ABŞ Rusiya və Türkiyə ilə “dil” tapmağa çalışır Dünya

ABŞ Rusiya və Türkiyə ilə “dil” tapmağa çalışır

Qabil Hüseynli: "Dünyada sülh prosesini inkişaf etdirə biləcək nəticələrə gəlinməyib"

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşün nə nəticə ilə başa çatdığını söyləmək çətindir. Bunu iki ölkə liderinin görüşünü şərh edən politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, V.Putinin görüşə 1 saat gecikməsi görüşün özündə də hansı manerada olacağını aydın surətdə göstərdi: "Bura Trampın beynəlxalq görüşlərdə, danışıqlar prosesində o qədər səriştəli olmamasını və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da jurnalistlərin suallarını cavablandırmaqdan imtina etməsini əlavə etsək, belə nəticə yaranır ki, görüşdə dünyanı rahatladacaq və dünyada sülh prosesini inkişaf etdirə biləcək nəticələrə gəlinməyib. Xüsusən, tərksilah problemi, sürətlə silahlanmanın qarşısının alınması və "Soyuq müharibə" dövrünə girilməməsi üçün kompromislərin əldə edilməsi məsələsi üzrə görüş nəticəsiz bitib. Yəni, tərəflər sadəcə olaraq bir-birini günahlandırmaqla nə ciddi tərksilah problemləri, nə də regional münaqişələrin həlli barədə ümumi razılığa gələ bilmədilər. Bu, xüsusilə Suriya probleminə aiddir. Suriya məsələsində ABŞ-ın mövqeyi BMT-nin mövqeyi ilə tam üst-üstə düşür. ABŞ-ın Suriyada həm münaqişənin dayandırılması, həm də orada sülhyaratma prosesinin inkişaf etdirilməsi üçün Astana prosesi ilə Cenevrə prosesinin birləşdirilməsi və vahid nizamasalma mexanizminin yaradılmasına dair təklifləri Rusiya tərəfindən qəbul edilmədi. Beləliklə, Suriyadan nə qoşunların çıxarılması, nə də orada möhkəm təminatlı sülhün yaradılması prosesində mövqelər bir-birinə yaxınlaşa bilmədi".
Q.Hüseynli qeyd edib ki, eyni sözləri Ukrayna məsələsində də söyləmək olar: "Özü də Ukrayna məsələsi görüşdə müzakirə edilən ən son məsələ olub. Bu görüş ərəfəsində Trampın Ukrayna məsələsinə dair uğursuz bəyanatları Putinin bu məsələdə sərt mövqe nümayiş etdirməsinə kifayət qədər şərait yaratdı. Ona görə də belə qənaətə gəlmək olar ki, Krım məsələsi bir yana, şərqi Ukraynada proseslərə Rusiyanın rəvac verməsi və burada Rusiya qoşunlarının iştirakı, Minsk razılaşmasının müddəalarının yerinə yetirilməsi məsələsində Moskva geri çəkilmədi. Beləliklə bu məsələ də bütün nüansları ilə müzakirə olunmadı və nəticəsiz bitdi".
İran məsələsinə gəldikdə isə politoloq deyib ki, Putin Trampın təklifini dərhal geriyə çevirib və bu məsələ ətrafında hər hansı müzakirə açmaqdan imtina edib: "Buna baxmayaraq ABŞ tərəfi İrana qarşı sanksiyaları davam etdirəcəyini, İran ətrafını həlqəni daraldacağını bildirsə də, Rusiya tərəfi bunu rəğbətlə qarşılamadığını, hətta bunun yanlış olduğunu bilavasitə Trampın özünə xatırladıb".
Politoloq bildirib ki, bu görüş Rusiyanın əvvəlki ampluada beynəlxalq münasibətləri davam etdirməyin tərəfdarı olduğunu göstərdi: "Görüş Rusiyanın regional dövlət statusundan super dövlət statusuna can atmasını və hətta özünü superdövlət kimi görməsini aydın surətdə təzahür etdirdi. Həmçinin, göstərdi ki, Rusiya həm sürətlə silahlanma, həm yeni silahların yaradılması, beləliklə də beynəlxalq gərginliyin artırılması istiqamətində əvvəlki fəaliyyətini davam etdirəcək".
