Prezident seçkisi ikinci tura qaldı Dünya

Prezident seçkisi ikinci tura qaldı

Gürcüstanda keçirilən prezident seçkisinin ilkin nəticələri böyük ehtimalla ikinci turun olacağını deməyə əsas verir. Məsələ burasındadır ki, prezidentlik uğrunda yarışan əsas iki namizəd lazım olan səsləri tam toplaya bilməyib.
"Novosti Qruziya" agentliyi xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır. Onlardan heç biri 50 faizlik səs baryerini aşa bilməyib.
Məlumata görə, Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini, David Bakradze isə 10,97 faizini toplayıblar.
Bu, prezident seçkilərində səslərin 99,57 faizinin hesablanandan sonrakı nəticələridir. Beləliklə, Gürcüstan seçkisində II tur keçiriləcək.
Salome Zurabişvili - 614 964 səs;
Qriqol Vaşadze - 599 662 səs;
David Bakradze - 174 555 səs.
Digər namizədlərin səs faizi isə çox aşağıdır.
Qeyd edək ki, Gürcüstandakı prezident seçkilərində 25 namizəd mübarizə aparsa da, əsas mübarizə yuxarıda adları çəkilən 3 nəfər arasında gedib.
Hakim "Gürcü arzusu" partiyası Fransa doğumlu keçmiş xarici işlər naziri, müstəqil namizəd Salome Zurabişvilini dəstəkləyir.
Eks-prezident Mixail Saakaşvilinin tərəfdarları olan müxalifətçilər isə digər namizəd Qriqol Vaşadzeni dəstəkləyir.
Yeri gəlmişkən, 3-cüc əsas namizəd David Bakradze artıq bəyan edib ki, II turda tərəfdarlarını Qriqol Vaşadzeni dəstəkləməyə çağırır.
Gürcü politoloq Gela Vasadze deyib ki, Saakaşvili-İvanişvili duelini birinci uddu.
"Gürcüstanda baş tutan seçkini 3 şəxs demokratik etdi: Qriqol Vaşadzenin seçki qərargahının rəhbəri Georgi Vaşadze (hazırda deputatdır – red.), seçkidə çalışan polittexnoloqlar komandasının rəhbəri Vitali Şklyarov və Rustavi-2-nin rəhbəri Nika Qvaramiyadır. Əgər müxalifətdən olan siyasətçilər fon yaratmağı bacaran peşəkarlara mane olmasalar, o zaman müxalifətin qələbəsi qaçılmazdır. Bunun üçün müxalifətin hər şeyi - çox güclü namizədi, KİV-in və QHT sektorunun və bütün müxalif siyasi partiyaların dəstəyi var. Şübhəsiz ki, Saakaşvili ilə İvanişvilinin şəxsi dueli idi və burada birinci qalib gəldi. Hələlik mübarizənin əsas hissəsi qarşıdadır", – deyə o bildirib.
Onun sözlərinə görə, seçkinin ikinci turu ərəfəsində hökumətdən müxalifətə qarşı provokasiyalar gözləmək mümkündür:
"Hər şeyi gözləmək olar. Burada maraqlı məqam odur ki, müxalifətin təşkilatçılığı, texnologiyaları və informasiya təminatı o səviyyədədir ki, istənilən provokasiya hakimiyyət üçün böyük reytinq itkisiylə nəticələnə bilər. Zaman dəyişib və biz hamımız demokratik cəmiyyət şəraitində yaşamağa adət etməliyik".
Seçki aktivliyinin aşağı olmasına gəlincə, Vasadzenin fikrincə, bu, daha çox siyasətçilərin pis fəaliyyyətinin nəticəsidir. Vasadze məhz buna görə insanların seçkiyə getmədiyini deyib.
O, müxalifətin özəlliklə şəhərlərdə hökumətin öz administrativ resurslarından istifadəsinə maneələr yarada bildiyini söyləyib.