ABŞ-Türkiyə münasibətlərində “İran düyünü” Dünya

ABŞ-Türkiyə münasibətlərində “İran düyünü”

Vaşinqton "sanksiyaları dəlməkdə" Ankaraya hansı güzəştlərə gedəcək?

ABŞ-Türkiyə münasibətlərində çox uzun müddət davam edən və sərt keçən qış şərtləri yaşadıq. Bir ara havalar o qədər sərtləşdi ki, ikitərəfli münasibətlərə buzlaşma dövrü gəldi, bütün səviyyələrdə, sanki, buzlaşma dövrü yaşandı. "Strateq" "Habertürk"ə istinadən yazır ki, hazırda, nəhayət, uzun müddət davam edən qış havası sona çatmış kimi görünür. Çox dərinə getmədən baxsanız, bu anda münasibətlərdə bahar havası var. Təbii ki, optimist olmalıyıq, lakin hər şeyi də öz axarına buraxmamalıyıq. Çünki bu havanın və əlverişli mühitin davam etməsi üçün iki tərəfin də öz üzərinə düşənləri yerinə yetirməsi lazımdır.
Bəri başdan bilək ki, bütün bu hava dəyişikliyinin sadəcə rahib Bransonun sərbəst buraxılması ilə bağlı olduğunu düşünmək yanlış olardı. Təbii ki, onun da təsiri var, ancaq yeganə səbəb o deyil. Ən azı, bunu söyləməliyəm ki, Branson sərbəst buraxılmasaydı, ABŞ əvvəlkindən də çox sərtləşməyə, yeni addımlar atmağa qərar vermişdi. Rəhbərlik daxilindəki bir qrup, əslində, bunu çox istəyərək də etməyəcəkdi, lakin artıq başqa çarənin qalmayacağı düşünülürdü. Ancaq bu məsələ ilə bağlı bəzi qərarlar alınarkən, bir tərəfdən də dövlət içində başqa hazırlıqlar da görülməkdəydi.
Rəhbərlik daxilində bir qrup "ABŞ-ın Türkiyə kimi bir ölkəni bundan artıq qarşısına almasının və münasibətlərin daha da sərtləşməsinin ölkənin uzunmüddətli milli təhlükəsizlik maraqlarına zidd olduğunu" səsləndirməyə başladı. Bu düşüncə rəhbərlik daxilində müxtəlif səviyyələrdə dilə gətirildi. Həmin günlərdə rəhbərlik daxilində Branson məsələsinin qəzasız-bəlasız ötüşdürüldüyü təqdirdə, iki ölkə arasındakı mövcud münasibətlərin qarşılıqlı olaraq sərtləşdirilməkdən çıxarılması istiqamətində qərar alındı.
Bəli, hazırda durum belədir. Rəhbərlik daxilində Türkiyə ilə münasibtələrin bundan artıq sərtləşdirilməməsini istəyənlər hazırda müzakirələrdə önə çıxmış durumda görünür. Lakin hələ ki, rəhbərlikdə əks görüşdə olanlar da yer alır. Onlar bu qərardan vaz keçilməsi və münasibətlərin təkrarən sərtləşməsi üçün, gələcəkdə şərtlər əlverişli olarsa, yenidən təzyiq etmək məqsədilə hazır vəziyyətdə gözləyirlər.
Bu səbəblə, münasibətlərin hazırkı mərhələsində iki tərəfin də bu qrupa fürsət verəcək səhvlər etməməsi və diqqətli olmasının lazım olduğu bildirilir. Bu baxımdan, bu gündən yeni mərhələ başlayacaq. Vaşinqtonda deyilir ki, "İrana qarşı sanksiyaların tətbiqi prosesi də nəzərə alınmalı və sərtlik tərəfdarı olan qrupa yeni bir gediş etməsi üçün fürsət verilməməlidir".
Türkiyəyə simpatiya ilə baxan Vaşinqtondakı mənbələr bu son məqamın çox önəmli olduğunu dəfələrlə vurğulayıblar. Bu üzdən, İrana qarşı tətbiq olunan sanksiyalarla əlaqədar məsələni bir az da açmağa ehtiyac duyuram. Vaşinqton, yeni mərhələsi bu gün başlayan İrana qarşı sanksiyaların tətbiq olunması prosesində aralarında Türkiyənin də yer aldığı 8 ölkə ilə bağlı bəzi istisnalar etməyə qərar verib.
Bunun mənası odur ki, daha öncə sanksiyaların "tam dözümsüzlüklə" tətbiq ediləcəyini söyləyən ABŞ, indi bəzi ölkələrə münasibətdə "dözümlü" davranacağını söyləyir. Yəni, iki ölkə arasındakı münasibətlərdə yeni yaranan əlverişli havaya görə, ABŞ Türkiyənin "Müəyyən bir nöqtəyədək sanksiyaları dəlməsinə göz yumacağıq" deməkdədir. Bu güzəştin səviyyəsi və müddəti, əslində, tam olaraq bu gün bəlli olacaq.
Ancaq rəhbərliyə yaxın olan mənbələr sərtlik tərəfdarı olan qrupun hazırda gözləməkdə olduğunu söyləyirlər. Türkiyə razılaşdırılan kriteriyalara əməl etməzsə və sanksiyalarla bağlı istisnanın miqyasını özü şərh edərək, birtərəfli qaydada genişlədərsə, Vaşinqtonda Türkiyə əleyhinə danışıqların başlaya biləcəyi bildirilir.
Məsələni mənə izah edən mənbə bu təhlükənin hər zaman mövcud olacağını, bu üzdən münasibətlər təkrar öz yerinə oturanadək həm Türkiyənin, həm də ABŞ-ın çox diqqətli və davamlı dialoq içində olmalarının lazım olduğunu söyləyib. Rəhbərliyə yaxın olan bu önəmli xəbər mənbəyim hazırda iki ölkə arasında mövcud olan əlverişli havanın davam etdirilməsi üçün qarşlıqlı anlayışın davamlı olaraq dialoqla möhkəmləndirilməsinin önəminə də işarə edib.