Rusiya dünyaya meydan oxudu Dünya

Rusiya dünyaya meydan oxudu

Amma hansı güclə?

Cavid

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkənin hərbi gücününü artdığını, Kremlin müasir silahlarla təchiz edildiyini bəanlamaqla dünyanı hədələyib. Belə ki, o, "Rusiya ordusunun sahib olduğu müasir silahlar dünyanın heç bir ölkəsində yoxdur" deməklə dünyaya mesaj ünvanlayıb.
Rusiya Silahlı Qüvvələrinin 2020-ci ilə qədər əsasən müqaviləli hərbi qulluqçulardan ibarət olacağını söyləyən müdafiə naziri, rus ordusu haqqında mənfi fikir səsləndirənləri sərt tənqid edib. Krasnoyarsk şəhərində yerləşən Federal Sibir Universitetinin tələbələri qarşısında çıxış edən S.Şoyqo bildirib ki, Rusiyanın nüvə qalxanı əvvəlki kimi güclüdür: "Bunun üçün vacib olan hər şey edilir. Əlimizdə bir neçə min qırıcı təyyarə və helikopter var. Güclü raketlərə və hava hücumundan müdafiə sisteminə sahibik. Dünyanın heç bir yerində olmayan ən müasir zenit raket sisteminə sahibik. Gələn ildən çox ciddi bir silahın istehsalına başlayırıq. Rusiya Elmlər Akademiyasının elm adamları daim çalışırlar. Silahlarımızın hər il daha çox satılması və silah satışına görə dünyada ikinci ölkə olmağımız da təsadüfi deyil. Dünyada heç bir ölkədə olmayan ən müasir qırıcı təyyarələrlə ordumuzu təmin etmişik. Biz artıq tək deyil, kütləvi istehsala başlamışıq. Rusiyaya hərbi sahədə çatmaq çox çətin məsələdir".
Aparılan araşdırmalar, ekspert rəyləri isə başqa məqam və faktlardan xəbər verir. Belə ki, özünü super güc hesab edən Rusiyanın hərbi imkanları əsas rəqibi olan ABŞ-dan xeydi azdır.
Müqayisə üçün göstərmək olar ki, Uzaq Şərqdə Rusiyanın cəmi 5 atom sualtı qayığı varsa, ABŞ və Yaponiyanın birlikdə 29 atom sualtı qayığı, Rusiyanın 7 dizel sualtı qayığına qarşı isə ABŞ və Yaponiyanın 19 dizel sualtı qayığı var. Rusiyanın 1 kreyseri və 1 eskadra mina gəmisi, ABŞ-la Yaponiyanın 12 kreyseri və 64 eskadra mina gəmisi mövcuddur. Raket katerlərinin sayı Rusiyada 4, ABŞ və Yaponiyada isə 9-dur. Bu iki ölkənin 6 təyyarə gəmisi, 1 yüngül təyyarə gəmisi, 4 vertolyot daşıyan eskadra mina gəmisi, 21 keşikçi hərbi gəmisi, 24 desant gəmisi olsa da, Rusiyada bunların heç birindən yoxdur. Daha doğrusu, Rusiyanın yeganə təyyarə gəmisi rusların öz sözləri ilə desək, yarıhazır vəziyyətdədir. Rusiyanın cəmi 1 minatutan gəmisinə qarşı ABŞ və Yaponiyanın 24 belə gəmisi var.
Rusiya Çinlə də müqayisədə xeyli geri qalır. Rusiyanın 600 tankına qarşı Çinin 6 min tankı, 1800 PDM və BTM-ə qarşı 6 min bu növ hərbi texnikası var. Topların sayına gəldikdə, Rusiyada 900, Çində isə 10 mindir. Rus qoşularının sərəncamında 300 minaatan olduğa halda Çin ordusunda 10 min minaatan var. Təyyarələrin sayı ruslarda 330, Çində isə 1500-dür. Zərbə vertolyotlarının da sayında fərq böyükdür, Rusiyada 30, Çində isə 1000 belə vertolyot var.
Məsələn, Avropada ABŞ və NATO-nun 2 ordusu olduğu halda Rusiyanın Qərbdə və Şimal-Qərbdə ordusu, ümumiyyətlə, yoxdur. ABŞ və müttəfiqlərinin 23 diviziyasına qarşı Rusiyanın 3 diviziyası 84 briqada və bir o qədər də alayına qarşı 5 briqadası və 4 alayı var. ABŞ və NATO-nun tanklarının sayı 10 min, Rusiyanın isə 510-dur. Qərb qüvvələrinin 18 min 990 topuna qarşı rusların cəmi 1200 topu var. ABŞ və NATO-nun 543 gəmisinə qarşı Rusiya cəmi 88 gəmi çıxara bilər, Rusiyanın qanadlı raketi olmadığı halda qarşı tərəfdə qanadsız raketlərin sayı 2500-dür. ABŞ və müttəfiqlərinin təyyarələrinin sayı 3862 olsa da, Rusiyada 200-dən azdır.