Q.Hüseynli D.Trampın isə ölkəsində ciddi tənqidlə üzləşəcəyini vurğulayıb: "Çünki onun mətbuat konfransında "danışıqlar hamının xeyrinə oldu" deyərək nikbinlik yaymağa çalışması, üstəlik Rusiya ilə münasibətlərin gərginləşməsində hər şeyi əvvəlki ABŞ administrasiyasının üzərinə yıxması, zənnimcə uğurlu yanaşma deyildi. Bu, daha çox özünütənqid və Amerikanın Rusiya ilə münasibətlərin gərginləşməsində az qala əsas günahkar olmasının etirafı kimi yozulnmaqdadır. Bütün bunlar ABŞ KİV-ləri tərəfindən hiddətlə rədd edilməkdədir".
Bununla belə Q.Hüseynli görüşün baş tutması ümumən müsbət hadisə olduğunu vurğulayıb: "Danışıqların davam etdirilməsi haqqında ümumi razılıq əldə edildi, amma iki böyük dövlət rəhbərinin belə nəticəsiz görüşlərinin ümumi sülhə, əmin-amanlığa və beynəlxalq təhlükəsizliyə nələrsə verəcəyini söyləmək çox çətindir".
Bu arada politoloq Rəcəb Tayyib Ərdoğanın Qərblə münasibətlərdə, xüsusilə ABŞ-la bağlı sərinliyi aradan qaldırmaq istiqamətində cəhdlər etdiyini də qeyd edib. O bildirib ki, artıq Gülənin ABŞ-dan ekstradiyası ilə bağlı danışıqlar aparılır: "Bu danışıqların müsbət nəticə verə biləcəyi ehtimal edilir. ABŞ Türkiyədən İzmirdə həbs edilmiş və kəşfiyyatçı kimi təqsirləndirilən keşişi istəyir. Bunun müqabilində isə Türkiyə Gülənin verilməsini tələb edir. Zənnimcə, bu məsələdə qarşılıqlı anlaşma ola bilər. Bu da Türkiyə-ABŞ münasibətlərindəki qarşıdurmanı səngidər. Çünki Gülənin Türkiyəyə verilməsi bir çox məsələlələrə, xüsusilə 15 iyul çevrilişə cəhd məsələlərinə işıq salacaq addım olar".
Politoloq qeyd edib ki, bugünlərdə Ərdoğanın Putinlə də telefon danışığı olub: "Putinlə telefon danışığı zamanı Suriyadakı Bəşər Əsəd qüvvələrinin dinc əhaliyə qarşı yönəldilmiş hərəkətləri müzakirə edilib. O zaman Ərdoğan Putinə bildirmişdi ki, əgər Əsəd bu cür hərəkətlərini davam etdirsə, onda biz Astana prosesini dayandıra bilərik. Bu isə Putinə ABŞ-ın başçılığa ilə aparılan Cenevrə konfransına qoşula bilərik eyhamı idi. Çox güman ki, Tramp bu məsələni nəzərə alır. Tramp Suriya məsələlərinin müzakirəsində iki prosesin mövcud olmasının məzmunsuz olduğunu bildirir. Bunun bir proseslə əvəzlənməsini təklif edir. Ola bilər ki, bu istiqamətdə müəyyən razılaşmalar da ortaya çıxsın. Zəif ehtimal da olsa, bunu deyim. Çünki Putinlə Trampın görüşündə, ardıcıl olaraq, həm NATO-nun şərqə doğru irəliləməsi, həm də Suriya prosesləri müzakirə edildi".
Politoloq vurğulayıb ki, Suriya məsələsində ABŞ Cenevrə prosesinin ağırlıq qazanmasını və Astana prosesinin dayanmasını istəyir: "Astana prosesinə də əsas məzmun verən tərəf Türkiyədir. İran burada təmsil olunsa da, onun təmsilçiliyi böyük əhəmiyyət kəsb etmir. Tramp çalışır ki, Türkiyəni Astana prosesindən uzaqlaşdırsın. Çünki ABŞ indiyə qədər həm Afrin məsələsində, həm də Menbiç əməliyyatlarında Türkiyəyə yaşıl işıq yandırmışdı. Faktiki olaraq, ABŞ Türkiyəyə Suriya məsələsində ciddi güzəştlər edib. Zənn edirəm ki, Tramp bu güzəştlərin cavabının qaytarmaq vaxtının çatdığını düşünür".
Politoloqun sözlərinə görə, Suriya məsələsində iki prosesin aparılması Suriya xalqına və Suriya dövlətinə də ciddi zərbə vurur: "Bu məsələlər bir kontekstdə birləşdirilsə, dövlətlər öz strateji maraqlarını güdmədən burada normal vəziyyətin yaradılmasına cəhd etsələr, bu, ümumi işin xeyrinə ola bilər. Tramp Ərdoğanı artıq özünə müttəfiq görməyə başlayıb". Qeyd edək ki, dünən Tramp-Putin görüşündən əvvəl ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.