Türkiyədə seçki gərginliyi Dünya

Türkiyədə seçki gərginliyi

Arzu Hağıyev: "Türkiyə NATO-nu üzvüdür və regionda hərbi cəhətdən müstəqil qərarlar qəbul etmir"

Əli Orucov: "AKP türkmənlərin, Uyğurların, Güneydə əzilən azərbaycan türklərinin haqq səsinə dəstək verməyib?"

Əlirza Amanbəyli: "Türkiyənin Türk dünyasından uzqlaşması hamı üçün aydındır"

Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca namizədlər arasında rəqabət güclənir və gərginlik artır. AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan yenidən CHP-ni ittiham edib. O, Antaliyada yerli əhali ilə görüşü zamanı azərbaycanlıların ruslar tərəfindən güllələməsindən danışıb: "1944-cü ildə 146 azərbaycanlı qardaşımız rus zülmündən qaçaraq Türkiyəyə sığındılar. Və Türkiyə həmin azərbaycanlıları tərəfsizlik naminə Stalinin əsgərlərinə təslim etdi. Həmin dönəm Cümhuriyyət Xalq Partiyasının iqtidar dönəmi idi. İndi CHP-yə səs verən vətəndaşlara səslənirəm: keçmişi yaxşı dəyərləndirmək lazımdır. Azərbaycanlı qardaşlarımız Boraltan körpüsündən qarşı tərəfə keçdilər və əsgərlərimizin gözü qarşısında güllələndilər: "Onlar qarşı tərəfə nə dedilər bilirsinizmi? "Bizi onlara saxlamayın, siz güllələyin" deyə yalvarırıdılar. Hətta bu acı xatirədən bir şərqi də qalmışdı. "Önünə qatdı məni, qardaşım satdı məni" şərqisi. Ah, CHP, nə deyim, sən azəri qardaşlarını Stalinə satacaqsan və onlara tamaşa edəcəksən. Ondan sonra da, biz bu ölkədə beləydik, eləydik deyib özünü dağın başına qoyacaqsan? Keçmişi heç kim unutmur".
Ərdoğan vurğulayıb ki, biz qardaşlarını satanlardan olmayacağıq. O, çıxışında Fələstin məsələsinə toxunaraq bildirib ki, qurda mərhəmət etmək quzuya zülmdür. Ona görə, biz heç vaxt qurda mərhəmət etməyəcəyik.
Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ölkənin hökumət rəhbəri Rəcəb Tayyib Ərdoğana yenidən söz atıb. CHP lideri "Haber-Türk" kanalında çıxışı zamanı bildirib ki, baş nazir Ərdoğan milləti deyil, öz qurduğu hökuməti daha çox düşünür. Kamal Kılıçdaroğlu sözünü belə əsaslandırıb ki, mövcud iqtidar ölkədə hər şeyi nəzarətində saxlamaqla heç kimə özünü göstərmək imkanı yaratmır.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı isə Ərdoğanı dövlətin imkanlarından seçki kampaniyası üçün istifadə etməkdə suçlayıb.
Yeri gəlmişkən, Türkiyə Fələstinə humanitar yardım edib. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilk etapda Fələstinə 1 milyon dollar məbləğində ərzaq və digər vəsaitlər göndərib. Türkiyə hökuməti ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatı da Fələstinə yardım edib. Bölgə xalqının təcili dərman ehtiyacının qarşılanması üçün Ümumdünya Səhiyyə Təşkilatının Fələstin Ofisinə 1,5 milyon dollar məbləğində vəsait köçürülüb.
Türkiyə Qızıl Aypara Cəmiyyəti də Fələstindəki son hadisələrə biganə qalmayıb. Qurum 2 min ailəyə qida göndərmək üçün hərəkətə keçib.
