öz strateji tərəfdaşı Ermənistanla "faktiki hərbi vəziyyətdə olan" Azərbaycana külli miqdarda müasir silah növləri tədarük etdiyini bir daha xatırladır. Və, əlbəttə, rəsmi İrəvan tərəfindən bu məsələnin danışıqlar gündəminə gətirəcəyinə "cəsarət" edəcəyinə dair şübhə edilir.
Ermənistanın iyulun birində Avrasiya İttifaqına daxil olması haqqında saziş imzalanacağı da daha etimad doğurmur.
"Lragir" internet nəşrinin siyasi icmalçısı Rusiya XİN rəhbərinin İrəvandan əvvəl Bakıya səfər etdiyini xatırladaraq, Moskvanın Azərbaycanı Avrasiya İttifaqına çəkmək cəhd etdiyini ehtimal edir. Və bunun qiyməti Moskva ilə Bakı arasında Qarabağla bağlı Ermənistanın maraqlarına zidd sövdələşmə ola bilər, - "Lragir" yazır.
Onu da bildirək ki, Rusiya-Ermənistan əməkdaşlığı Ermənistanın xarici aləmlə münasibətlərinin inkişafını da məhdudlaşdırır. Ötən ilin dekabrında prezident Vladimir Putinin İrəvana səfəri əsnasında imzalanmış bir sıra sazişlər Ermənistanın enerji ehtiyaclarını sərbəst təmin etmək imkanından məhrum edir.
O zaman imzalanmış sazişə əsasən, Ermənistan 30 il müddətində heç bir başqa şirkətdən qaz idxal edə bilməz. Hətta Ermənistanda istehsal olunan elektrik enerjisinin başqa ölkəyə ixrac edilməsi üçün Rusiyanın razılığı olmalıdır.
Sazişin 7-ci maddəsinə əsasən, Ermənistanda "Qazprom" şirkətinin hüquqları və maraqlarını poza biləcək yeni qanun və ya qərar da qəbul oluna bilməz.
Ermənistanın İrandan çəkilmiş qaz kəməri ilə daha ucuz qiymətə qaz almaq imkanı verir, hətta İran tərəfi bir neçə dəfə buna açıq işarə edib, lakin İrəvan bunu etmək iqtidarında deyil.
Daha bir problem, Ermənistan KİV-lərinə görə, Ermənistanın başqa ölkə və təşkilatlarla münasibətlərinin Moskvanın xarici aləmlə münasibətlərindən asılı vəziyyətə düşməsidir.
Hazırda Ermənistan NATO ilə əməkdaşlıq edir, Ermənistan hərbi kontingenti Əfqanıstanda NATO-nun sülhməramlı əməliyyatlarına cəlb olunub.
Lakin bu günlər Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja təşkilatın NATO ilə "dialoqu dayandırmaq" haqqında qərar qəbul etdiyini bəyan edib.
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Hovhannisyan Ermənistan-NATO proqramı üzrə əməkdaşlığın razılaşmalara əsasən davam etdiyini bildirsə də, təhlilçilər KTMT çərçivəsində NATO ilə əməkdaşlığın dayandırılmasının yaxın gələcəkdə Ermənistanın NATO ilə birbaşa əlaqələrinə təsir etməyəcəyində şübhələnirlər.
Ermənistan-Rusiya münasibətlərində bu və digər ziddiyyətlər ətrafında mülahizələrə sosial şəbəkələrdə və qeyri-rəsmi KİV-lərdə tez-tez rast gəlmək olar, lakin bu məsələlərin Rusiya xarici işlər nazirini Sergey Lavrovun danışıqlar gündəliyinə daxil edilib-edilmədiyi məlum deyil.
Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Edvard Nalbəndyanla danışıqlardan sonra bəyan edib ki, Moskva həm ikitərəfli formatda, həm də Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır.
"Problemin həlli üçün baza var, prinsiplər var və mühümdür ki, bu prinsiplər razılaşdırılıb. İndi onların faktiki həyata keçirilməsinin parametrlərini və nizamlanmanın ardıcıllığını işləyib hazırlamaq lazımdır" - deyə Lavrov bildirib.
Rusiya xarici işlər naziri Moskvanın prezidentlər arasında birbaşa dialoqun davamına və mövcud "ziddiyyətlərin həllinə" çalışacağını deyib.
"Rusiya münaqişənin həllini yaxınlaşdıran istənilən səyləri dəstəkləyir. Fransalı həmkarlar bütün nizamlama prinsiplərinin praktiki dilə çevrilməsinə kömək edəcək ideyalar irəli sürürlər" - deyə nazir əlavə edib.
Rusiya XİN rəhbəri qeyd edib ki, onlar da öz tərəflərindən bütün səyləri göstərəcəklər və "hazırlanmış görüşlər nə qədər müntəzəm olsa, nə qədər çox səy göstərilsə proses o qədər dinamik xarakter alacaq".
