
ABŞ İŞİD terrorçularına qarşı 300 nəfərlik hərbi qüvvə göndərdi
CAVİD
İraqın Tikrit şəhərində özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran terrorçu qruplaşması ilə hökumət qüvvələri arasında yeni toqquşmalar davam edir. Məlumatlara görə, İraq ordusu havadan bir neçə hücum həyata keçirib. Döyüşlərdə prezident Səddam Hüseynin sarayı da vurulub.
Yerli mənbə BBC-ə deyib ki, terrorçular əks-hücum zamanı yaxınlıqdakı hərbi bazanın hissələrini də ələ keçiriblər.
Bu hücumlar İraq və Şamda İslam Dövləti (İŞİD) "xəlifəlik" yaratdığını elan etdikdən bir gün sonra baş verib.
Xatırladaq ki, srağagün İŞİD İraq və Suriya ərazisində xəlifəlik və ya İslam dövləti yaradıldığını bəyan edib.
Qrupun lideri Abu Bakr al-Bağdadi "xəlifə" və ya "bütün müsəlmanların lideri" elan edilib.
İŞİD öz nəzarəti altında olan ərazilərdə ciddi İslam qaydaları ilə idarəçilik həyata keçirməyə başlayıb.
Bu arada isə İraq ordusu zəbt edilmiş şimal şəhəri Tirkit üzərində nəzarəti bərpa etməyə çalışırlar. Qeyd edək ki, terrorçular şəhəri ötən ayın 11-də zəbt edib. İsrail isə İraqda İŞİD terrorçularının dövlət yaratmasına cavab olaraq kürd dövlətinin yaradılmasına çağırıb.
İŞİD "xəlifəlik"in sərhədlərinin Suriyanın şimalında yerləşən türkmənlərin yaşadıqları Hələbdən İraqın şərqindəki Diyalaya kimi genişləndirəcəklərini vəd edib. İŞİD-in lideri Abu Bakr al-Bağdadi özünü "Xəlifə İbrahim" adlandırıb.
Bu arada İŞİD terrorçularının İran ərazisinə keçməsi barədə xəbərlər yayılıb. Hətta bir neçə iranlı əsgəri öldürdüyü haqda məlumatlar yayılır. Lakin İran hüquq mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm İŞİD terrorçu qruplaşmasının İrana girdiyi haqda xəbərlərə münasibət bildirib.
İsmayıl Əhmədi Müqəddəm deyib ki, İranın silahlı qüvvələri İraqla sərhəd bölgələrində vəziyyətə tam nəzarət edir: "İŞİD-çilərin İrana girməsi xəbəri şayiədir. Əlbəttə, sərhəddə hansısa qruplaşmaya bağlı şəxslərlə qarşıdurma yarana bilər. Amma İŞİD-in İran ərazisinə girməsi haqda yayılan xəbərlər düzgün deyil. Bu qruplaşmanın yaxın günlərdə İrana və ya Məşhəd şəhərinə gəlib çatacağı haqda deyilənlər də tam mənasız söhbətlərdir. Bizim hazırda sərhədimizdə terrorçuluqla bağlı hər hansı bir məsələdən nigaranlığımız yoxdur".
İranın Xarici İşlər Nazirliyi isə ABŞ-ı İraqdakı böhranda və orada "yeni Ukrayna" yaratmaqda ittiham edib. Bu barədə ölkənin xarici siyasət idarəsi rəhbərinin müavini Hüseyn Əmir Əbdüllahiyan Moskvaya səfəri zamanı bildirib.
Onun sözlərinə əsasən, İraqdakı hadisələr xarici müdaxilə, o cümlədən ABŞ-ın xarici planlaşdırma layihəsidir. H.Əbdüllahiyan Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanovla danışıqların yekunu olaraq, rəsmi Tehranın rəsmi Moskva ilə birgə İraqa terrorçularla mübarizədə yardım üçün bütün zəruri tədbirləri görəcəyini qeyd edib.
Bu arada bəlli olub ki, ABŞ Bağdad aeroportu və digər əraziləri qorumaq üçün İraqa daha 300 hərbçi göndərib. Pentaqonun məlumatında bildirilir ki, bu tədbirlər İraqdakı ABŞ vətəndaşlarını və mülki əhalini qorumaq üçün görülüb: "Bu hava zərbələrinə hazırlıqla bağlı deyil".
ABŞ hökumətindəki mənbələrin məlumatına görə, Vaşinqton İraqdakı kürd bölgəsinin şimal-qərbində hərbi-əməliyyat mərkəzinin yaradılması məsələsinə baxır. Amerikalıların orada kürd peşmərgələr, yaxud Bağdadın tabeçiliyində olan hərbi birləşmələrlə əməkdaşlıq edəcəyi hələlik bəlli deyil.
İraq hökuməti isə qanlı toqquşmalar nəticəsində ölənlərlə bağlı statistik məlumat açıqlayıb. Məlumata görə, iyun ayı son yeddi il ərzində İraq üçün ən qanlı ay olub. İyun ayında terrorçular tərəfindən öldürülənlərin ümumi sayı 2 minə yaxınlaşıb. Ölkənin Səhiyyə, Daxili İşlər və Müdafiə nazirliklərinin məlumatına əsasən, onlardan 1393 nəfəri dinc sakin, 380-i hərbi qulluqçu, 149-u isə hüquq-mühafizə orqanı əməkdaşıdır: "Artıq bir neçə ildir, demək olar, hər gün İraqda terror aktlarının törədilməsi və silahlıların hücumları barədə məlumatlar daxil olur. Lakin 2007-ci ilin mayından etibarən ölkə ərazisində bir ay ərzində bu qədər insan itkisi qeydə alınmayıb".
Ölkədə yaranmış vəziyyət İraqın yeni parlamentində də böhran yaradıb. Belə yeni parlamentin ilk və həlledici iclası baş tutmayıb. "Əl-Cəzirə" telekanalının xəbərinə görə, parlamentin müvəqqəti sədri Mehdi əl-Hafiz bunu bir çox deputatın iclası tərk etməsi və bu səbəbdən də aparılan məsləhətləşmələrdə say azlığının yaranması ilə əlaqələndirib. Qeyd edək ki, İraq parlamentindəki siyasi cinahlar ölkə prezidentini, baş naziri və parlament sədrini seçməli idi.