
Rövşən Ziya: "Ərdoğanın ölkəni prezident üsuli-idarəsinə keçirmək istəməsi əslində Qərb dövlətlərinin diqtəsi əsasında baş verir"
Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçməlidir, Bu barədə ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin ATV telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, birbaşa prezident idarəetməsi Türkiyənin gələcək inkişafının xeyrinə ola bilər.
Baş nazir bildirib ki, ilk fürsət düşən kimi Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçəcək. Ərdoğan qeyd edib ki, birbaşa prezident idarəetməsinin tətbiqi haqqında məsələ prezident seçkilərinin keçirilməsindən dərhal sonra qaldırılacaq.
Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd səslərin 51 faizini toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.
2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən prezidenti 7 deyil, 5 illiyinə parlament yox, xalq seçəcək.
Qeyd edək ki, bir çox politoloqlar yeni dəyişikliyin, yəni Türkiyənin parlamentli respublika sistemindən uzaqlaşmasını, prezident səlahiyyətlərinin artırılması və prezident respublikasına çevrilməsini ciddi narahatlıqla qarşılayırlar. Onların fikrincə, Rusiyada Vladimir Putin və Dmitri Medvedyev tərəfindən yaradılan tandem, bununla baş nazirlə prezident postunun əldə saxlanması ssenarisi bu dəfə Türkiyədə təkrarlana bilər. Odur ki, siyasi şərhçilərin proqnozlarına görə, Ərdoğan prezident seçkilərində namizədliyini irəli sürməkdə israrlıdır və bunu onun komandasında təmsil olunan şəxslər də bəyan ediblər.
Bir faktı da yaddan çıxarmaq olmaz ki, bu gün Türkiyədə Ərdoğanın prezident olmasını arzulamayan, qəti şəkildə bunun əleyhinə olduqlarını bəyan edən kifayət qədər güclü qüvvələr var.
Politoloq Oqtay Sadıqzadə bildirib ki, artıq prezidentin kim seçiləcəyini söyləmək olar: "Demək olar ki, bu məsələyə nöqtə qoyulub. Türkiyənin yeni prezidenti böyük ehtimalla Rəcəb Tayyib Ərdoğan olacaq. Son bələdiyyə seçkilərində qələbə də praktiki olaraq bizə əminliklə söyləməyə əsas verir ki, bu seçkidə Ərdoğan qalib olacaq. Doğrudur, əsas müxalifət partiyaları vahid namizədlə çıxış etdilər, lakin o vahid namizədin də qalib gələcəyini düşünmürəm. Ola bilər, ikinci tur olsun. Ancaq ikinci turda Ərdoğan böyük səs çoxluğu ilə, böyük faizlə qələbə qazanacağını proqnozlaşdırmaq olar". Türkiyənin yeni prezidenti Ərdoğan olarsa, ölkənin daxili siyasi vəziyyətinin gələcəyini də dəyərləndirən politoloq qeyd edir ki, Qəzza hadisələri də, 17 dekabr qalmaqalı da göstərdi ki, Türkiyədə idarəetmədə bir qədər avtoritar elementlər, çalarlar artır: "Lakin Türkiyə sivil dövlət olaraq, məhkəmə sisteminin tam müstəqil olduğu bir dövlət olaraq qalır. Türkiyə dövlətinin kəskin şəkildə hansısa insan hüquqlarının mühafizəsindən və demokratiya prinsiplərindən uzaq düşəcəyini gözləmək olmaz".
Araşdırmaçı jurnalist Rövşən Ziya diqqətə çatdırdı ki, Türkiyə respublikası yarandığı gündən bu günə qədər parlament üsuli-idarəsi ilə olunub: "Bu hətta ölkənin konstitusiyasında da təsbit olunub. Baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkəni prezident üsuli-idarəsinə keçirmək istəməsi əslində Qərb dövlətlərinin diqtəsi əsasında baş verir.
Son proseslər və Türkiyənin tanınmış siyasət, elm adamlarının açıqlamaları və fikirləri göstərir ki, əslində Ərdoğan ölkədə diktatura rejimi qurmaq istəyir. Bir məsələ də var ki, Qərb İslam ölkələrində demokratik rejimin yaradılmasını istəməyib. Onlar həmişə istəyiblər ki, bu ölkələrdə daim diktatura rejimi mövcud olsun. Çünki, diktatura rejiminin mövcudluğu sayəsində qərblilər müsəlman dünyasında istədiklərini həyata keçirə bilirlər. Sərvətlərini talayır, müsəlman xalqlar arasında təriqət mübahisəsini qızışdıraraq, xalqları bir-birinə qırdırırlar. Suriya, Misir və İraqda baş verənlər bunun bariz nümunəsidir".