Lavrov əlavə edib ki, Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinə də dəstək verməyə hazırdır. Rusiya xarici işlər naziri bu barədə jurnalistlərin sualına cavab olaraq bildirib. O, əlavə edib ki, bu məsələdə əsas söz tərəflərindir.
Xatırladaq ki, Fransa prezidenti Fransua Olland bu ilin mayında Bakıya və İrəvana səfərləri zamanı Qarabağ münaqişəsi tərəflərinə münaqişənin nizamlanmasına dair təkliflər təqdim edib. Həmin təkliflər barədə mətbuata heç nə məlum deyil.
Bununla belə məlumdur ki, Olland Azərbaycan və Ermənistan prezidentlərini həmin təkliflərə dair danışıqlar aparmaq üçün Parisə dəvət edib. Azərbaycan tərəfinin bu danışıqlara razı olduğunu göstərən əlamətlər var. Ermənistanın isə Ollandın təkliflərinə necə yanaşdığı məlum deyil.
Digər tərəfdən, Lavrovun bəyanatı Rusiyanın da bu təkliflərə müsbət baxdığını və Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların bərpası üçün Fransa ilə işləməyə hazır olduğunu göstərir. Belə olan halda Ukrayna böhranından sonra keçmiş sovet məkanında mövqelərini sürətlə itirməkdə olan Birləşmiş Ştatların Qarabağ münaqişəsində fəallaşmaq cəhdləri boşa çıxmış olur.
Bu ilin mayında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda ölkəsinin Qarabağ münaqişəsinin həllinə dair mövqeyini açıqlamışdı və Vaşinqton danışıqlar prosesində təşəbbüsü ələ almağa cəhd göstərmişdi. Lakin Vaşinqtonun təşəbbüsünə nə Bakıdan, nə də İrəvandan dəstək gəlmədi.
Politoloq Vəfa Quluzadənin fikrincə, Rusiya prezidenti rəsmi Bakıya Gömrük İttifaqına daxil olacağı təqdirdə Ermənistanla sülh prosesi başlaya biləcəyini söyləyə bilər: "Yaxud bu qarantiyanın əsası 1-2 rayonun boşaldılmasından başlaya bilər. Burada sözsüz ki, Rusiyanın sülhməramlı məsələləri də ortalığa gələ bilər. Rusiya öhdəlik götürə bilər ki, 7 rayonu boşaldıb öz sülhməramlılarını ora yerləşdirir. Mən inanmıram ki, Rusiya 7 rayonu öz nəzarəti olmadan işğaldan azad etmək arzusunda olsun. Bax, bu variantlar mümkündür, başqa bir şey gözləmirəm. Ermənilər üçün heç bir kritik vəziyyət yaranmayıb. Ermənistan qeyri-qanuni olaraq Rusiya ilə bərabər Azərbaycanın 7 rayonunu viran qoyub. Sözsüz ki, Rusiyanın siyasəti Azərbaycanı Gömrük İttifaqına qoşmağı tələb etsə, Moskva buna gedə bilər. Amma Azərbaycan buna getməməlidir. Azərbaycan futbol meydançasında olduğu kimi bu məsələdə də bütün sahəni görməlidir. Baxmalıdır ki, Putin Krımı işğal edəndən, Rusiya Ukrayna ilə müharibəyə başlayandan, ora gizlicə silah-sursat, ağır texnika göndərəndən sonra vəziyyət daha da gərginləşib. Bunun ardınca aktiv müharibə fazası başlayacaq. Fakt budur ki, İkinci Dünya müharibəsi ərəfəsində Hitlerə münasibət necə idisə, indi Putinə də münasibət o cürdür. Amma Putinlə ittifaqa girməyimiz bizə baha başa gələ bilər. Çünki Avropa ilə Amerika birləşib Putin rejiminin əleyhinə dirəniş göstərəcək. Nəticə etibarilə Putin tərəfi uduzan tərəf olacaq. Gömrük İttifaqına daxil olsaq, biz də Rusiya ilə bərabər məğlub duruma düşəcəyik. Necə ki, o vaxt faşist Almaniyasına qarşı bütün dünya birləşmişdi, indi də Rusiyaya münasibətdə vəziyyət eynidir".
Erməni politoloq Qalust Qriqoryanın fikrincə isə Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına üzv olmağa cəlb etməyə gücü çatmır: "Həmişə olduğu kimi Rusiyanın gücü ancaq Ermənistana çatır və əlinə düşən hər fürsətdə onu cəzalandırır. Lavrov Bakıda bir daha bəyan etdi ki, Ermənistan yeni birliyə BMT-də tanınan sərhədləri ilə daxil olacaq. Bu o deməkdir ki, başqa bir ölkənin xarici işlər naziri bizim dövlətə nəyi necə etmək barədə göstəriş verir. Sanki Ermənistan Rusiya Federasiyasının tərkibinə daxil olan subyektlərdən biridir. Vaxtilə Sürixdə də belə olmuşdu. Amma həmin vaxt Lavrov Sarkisyana yox, Nalbandyana göstəriş vermişdir".