Bərzanidən “kürd dövləti” mesajı Dünya

Bərzanidən “kürd dövləti” mesajı

Türkiyənin Suriya və İraq siyasəti iflasa uğrayıb

Cavid

İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani muxtariyyətin müstəqillik haqqında referendum keçirməyə hazır olduğunu bildirib. Bu barədə Türkiyənin Anadolu agentliyi xəbər yayıb.
Barzani İraqda hazırda ciddi siyasi xaosun hökm sürdüyünü deyib: "İraq ordusu ölkəyə nəzarəti itirib. Muxtariyət hər zaman ölkənin bütövlüyünü dəstəkləsə də, kürdlərin qorunması məqsədilə müstəqillik haqqında referenduma hazırdır".
Onun sözlərinə görə, İraqda baş verən qanlı toqquşmaların tək səbəbi hakimiyyətin sünni müsəlmanlara və digər siyasi qruplara qarşı birmənalı siyasəti olub. Bərzani onu da qeyd edib ki, ölkənin Baş naziri Nuri Əl Maliki istefaya getməlidir.
Xatırlalaq ki, iyunun 10-da "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının silahlıları İraqın Mosul şəhərini, bir neçə yaşayış məntəqəsini zəbt edib. İyunun 16-da isə İŞİD terrorçuları İraqın Telafer şəhərində nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terroçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.
İŞİD tərkibində sabiq prezident Səddam Hüseyn zamanında hakim partiya olan rejimin süqutundan sonra isə qadağan edilən BƏƏS-in (Ərəb Sosialist Partiyası) hərbiçiləri yer almaqdadır.
Bərzaninin açıqlamasından göründüyü kimi İraqda baş verən son olaylarda nəticə etibarilə kürd faktoru önə çıxarılır. Ümumiyyətlə, İŞİD-lə bağlı Qərbin tutduğu ikili mövqe də Bərzaninin referendum niyyətinin arxasında AB və ABŞ-ın strateji planlarının dayandığı ortaya çıxır. Və nə yazıq ki, Türkiyədəki AKP hakimiyyəti İraqda 3 milyonluq türkmənin hüquqlarını tanımayan, Suriyada 2 milyon və İranda 40 milyon türkü inkar strategiyasını həyata keçirən Qərbin daha dərin siyasi oyunlarında vasitəyə çevrilib. Artıq Türkiyə, İran, Suriya və İraq torpaqlarının bölünərək, bu hesaba "Kürdüstan federativ dövləti" yaradılması barədə Qərb mətbuatında açıq şəkildə fikirlər səslənməkdədir. Sözdə bu hədəflərə qarşı olduğunu hər addımda elan edən AKP-nin Ana Yasasını dəyişdirmək niyyəti də əslində Qərbin bölgədəki Orta Doğu Projesinə cavab verir.
Uzun illərdir Suriya, Türkiyə, İran və İraqa qarşı "kürd separatizmi" siyasəti mərkəzləşdirilmiş qaydada Belçikanın paytaxtı Brüsseldən (həm də Avropa Birliyinin paytaxtı) idarə olunub. "Kürdüstan Xalqlarının Azadlıq Ordusu", "Kürdüstan Demokrat Partiyası", PKK və digər hərbi-terrorçu qruplar Qərbin planına uyğun şəkildə kürdlər üçün Türkiyədən 200 min kv.km, İrandan 160 min kv.km, İraqdan 75 min kv.km və Suriyadan 15 min kv.km tutumunda ərazi hesabına dövlət yaratmaq planlarının reallaşdırılmasına çalışıblar.
AKP iqtidarının apardığı "açılım siyasəti" isə ölkəni nəticə etibarilə federallaşma və bunun ardınca isə bir neçə dövlətə bölünmə təhlükəsilə üz-üzə qoyur.
Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini Rəşad Doğru bildirib ki, Böyük Yaxın Şərq Layihəsinin tərkib hissəsi olan Suriya olayları bölgədə tarazlığı dəyişməyə başlayıb. AKP iqtidarının ilk illərində ABŞ və koalisiya müttəfiqlərinin İraqı işğal etməsi ilə Şimali İraqda kürdlərin lehinə fərqli vəziyyət yaradıldı. Peşmərgə rəhbərləri Tələbani və Bərzani birgə Şimali İraqda faktiki olaraq "kürd dövləti"ni qurdular. Türkiyə hökuməti də bu "qurumu" dolayısilə tanıdı: "İndi də sərhədimizdə yeni-yeni hadisələr baş verir, Hakkarinin Dağlıca bölgəsində silahlı qüvvələrimizin vertolyotu şübhəli şəkildə vurulur, əsgərlərimiz şəhid olur. Şəhid cənazələri, yaralılar... Ürəyimiz bir yanğınla yanarkən, yeni bir yanğın çıxır. Yalnış siyasət yürüdüldü və AKP-nin Suriya siyasəti çökdü".