Onun fikrincə, indi də bu oyunları Türkiyə üzərində oynamaq istəyirlər: "Ərdoğan da bu oyunların mahir iştirakçısına çevrilir. Əslində prezident üsuli-idarəsi elə də problemli idarə deyil. Sadəcə, bu sistemi elə qurmaq lazımdır ki, ölkə tam demokratik şəkildə idarə olunsun. Ancaq Ərdoğanın belə ciddi cəhdləri Türkiyəni sonu bilinməyən proseslərə doğru aparır. Əgər Türkiyədə hamının gözlədiyi kimi demokratik proseslər baş versə, bunu alqışlamaq lazımdır. Əks halda. Türkiyə də digər müsəlman ölkələri kimi dibi görünməyən uçuruma yuvarlanacaq".
Araşdırmaçı jurnalist Aqil Ələsgər dedi ki, əslində bunun müsbət və mənfi tərəfləri var: "Lakin başqanlıq sistemi ona görə Türkiyəyə lazımdır ki, partiyalardan və siyasilərdən asılılıq azalsın. Yəni bu gün Ərdoğan iqtidarını nə qədər tənqid etsək də, etiraf etməliyik ki, Türkiyənin iqtisadi problemlərdən qurtulmasında tək partiya dönəminin mühüm rolu oldu. Bu gün kimin nə deməsindən asılı olmayaraq, mən tələbə olaraq koalisiya dövrünü orada yaşamış biri olaraq bilirəm ki, partiyaların ittifaqlı hökumətləri sağlam idarəetməyə ciddi ziyan vurur".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Türkiyədə keçiriləcək prezident seçkilərinin 3 xüsusiyyətlə əlamətdar olduğunu deyir. Birinci, Konstitusiyaya dəyişiklik edilib və prezident 7 il deyil, 5 il müddətinə seçiləcək. İkincisi, Konstitusiyaya görə, prezidentin səlahiyyətləri artırılıb. Bu da Türkiyə tarixi üçün yenilikdir. Üçüncü, ən təsirli xüsusiyyət ondan ibarətdir ki, prezidentliyə real namizəd məhz Rəcəb Tayyib Ərdoğandır: "Nəzərə almalıyıq ki, Ərdoğan xarizmatik fiqurdur, xalq arasında çox ciddi dəstəyi var. Baxmayaraq ki, bu illər çox qalmaqallarla üz-üzə qaldı. Gəzi olayları, rüşvət qalmaqalı baş verdi, Fətullah Gülən camaatı ilə üz-üzə gəldi. Bütün bu qalmaqallardan uğurla çıxdı, hətta reytinqini yüksəldi. Bələdiyyə seçkilərində partiyası daha çox səs topladı. Başqa bir siyasətçi olsaydı bəlkə də siyasət səhnəsindən silinə bilərdi. Ərdoğan böyük ehtimalla prezident seçiləcək. Çünki rəqibləri zəifdir".
Ekspertin sözlərinə görə, Ərdoğan prezident seçiləndən sonra səlahiyyətlərindən istifadə edərək xarizmasını saxlamağa, Türkiyə üzərində nəzarətini gücləndirməyə çalışacaq: "Necə ki, baş nazir kimi Türkiyədə baş verənlərə özü məsuldur, özü nəzarət edir, partiyasında da əsas fiqur özüdür, parçalanmaya imkan vermir".
Politoloq Qabil Hüseynli deyib ki, prezident parlamentdə deyil, ümumxalq səsverməsi yolu ilə seçiləcək və prezidentin səlahiyyətləri genişləndiriləcək: "Yəni prezident icra hakimiyyətinin başçısı kimi fəaliyyət göstərəcək. İndiyə qədər icra səlahiyyətlərini baş nazir yerinə yetirirdisə, bundan sonra baş nazirin özü prezident qarşısında məsuliyyət daşıyacaq və hökuməti formalaşdırmaq, onu istefaya göndərmək səlahiyyətləri, eləcə də bir sıra prinsipial məsələlər prezidentin səlahiyyətlərinə aid ediləcək. AKP sədri Ərdoğan prezidentliyə ciddi namizəd kimi özünü göstərir. Zahirən AKP-nin namizədinin imkanları genişdir. Yəni, o, bələdiyyə seçkilərində də üstünlük qazanmışdı. Onun partiyasının səsi CHP və MHP-nin birgə yığdığı səsdən bir qədər artıq olmuşdu - 4,5%. Əgər prezident seçkilərində də bu qədər səs toplasa, prezident olmaq çətin olacaq. Ona görə ki, prezident olmaq üçün xalqın səsinin yarıdan çoxunu toplamaq tələb olunur. Buna görə də Ərdoğanın prezidentliyə yolu o qədər də hamar görünmür.
Əgər bu günə kimi Türkiyə parlament respublikası idisə, indi prezident ümumxalq səsverməsi yolu ilə 5 illiyə seçiləcək. Prezident çox böyük səlahiyyətlərə sahib olacaq. Bununla da Türkiyə prezident üsul-idarəsinə keçəcək. Bu mənada, son seçkilərin nəticəsinə görə yeni prezidentin kim olması həm Türkiyə, həm də dost və qonşu ölkələr üçün prinsipial əhəmiyyətə malikdir".
Əli