ABŞ NATO-nu Qafqaza gətirir Dünya

ABŞ NATO-nu Qafqaza gətirir

Pompeonun Rusiyanın Ukrayna və Gürcüstana müdaxiləsini ölkəsinin təhlükəsizliyinə təhdid hesab etməsi çox ciddi bəyanatdır.
Bunu ABŞ Dövlət katibi Mayk Pompeonun bəyanatını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, ABŞ ilk dəfədir ki, Rusiyanın Ukrayna və Gürcüstana müdaxiləsini öz təhlükəsizliyi ilə birmənalı əlaqələndirir və bu ölkələrin NATO-ya üzvlüyünü ciddi şəkildə qabardır:
"Bu, Kiyev və Tiflis üçün çox vacib bir amildir. Əvvəla, Ukrayna və Gürcüstan Rusiya ilə konfrantasiya şəraitindədir. Hər iki ölkə MDB-dən çıxıb və qərbyönümlü siyasət yürütdükləri heç bir şübhə doğurmur. Xüsusən də Poroşenkonun prezident seçkisi ərəfəsində Rusiyanı birbaşa arqessor kimi qələmə verməsi və bunu BMT-nin Baş Assambleyasının tribunasından elan etməsi Ukraynanın Rusiyadan tamamilə uzaqlaşdığını göstərir. Artıq Ukrayna və Gürcüstanın NATO-ya daxil olması yönündə yeni perspektivlər açılıb. Trampın NATO nizamnaməsinin 5-ci bəndinin yenidən işlənilməsi və Gürcüstanla Ukrayna üçün girişin tapılması haqqında tapşırıq verməsinə dair məlumatlar əslində reallığı əks etdirir. Çünki Pompeo Trampın razılığı olmadan belə bir bəyanatla çıxış edə bilməzdi".
Politoloq hesab edir ki, ABŞ-ın bu addımının Tiflis və Kiyev üçün mühüm siyasi əhəmiyyəti var:
"ABŞ kimi bir dövlət sırf geostrateji maraqlarını nəzərə alaraq, Ukrayna və Gürcüstanın ərazilərinin ilhaqını öz təhlükəsizliyinə təhdid hesab edir. ABŞ-ın Ukrayna və Gürcüstana bu qədər önəm verməsi sözügedən dövlətlərin alyansa üzvlüyünü intensivləşdirəcək. Çünki dünya nizamı özünün çox təhlükəli bir dövrünə qədəm qoyur və bu da ikiqütblü dünyanın mövcud olduğu dövrdə soyuq müharibəni körükləyir".
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo Varşavada Rusiyanın Ukrayna və Gürcüstana müdaxiləsinin ABŞ-ın təhlükəsizliyi üçün də təhdid yaratdığını bildirib.

Gürcüstanı nələr gözləyir?

Gürcüstan noyabrın 28-də tarixi seçki keçirərək ilk dəfə qadın prezident seçdi. Fransada doğulmuş və təhsil almış Salome Zurabişvili namizədliyini müstəqil şəkildə irəli sürsə də, onu milyarder Bidzina Ivanişvilinin "Gürcü Arzusu" koalisiyası dəstəklədi.
"New Eastern Europe" portalında Giorgi Laşa Kasradze yazır ki, bu yaxşı xəbərin arxasında dünyada demokratiyanın durumundan narahat hər kəs üçün kədərli bir şey də var. "Hazırda Gürcüstanın siyasi mühiti Gürcü Arzusunun son illər verdiyi demokratik vədləri yerinə yetirə bilməməsi ucbatından yerində sayır. Hətta Zurabişvilinin rəhbərliyi altında belə irəliyə doğru yolda xeyli çətinliklər var", – müəllif yazır.
Gürcüstanlılar azı 2012-ci ildən bəri, Gürcü Arzusu keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkatını parlament seçkisində məğlub edəndən, bu koalisiyanın problemləri yoluna qoyacağını gözləyir. Amma koalisiya ətrafında getdikcə daha çox korrupsiya, səriştəsizlik iddiaları dolaşır. Elə prezident seçkinin qalibinin ikinci turda müəyyənləşməsi də Ivanishvili və nazirlərinə bir zərbə oldu.
"Ancaq milyarderdən siyasətçiyə çevrilmiş kardinal daha çox özünü günahlandırmalıdır; illər boyu o, elektoratını "dayə ölkəsi"nə çevirib, ipləri özü çəkib. Maliyyə resurslarından hiyləgərcəsinə öz xeyrinə istifadə edərək Gürcüstan ziyalılarına, məşhur aktyorlara, müğənnilərə, bəstəkarlara, yazıçılara maaş ödəyib", – yazan müəllif, Ivanişvilinin seçkinin ikinci raundundan öncə son vasitəyə əl atdığını, 600 min gürcüstanlının kredit borclarını siləcəyini elan etdiyini yada salır.
"Açıq aşkar bilinən odur ki, Gürcü Arzusu ictimaiyyətin inamını yenidən qazanmaq istəyirsə, Ivanivili siyasətə yanaşması barədə yenidən düşünməlidir", – məqalədə deyilir.
Amma müəllif Zurabişvilinin ümidverici qələbəsinə baxmayaraq, çox şeyin dəyişməyəcəyinin ortada olduğunu vurğulayır. Seçkidən sonra Ivanişvili seçicilərə "Gürcü Arzusu"na ikinci mandatı verdiyinə görə təşəkkür etdi, "qalanı yəqin ki mənlikdir" dedi.
"Gürcü Arzusunun Gürcüstan və xalqını irəli aparmaq potensialı var… yalnız bir halda ki yolundakı ən böyük əngələ – özünə qalib gəlsin", – müəllif vurğulayır.

NATO-nun genişlənməsinin səbəbi Rusiyadır

Rusiya Prezidenti Vladimir Putin Krımın anneksiyası planını Gürcüstandakı situasiyaya heç bir reaksiya verilməməsindən sonra hazırladı.
Bunu "Apostrof" portalına müsahibəsində NATO-nun Rusiyadakı keçmiş təmsilçisi Harri Tabax deyib.
"Gürcüstana qarşı hərbi fəaliyyətlər başlayanda mən NATO-nun Rusiyadakı Nümayəndəliyinin qərargah rəisi idim. Məhz o zaman NATO ilə münasibətlər dayandı. Bizim aramızda yalnız konfranslar baş tuturdu. Başqa heç nə baş vermirdi. O zaman gərgin münasibətlərimiz vardı, amma NATO hər şeyə rəğmən bütün problemlərin bitəcəyini düşünürdü. Putin Gürcüstandakı situasiyaya heç kimin reaksiya verməməsini görəndən sonra Rusiya Krımın zəbti planını hazırlamağa başladı. Əgər biz bu gün Kerç boğazındakı konfliktə reaksiya verməsək, o zaman onlar bütün Qara dənizi tutacaqlar", – deyə o bildirib.
Onun szölərinə görə, NATO-nun genişlənməsinin səbəbi Rusiyadır:"Mən hər zaman demişəm ki, əgər Rusiya NATO-ya hansısa ölkənin üzv olmasını istəmirsə, o zaman bu ölkəyə hücum etməsin. NATO-nu parçalamağın yolu başqadır. Əgər NATO-nun parçalanmağını istəyirsinizsə, o zaman buraya çox ölkə qəbul etməlisiniz. Nə qədər çox ölkə qəbul etsəniz, alyansda o qədər bürokratiya olacaq, heç nəyi həll etmək mümkün olmayacaq".