“Türkiyə bu sınaqdan da üzüağ çıxacaq” Dünya

“Türkiyə bu sınaqdan da üzüağ çıxacaq”

Aqil Abbas: "Türkiyəni bölmək istəyənlərin buna gücləri çatmayacaq"


Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında gərginlik pik nöqtəsinə çatıb. ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq etməklə Türkiyəni iqtisadi böhrana sürükləmək və heç bir normal dövlətin qəbul etməyəcəyi şərtləri Türkiyəyə qəbul etdirmək üçün çalışır. Bu sanksiyalardan sonra lirə dəyərini itirməyə başlasa da Trükiyə hökuməti geri addım atılmayacağını, əksinə Vaşinqtona cavab addımları atılacağını bəyan etdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 16-cı simpoziumunda çıxış edərkən deyib ki, ABŞ-ın maliyyə sanksiyalarına qarşı edə biləcəkləri iki şey var: "Türkiyəyə qarşı açıq iqtisadi hücum var. Mütəşəkkil formada üstümüzə gəlirlər. Edə biləcəyimiz iki şey var: biri iqtisadi, digəri siyasi davranışdır. İqtisadiyyatın tələb etdiyi texniki tədbirləri gördük, görürük. Amerikanın elektrik məhsullarını biz boykot edəcəyik. Onların "Ayfon"u varsa, o biri tərəfdə "Samsunq" var. Öz ölkəmizdə "Vestel" var. Biz bunlardan istifadə edəcəyik. İşin arxasında başqa niyyətlər var. Özümüzə güvənirik. Biz sizinlə strateji ortaq deyilikmi? Somalidə bərabər olmadıqmı? Əfqanıstanda hər kəs bir tərəfə qaçarkən orada bərabər qalmadıqmı? Kosovada bərabər olmadıqmı? Bəs bu etdiyiniz nədir? Nə etmək istəyirsiniz? Amma bunu bilin, bu millətin xarakteri saga-sola sovrulan deyil. Fabriklərimizi çox işlədəcəyik, sərmayələrimizə ara verməyəcəyik. Dünya qazan, biz çömçə. Daha çox çalışacağıq…".
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım isə deyib ki, Türkiyə siyasi hesablarla edilən iqtisadi məcburiyyətlərə bağlıdır: "Dost, düşmən hər kəs bunu belə bilməlidir". B. Yıldırım bildirib ki, gedişatın təməli iqtisadi deyil, siyasidir: "Amerika rəhbərliyi müxtəlif sözlərlə, məsuliyyətsiz "tvit"lərlə istədiyini etdirmək əvəzinə, qanunlarımıza hörmət çərçivəsində çıxış yolu axtarmalıdır. Bu məsələdə ilk addım atmalı və tutarlı bir nöqtəyə gəlməli olan Amerika rəhbərliyidir".
Maraqlıdır, bu proseslər Türkiyə, dünya, bölgə, o cümlədən Azərbaycan üçün nə vəd edir?
Onu da qeyd edək ki, bir sıra dövlətlər, o cümlədən Almaniya və İtaliya kimi Avropa dövlətləri Türkiyəyə qarşı sanksiyanın qanunazidd olduğunu bildiriblər.
Deputat Aqil Abbas deyib ki, türk minillərin gün işığıdır, nə qədər basdırsan, yenə torpağın üstündə qalar: "Türkiyə qüdrətli dövlətdir, ona qarşı oyun qurulub, amma bu sınaqdan da üzüağ çıxacaq". Aqil Abbasın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini "böyük iyirmiliy"in sırasına qata bilib, nəhəng işlər görüb və bu işlərə davam edir: "15 iyul dövlət çevrilişinə cəhd Türkiyəni başıqapazlı etmək məqsədi güdürdü və Ərdoğana qarşı çevrilmişdi. Hazırda böyük oyunlar gedir, Türkiyəni bölmək istəyirlər, amma buna gücləri çatmayacaq.