Politoloq Zərdüşt Əlizadənin fikrincə, Suriyada müxalifətçi olduqlarını deyənlərlə onlara dəstək verənlər arasında olan problemlər oradakı problemin həll olunmaması və müddətin uzanması səbəbindən yaranır: "Belə bir ölkələrdən biri də Türkiyədir. AKP hakimiyyəti elə bilirdi ki, Bəşər Əsəd geri addım atmalı olacaq ona görə də belə kəskin mövqe tutmuşdu. Amma indi görür ki, Suriya dəlixanaya çevrilib, ölkə dağılır. Suriyada başlayan qarşıdurmalara görə Türkiyə ən azı 20 milyard dollar itirdi. Qarşıdurmalardan əvvəl Türkiyənin Suriya ilə ticarət əlaqələri, böyük investisiyaları var idi. Böyük mənfəət götürürdülər. 20 milyarddan əlavə siyasi problemlərdə yarandı. Bundan başqa kürd problemi daha da mürəkkəbləşməyə başladı".
Politoloq Zamin Axundovun fikrincə isə Suriyada idarə olunan xaos, fundamental islam fenomeni konteksində, geosiyasi təriqətlər fonunda prinsipal mövqelər formalaşdırır. Suriya üzərindən geosiyasi müharibəyə de-fakto qoşulmuş dövlətlər - İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı və Livan strateji xaos nəzəriyəsi müstəvisində müharibəni regionlaşdırır. Proseslərin geosiyasi təriqətlər fonunda inkişafı, lokal regionlar üzrə yayılma tendensiyası, idarə olunan xaos modelinin praktiki təzahürlərini analiz etmək imkanı yaradır. Geosiyasi xaos həm də intelektual, klassik hərb modelinin konseptuallığını nümayiş etdirir.
Suriyada lokal müharibəni, pərdə arxasında daha böyük oyunçular aparır. Regiona birbaşa daxil olmadan müxtəlif mövqeləri dəstəkləyən fövqəldövlətlər, ideoloji- siyasi mərkəzləri qarşı-qarşıya gətirməklə regional proseslərə təsir edir: "Türkiyənin daxili ideoloji sistemi bütün region üçün heyranlıq mənbəyidir. Ankra regionun siyasi mənzərəsinə daxili sistemi vasitəsilə təsir edir. Bu ölkə Suriyada, ümumiyyətlə Yaxın Şərqdə, Orta Asiya və Qafqazda hüquqi dövlət modeli və demokratik siyasi sistemi ilə bir çox proseslərə müdaxilə edə bilir. Onun üçündür ki, Türkiyənin mövqeyi xüsusilə Suriya məsələsində həzm olunandır. Regional müstəvidə, Türkiyənin mövqeyi demokratikdir. Ancaq Ankara təsirlərini beynəlxalq hüquq prinsipləri çərçivəsində müəyyən etdikcə, bu mövqe sağlam hesab oluna bilər.
Paralel müstəvidə, müasir Türkiyədə siyasi sistem getdikcə mürəkkəbləşir. AKP, siyasi islam cizgilərində hərəkət edən və sünnü məhzəb kateqoriyasında tarixi proseslərin və narativlərin təsirlərinə məruz qalan partiya kimi nəzərdən keçirilir. AKP regional proseslərə məzhəb konteksdə yanaşır. Onun üçündür ki, Türkiyənin Suriya münaqişəsinə mövqeyi daha çox məzhəb müstəvisində dərk olunur. Bu ciddi yanlışlıqdır. Xüsusilə bü cür yanaşma müasir Türkiyənin Avropaya Birliyinə inteqrasiyasını ləngidə bilər. Qərb Osmanlı fəlsəfəsinə qaydış hesab etdiyi bu tip siyasi baxışı fokuslaşdıra və nəticədən asılı olmayaraq Türkiyənin Avropa birliyinə younu müəyyən müddətə bağlaya bilər. Onun üçündür ki, Kamalizmin ruhunda tərbiyə olunan kalssik Türkiyənin siyasi sistemini və onun müəyyən etdiyi prinsipləri xarici siyasətdə təbiq etmək uğurlu strateji uduş ola bilər. Türkiyə Suriya məsələsində məzhəb siyasətindən maksimum kənarda qalmalıdır. Əslində Türkiyənin regional liderliyini demokratiya sədaqət, sekulyar sistem müəyyən edəcək. İraq və Səudiyə Ərəbistanı kimi ölkələrin regiona təsiri və onların Suriyadakı geosiysi məzhəb müharibəsinə təsiri, ölüçülüb biçilmiş formadadır. Onlar bu prosesdə Qərbin planlarını həyata keçirir. Bunu edərkən isə Türkiyənin, İranın və s. faktorların təsirlərini neytralaşdırmağa çalışırlar".