Bir sıra ekspertlər düşünürlər ki, Ərdoğan seçki kampaniyasında Fələstin məsələsini kart kimi istifadə edir.
Politoloq Arzu Nağıyev bildirdi ki, Türkiyədə Ali Seçki Komissiyasının Rəyasət Heyətinin qərarına əsasən Türkiyə Prezidenti vəzifəsinə namizədlərin siyahısı dərc edilib: "Həmin şəxslər "Ədalət və İnkişaf" Partiyasından Rəcəb Tayyib Ərdoğan, birləşmiş müxalifətdən Ekmələddin Mehmet İhsanoğlu və kürdlərin partiyası kimi tanınan"Sülh və Demokratiya"dan Selahattin Demirtaşdır. Türkiyədə ilk dəfədir ki, prezident ümumxalq səsverməsi ilə seçiləcək. Bu ilin mart 30-da Türkiyədə keçirilən regional seçkilərdə hakim partiya yalnız 43% səs qazandı, müxalifət partiyaları təbii ki, bir yerdə çox səs topladılar və məhz buna görə də prezidentliyə vahid namizəd kimi İhsanoğlunun namizədliyini irəli sürdülər. İhsanoğlu bir vaxtlar Ərdoğanın yaxın silahdaşı sayılırdı. Onlar arasında nifaq əvvəlcə Əhməd Davudoğlunun Misirdə baş verən hərbi çevirilişlə bağlı münasibətinəə görə düşdü. Ərdoğan "Müsəlman qardaşları"nı dəstəklədi və İhsanoğlu baş nazirin komandasını tərk etdi. Yəni belə nəticəyə gəlmək olar ki, keçiriləcək seçkilər xarici siyasət və daha doğrusu əsasən Yaxın Şərq üzərində qurulacaq. Məlumdur ki, Türkiyənin "Ərəb baharı" ilə bağlı problemləri mövcuddur və buna görə də Misir, Suriya və İsraildən öz səfirlərini geri çağırdı". Onun fikrincə, seçicilər müxalifətin islazatlarla bağlı alternativ layihələrini görmürlər: "Selahattin Demirtaşa gələndə isə o demək olar ki, Ərdoğanı dəstəkləməyə məhkumdur. Çünki, Ərdoğanın yaratdığı şəraitlə bələdiyyə seçkilərində geniş səlahiyyətlərə malik oldular. Yəni kürdlər Ərdoğanı dəstəkləməklə, ola bilsin ki, Yaxın Şərqdə muxtariyyət əldə edilməsi istiqamətində xeyli irəlilədilər. Bundan başqa Ərdoğan İraq ərazisində "Xəlifəlik" yaradılması ideyasına da neytral reaksiya verir. Yəni bütün bunların sonu kimi Ərdoğan yenidən seçkiqabağı Fələstin kartını da işə saldı. Kılıcdaroğlu nə qədər desə ki, "AKP-nin yürütdüyü siyasət nəticəsində Türkiyənin Yaxın Şərqə təsir imkanları azalıb", bu o qədər də inandırıcı görünmür. İranla müqayisədə isə unutmaq lazım deyil ki, Türkiyə NATO-nu üzvüdür və regionda hərbi cəhətdən müstəqil qərarlar qəbul etmir".
Ekspert Əli Orucov dedi ki, Türkiyənin xarici siyasətində, xüsusilə ərəb dünyası və yaxın qonşuları ılə bağlı problemlər var: "Bu problemlər də təbii ki, həm də yürüdülən xarici siyasətdə buraxılan səhvlərlə bağlıdır. Göründüyü kimi rəsmi Ankaranın xarici siyasəti sistemsizdi, ardıcıl deyil. Məsələn, Ərdoğanın devrilmiş prezident Məhəmməd Mursini və "müsəlman qardaşları" açıq-aşkar müdafiə etməsi, Liviyada da eyni münasibət sərgiləməsi hər iki ərəb ölkələri ilə əlaqələri xeyli dərəcədə soyudur. Fələstin məsələsinə gəlincə bu sırf Ərdoğanın imicinə