Belə qüvvələr nisbəti ilə Rusiya bəzən ABŞ və NATO-ya buynuz göstərməyə çalışır. Ancaq hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiyanın nüvə silahı işlətməmək şərti ilə hansı vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil.
Müqayisə göstərir ki, Suriya və özünü ona dayaq hesab edən Rusiyanın hərbi qüvvələri ABŞ və müttəfiqlərinin qüvvələrindən müqayisəolunmaz dərəcədə zəifdir. Bu da Rusiyanın Aralıq dənizinin şərqində imkanlarını məhdudlaşdırır. Çünki Rusiya hərbi donanması ABŞ donanması qarşısında acizdir. Suriya ordusunu müharibəyə hazır vəziyyətə gətirmək üçün isə bir neçə il vaxt tələb olunur. Rusiyanın isə Dəməşq üçün indi etdiyindən artıq nəsə etməsi artıq mümkün deyil. Buna Moskvanın texniki imkanları çatmır. Hələlik Rusiyanın özü də postsovet məkanından kənarda hərbi əməliyyatlara hazır deyil.
Rusiya keçmiş SSRİ-nin super gücünü özünə qaytarmaq üçün dünyanın müxtəlif nöqtələrində hərbi texnikasının sayını artırmağa başlayıb. Kremlin ilk hədəfi əvvəlcə yaxın ətrafında güclənməkdir. Rusiya ABŞ-ı mübarizədən kənarlaşdırmaq üçün dənzi planlarını həyata keçirməyə səy göstərir. SSRİ dönəmində Rusiyanın kənarda cəmi iki dənizdə hərbi bazası vardı. Bunlardan biri Suriyanın Aralıq dənizindəki Tarsus, digəri isə Çin dənizində Vyetnama məxsus olan Kamran bazası idi. Bir müddət qabaq Rusiya Hərbi Dəniz Qüvvələri (RHDQ) komandanının mətbuata açıqlamasında Rusiyanın tezliklə Vyetnamdakı bazasını geri qaytaracağını bildirib. Rusiya planlarını həyata keçirə bilsə yaxın gələcəkdə Kuba və Hind okeanındakı Seyşel adalarında da hərbi bazalara sahib olacaq. Rusiyanın Qara dənizdə güclənmək cəhdləri isə ABŞ-la müqayisədə bu gün faktiki olaraq iflasa uğrayır. NATO 1999 və 2004-cü illərdə Qara dəniz ölkələrini - de-fakto Macarıstanla Rumıniyanı üzvlüyünə qəbul edərək dəniz hövzəsini Amerikanın təsir dairəsinə itələdi. Kreml beyin mərkəzinə görə, ABŞ kəşfiyyatının Qara dənizə sızması RF-nın dövlət təhlükəsizliyi üçün təhdiddir. Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini işğal etməsinin səbəblərindən biri də ABŞ-ın Qara dəniz planlarına müəyyən qədər əngəl törətməkdir. Bunun məntiqi nəticəsidir ki, Gürcüstan hələ də NATO üzvlüyünə qəbul edilmir. Rusiyanın dəniz hövzəsindəki yeganə dayağı Krım yarımadasının Sevastopol limanıdır. Rusiyanın Aralıq dənizindəki hərbi gücü yalnız Suriyadakı Tarsus limanı ilə məhdudlaşır. ABŞ burada da Rusiyanın qarşısına əngəl çıxarmağı bacarıb. İspaniya hökuməti ilə razılaşmaya əsasən ABŞ Cəbəllütariq boğazında 4 dənizaltı baza qurmaq razılığını alıb. 2021-ci ilədək ABŞ boğazda iri miqyasda hərbi bazaya sahib olacaq. Baza raketdən müdafiə sistemləri və döyüş təyyarələrilə təchiz ediləcək. İspaniya ərazini 2014-cü ildə Amerikaya verəcək. Rusiyanın son zamanlarda öz hərbi gücünü artırmaqda əsl məqsəd ABŞ-ın Yaxın Orta Şərq və Çin planlarının qarşısına onun qarşısını almağı bacaran qüvvə ilə çıxmaqdan ibarətdir. Həmçinin Kreml 1991-ci ildə SSRİ-ni parçalayaraq Rusiyanın bütün qüdrətini əlindən alan Ağ Evdən qisas almaq niyyəti güdür. Sosializm rejiminin parçalanmasından dərhal sonra ABŞ Rusiyanın bütün dənizaltı hərbi bazalarını məhv etmişdi. Məhz Moskva Vaşinqtonun bütün planlarını alt-üst etməklə 90-cı illərin əvvələrindəki itkilərini konpensasiya etməyə çalışır. Suriyanın Asiyaya açılan qapı olduğunu yaxşı başa düşən Rusiya ilk növbədə Suriyanın Aralıq dənizindəki