
Avropa Birliyi də Moskvaya qarşı sanksiyaları dəstəklədi
ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya məmurları və şirkətlərinə qarşı sanksiyaları sərtləşdirib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə bildirilir.
Qeyd edək ki, sanksiya siyahısına Rusiya parlamentinin aşağı palatasının vitse spikeri Sergey Neverov, Krıma dair işlər naziri Oleq Savelyev, Rusiya prezidentinin müavini İqor Şeqolev daxil edilib. Bundan başqa, ABŞ-ın sanksiya siyahısına Donetsk və Luqansk "xalq respublikaları" və separatçı Donetsk Xalq Respublikasının "baş naziri" Aleksandr Boroday daxil edilib. Rusiyanın müdafiə-sənaye kompleksinin şirkətləri ilə bağlı sanksiya siyahısına həmçinin "Almaz-Antey" korporasiyası, "Kalaşnikov" konserni, "Bazalt", "İjmaş", "Uralvaqonzavod" şirkətləri, "Radioelektron texnologiyaları", "Sozvezdiye" konsernləri, Cihazqayırma konstruktor bürosu və Maşınqayırma elm-istehsalat birliyi daxil edilib.
Siyahıya həmçinin neft-qaz sektoruna aid "Novatek", "Rosneft", "Vneşekonombank", Qazprombank kimi iri korporasiyalar da salınıb.
Qeyd edək ki, Avropa Birliyi liderləri Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini dəstəkləyib. Bu barədə sammitin yekun bəyanatında qeyd olunub. AB ölkələrinin liderləri Avropa Komissiyasına transsərhəd təmaslar və vətəndaş cəmiyyətinin proqramları istisna olmaqla Rusiya ilə əməkdaşlığı nəzərdə tutan proqramların yenidən baxılması və dayandırılması ilə bağlı müraciət edib.
"AB Şurası Komissiyaya AB-Rusiya əməkdaşlığı proqramlarını yenidən nəzərdən keçirərək hər bir hal üzrə AB ilə ikitərəfli və regional əməkdaşlıq proqramların icrasının dayandırılmasına dair ayrıca qərar verməyi tapşırıb", deyə sənəddə bildirilir. Mənbənin məlumatına görə, AB liderləri həmçinin Avropa Sərmayə Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Rusiyada həyata keçirilən proqramların dayandırılmasına dair təklifi də dəstəkləyiblər.
Bundan başqa, Şura AB ölkələrinin səfirlərinə iyulun sonunadək yeni sanksiya siyahısını hazırlamağı tapşırıb. Bu siyahıya genişləndirilmiş meyarlar əsasında Rusiyanın yeni şirkətləri və vətəndaşları daxil ediləcək.