Dollar 7 lirəni ötmüşdü, indi enməyə başlayıb. Bədbin deyiləm, inanıram ki, Türkiyə bu vəziyyətdən çıxacaq. Qardaş ölkə güclüdür və qüdrətli prezidenti var. Türk xalqı lazım olarsa, hətta ev-eşiyini satar, amma ölkəsini çətin vəziyyətdə qoymaz".
Millət vəkili xatırladıb ki, dəfələrlə Türkiyəyə qarşı oyunlar qurulsa da, reallaşmayıb: "Yenidən Türkiyə, Rusiya və İrana qarşı oyun başlayıb. Bir şeyi də nəzərə çatdırım ki, 38 ildir İrana qarşı embarqo qoyulub, amma bu, İranın xeyrinə olub, güclü dövlətə çevrilib, sualtı qayıqlar, 5 min km hücum qabiliyyətinə malik raketlər düzəldib. Bəli, İranın pulu taxtaya dönüb, bir dollar verib bir kisə pul alırlar, amma İran nə sınıb, nə də məhv olub, əksinə inkişaf edib. Belə şeylərlə Türkiyəni də sındırmaq mümkün deyil, hər şey yoluna düşəcək. Azərbaycan həmişəki kimi yenə də qardaş ölkənin yanındadır...".
Millət vəkili Tahir Mirkişili bildirib ki, sanksiyaların əsas mahiyyəti "İranla iqtisadi əməkdaşlıq edən heç bir dövlət Amerika ilə iqtisadi əməkdaşlıq edə bilməz" dir: "Sanksiyaların İran iqtisadiyyatına təsiri artıq hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır". Millət vəkilinin qənaətincə, statisik rəqəmlərə fikir versək Azərbaycan iqtisadiyyaında İranın payı kiçikdir: "2018-ci ilin 6 ayının yekunlarına baxsaq İranın Azərbaycanın xarici ticarət dövriyyəsində payı 1 faiz, ixracında payı 0.1 faiz, idxalında payı 2.9 faizdir. İran Azərbaycan iqtisadiyyatına bu günə qədər 3.1 milyard dollar investisiya yatırıb ki, bu da Azərbaycana qoyulan xarici investisiyaların 1.4 faizini təşkil edir. İran ilə qeyri-neft sektorunda birgə layihələr kimi, istismara verilmiş avtombil zavodunu və tikilməkdə olan əczaçılıq fabrikini göstərmək olar. Yəni, İranda baş verən iqtisadi prosseslərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri çox cüzi ola bilər. Amma bunlarla yanaşı, Azərbaycanın da İran ərazisində strateji iqtisadi maraqları var. Belə ki, Şimal-Cənub dəmir yolunun İran ərazisində tezliklə başa çatması üçün Azərbaycanın aktiv mövqe nümayiş etdirməsi, İran İqtisadiyyat Nazirliyinə bu məqsədlə 500 milyon dollar kredit ayırması bunlara sübutdur. Azərbaycan Abropa Birliyi, Rusiya və İran arasında tranzit rolu oynamaqdan strateji gəlir əldə etməyi hədəfləyir. İranda iqtisadi çətinlikərin olması bu layihənin başa çatmasında gecikmələrə səbəb ola bilər. Sadəcə geçikmələrə". Tahir Mirkişili deyib ki, İranda sabitliyin və rifahın olması hər zaman Azərbaycanın marağında olub: "İranda sabitliyin pozulması 100 minlərlə insanın Azərbaycan sığınmasına səbəb ola bilər ki, bu həm iqtisadi, həm də sosial cəhətdən arzuolunmazdır.
Ümid edirik ki, İran və ABŞ rəsmiləri daha uzaqgörən olaraq faciəvi nəticələrə gətirib çıxarmadan münasibətləri tənzimləməyi bacaracaqlar".

Əli