Tarsus hərbi bazasının komplektləşdirməsinə önəm verir. Hətta Rusiya Tarsus limanında daimi hərbi qərargah yaratmağı planlaşdırır. Kreml Qərbin və ABŞ-ın səylərinə baxmayaraq Suriyanın Rusiya üçün Yaxın Orta Şərqdə ən böyük silah bazası olduğunu sübut etdi. Vladimir Putinə yaxın olan politoloqlar hər nə qədər Kremlin Suriyadakı iddialarını yalanlasalar da, rəsmi Moskva belə bir bazanın Rusiyanın xeyrinə olacağına inanır. Rusiya hakimiyyətinin ABŞ-a qarşı möhkəmlənmək siyasətinin əsas oyunçularından biri də Ukraynanın Krım yarımadasında Sevastopolda inşa etdirdiyi hərbi bazadır. Kreml bu səyləri ABŞ-ın Şərqi Avropaya yerləşdirdiyi raketdən müdafiə sistemlərinə qarşı şərti refleksidir. Rusiyanı isə indiki məqamda daha çox Suriya və İranın taleyi maraqlanıdırır. Moskva öz maraqlarını qorumaq üçün HƏMAS, İran, "Hizbullah"la da əlaqələrə girir. Digər tərəfdən RF prezidenti Vladimir Putinin göstərişinə əsasən Rusiya 2020-ci ilədək hərbi texnikaya 200 milyard dollar sərmayə xərcləyəcək. Buna qarşılıq isə təkcə ABŞ-ın hərbi büdcəsi 1 trilyon dollara yaxındır.
Onu da qeyd edək ki, Rusiyanın Hərbi Texnologiya Şirkəti silah ixracatını son 10 ildə üç qat artırıb, silahların ixrac dəyəri isə 15.2 milyard dollardır. Alınan sifarişlərin ümumi portfeli isə 46 milyard dollardan çoxdur. 15.2 Rusiya üçün fantastik rəqəm hesab olunur. Məlumat RHTŞ-ın prezidenti Aleksandr Fomin tərəfindən təsdiq edilib. Rusiyanın əsas silah bazarı Suriya, Əfqanıstan, Tanzaniya, Oman, Qana, Qazaxıstan və s.dir. Rusiya ümumilikdə 55 ölkə ilə silah ticarəti edir. ABŞ-ın silah ixracatının dəyərini təyin edən rəqəm isə 100 milyard dollardır. Amerika çox az sayda ölkə istisna olmaqla demək olar ki, bütün dünya ilə silah ticarətindədir. Rusiyanın Amerika ilə müqayisədə dünya ölkələrindəki əsgəri güclərinin olduğu dövlətlər olduqca azdır. Post-sovet məkanı (Azərbaycan, Gürcüstan, Latviya, Litva və Moldova istisna olmaqla) Rusiya canlı qüvvələrinin cəmləşdiyi əsas məkandır. Bu ərazilərdən başqa çox az sayda Suriya və İranda da rus əsgərləri mövcuddur. ABŞ-ın isə 150 ölkədə 350 mindən çox əsgəri var. Nüvə silahlarının sayında isə hər iki dövlət arasında açıq fərlər var. ABŞ-ın Rusiyadan 300-dən çox atışa hazır vəziyyətə gətirilmiş nüvə silahı var. "İCBM", "SLBM" və ağır bombardmançı döyüş təyyarələri daxil olmaqla ABŞ-ın cəmi 822 ədəd nüvə mərmisi var. Rusiyada isə cəmi nüvə silahının sayı 516 ədəddir. ABŞ-ın 1790 nüvə başlığı olduğu halda Rusiyada isə bu göstərici 1566-dır. Məlumatlar Stokholm Beynəlxalq Sülh İnstitutu tərəfindən dərc edilən məlumatlarda yer alıb. İnstitutun məlumatına görə isə İsrailin cəmi 80 ədəd nüvə mərmisi var. 80 rəqəmi də müəyyən mənada ABŞ-ın nüvə arsenalına daxildir. Çünki, ABŞ-ın xarici siyasət xəttini müəyyən edən əsas fiqur məhz İsraildir. Rusiya və ABŞ-ın hərbi gücünə səthi baxış bir daha onu sübut edir ki, rəsmi Moskva istənilən cəbhədə, siyasət masasında Vaşinqtona uduzmağa məcburdur. Çünki, ABŞ Qərbi, Şərqi Avropa, Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi-Şərqi Asiya, Avstraliya, Yeni Zellandiya, Yaponiya və demək olar ki, Avrasiya materikinin bütün nöqtələrindən Rusiyaya nəzarət edir. ABŞ-a Rusiya ilə mübarizədə üstünlük qazandıran əsas amillərdən biri də dünya ölkələrinin böyük əksəriyyətinin ABŞ-dan yana olmasıdır. Tam mənada demək olar ki, ABŞ bu gün demokratiya və super gücü ilə dünya dövlətləri üçün brenddir.