Rusiya Ermənistana olan dəstəyini dayandıracaq Dünya

Rusiya Ermənistana olan dəstəyini dayandıracaq

"Ermənistanı Ukraynalaşdırma yanaşması ilə razı deyiləm. Çünki Ermənistanın nə daxili, nə xarici potensialı, nə beynəlxalq münasibətlərinin səviyyəsi, nə də Ermənistanda gedən proseslərin ümumilikdə xarakteri Ukraynada baş verənlərlə eynidir".
Bu sözləri açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, Ukraynadakı prosesləri əvvəlki mərhələdə daha fərqli formada izləmişdilər:
"Hətta Ukraynada Yanukoviç rusiyapərəst siyasətçi kimi qiymətləndirilsə də, onun dövründəki Ukrayananın siyasətini belə Sərkisyanın dövründəki Ermənistan siyasəti ilə müqayisə etmək ağırdır. Çünki Yanukoviç müstəqil Ukraynanın prezidenti idi. Amma Ermənistanın daxili və xarici siyasətinin xarakteri Sərkisyan dövründə də Rusiyanın iradəsindən asılı idi. Ermənistanın Ukraynaya bənzədilməsi Ermənistanın imicinin Qərbdə yaxşılaşdırılmasına kömək edə biləcək amillərdəndir. Bu, hətta Rusiyanın özündə belə Ermənistanla bağlı daha müsbət imicin yaranmasına töhfə verə bilər. Bununla razı deyiləm. Ermənistanda hakimiyyət dəyişsə də, yürüdülən siyasətin mahiyyəti dəyişməyib".
Ekspert Ermənistanın NATO və ya AB-dən yardım alaraq dirçəlmək yolunu seçəcəyinə də münasibət bildirib:
"Bunlarla bağlı mövqeyim fərqlidir. Keçmiş sovet respublikaları içərisində Ermənistan NATO yolunu seçməsi gözlənilən ən sonuncu dövlətlərdəndir. Ermənistanın NATO üzvlüyü fantastik ehtimaldır. Ermənistanın həm potensialı, həm coğrafi mövqeyi, həm də indiyə qədər keçdiyi yol etibarı ilə bunu demək mümkündür. Ermənistanın yaxın qonşusu Gürcüstan təcrübəsi mövcuddur. NATO üzvlüyünə meyil edəndə Gürcüstanda hansı proseslərin getdiyi məlumdur. Ermənistanın NATO üzvlüyünü Qərbdə hansısa dövlətlər istəsə, İrəvan üçün heç də yaxşı olmaz. Qərbdə bəzi dövlətlər bu məsələdə Ermənistanın maraqlarını düşünürlər. Onlar Ermənistandan uzaq mərhələdə istifadə etmək niyyətindədir".
Ekspert vurğulayıb ki, Ermənistan NATO üzvü olmaq istəsə, Rusiya Ermənistana olan dəstəyini dayandıracaq:
"Amma maddi baxımdan İrəvanın AB-dən faydalanmasını Rusiya da, erməni lobbisi də, Qərbdə müəyyən dövlətlər də istəyə bilər. Bu, bir çoxlarına sərf edər. Ancaq bu, Ermənistanın Avropa İttifaqına inteqrasiyası demək olmaz. Çünki AB-yə inteqrasiya nə Ermənistanda özünəməxsus "idarəetmə"ni davam etdirmək istəyənlərə, nə Rusiyaya sərf edir. Ona görə də Ermənistanın AB-yə inteqrasiya etməsi zəif ehtimaldır. Ermənistan daha çox AB-dən maddi baxımdan faydalanmaq məqsədi güdür. NATO-ya üzvlük prosesi isə onlar üçün ritorika olaraq qalar".
Ekspert qeyd edib ki, Ermənistan yenə də mövcud konyekturada daha çox Rusiyanın təsir dairəsində qalmağa davam edəcək:
"Qərbyönümlü siyasət və bunun təbliği isə daha çox görüntüdə aparılır".