hesablanıb. Müsəlman dünyasının, eləcə də Türkiyə cameəsinin Fələstin-İsrail məsələsinə həssaslığını yaxşı anlayan Ərdoğan bu amildən maksimum yararlanmağa çalışır. İsrailə qarşı Ərdoğanın çıxışları da razılaşdırılmış çıxışlar təsiri bağışlayır. O zaman məntiqi sual yaranır: Türkiyə nədən öz soykökündən olan türkmənlərin və uyğurların problemlərini, eləcə də Güneydə əzilən azərbaycan türklərinin haqq səsinə bir dəfə də dəstək verməyib.
Təbii ki, belə olan halda İranın mövqeyi güclənməlidir. Çünki müsəlman aləmi də tədricən anlamağa başlayır ki, Ərdoğanın müsəlman tərəfkeşliyi ancaq özünün siyasi hakimiyyəti üçündür və Birləşmiş Ştatlarla razılaşdırılmış çərçivədən kənara çıxmır. İran isə fərqli siyasət yürüdür".
Azərbaycan Milli Dirçəlmiş Hərəkatı Partiyasının (AMDHP) Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli dedi ki, bütövlükdə götürsək Kılıcdaroğlunun AKP haqda dedikləri doğrudur: "AKP hakimiyyətə gələndən sonra Türkiyənin Türk dünyasından uzqlaşması hamı üçün aydındır və diqqət yetirsək görərik ki, Türkiyədə kürd açılımı, erməni açılımı, İranla sıx əlaqələrin bölgədə sabitliyin pozulmasında müstəsna rolu var. Məlum olduğu kimi regionda və dünya səviyyəsində sürətlə inkişaf etməkdə olan Türkiyə AKP hakimiyyətə gələndən sonra bu dövlətin təməlini möhkəmləndirən və dünyada Türkiyəni söz sahibi edən insanları həbs edərək ağır ittihamlar irəli sürməsi anti Türk güclərin əlinə fürsət verdi ki, daha tez bir zamanda Türkiyəni parçalamağa nail olsunlar. Bu səbəblərə görə, hazırda terrorist və bölücü kürdlər bölgədə istədikləri hərəkətləri etməyə cürət tapıblar və müstəqil Kürdüstan qurmaq qərəarına gəliblər. Əgər AKP hakimiyyəti türk cumhuriyyətinin prinsiplərinə sadiq qalsaydı indi Türkiyə təkcə bölgədə deyil, bütün dünyada aparıcı söz sahibi idi".
Politoloq Ramiz Alıyev dedi ki, İsrail silahlı qüvəllərinin Qəzzada törətdiyi cinayətlərə qarşı öz kəskin münasibətlərini yalnız müsəlman ölkələri deyil, bütün dünya bildirməlidir: "Buna görə də Ərdoğanın bu cür bəyanatlar səsləndirməsi, Fələstin xalqına yardım göndərməsi ilə bağlı təşəbbüsü təqdirəlayiq bir haldır. Hesab etmirəm ki, bu cür bəyanatlar və addımlar yalnız keçiriləcək seçki ilə bağlıdır. Çünki bundan öncə də bir neçə dəfə belə hallar baş verib ki, həmin vaxtlarda seçkilər yox idi. Türkiyədə keçiriləcək prezident seçkilərinin o qədər də asan keçməyəcəyi hər kəsə məlumdur, ona görə də rəqiblərin bu cür açıqlamaları da gözləniləndir. Burada qeyri-adi nəsə yoxdur.
Türkiyənin həm yaxın şərqdə, həm də dünyada nüfuzunun daha da yüksəldiyini deyə bilərəm. Bir neçə ildir ki, Türkiyə artıq böyük bir siyasi güc əldə edib və bunu bütün siyasi mütəxəsislər təsdiq edirlər. Bütün güclər artıq Türkiyə ilə hesablaşır və regionun bütün məsələləri Türkiyənin iştirakı ilə öz həllini tapır".

Əli