Yeni nəsil Putinlə ittifaq qurmuş pravoslav ruhaniləri daşlayır... Dünya

Yeni nəsil Putinlə ittifaq qurmuş pravoslav ruhaniləri daşlayır...

Son həftələrdə Rusiyanın dördüncü böyük şəhəri olan Yekaterinburqda fövqəladə etiraz aksiyası baş verib. Şəhərin mərkəzindəki bir parkda yeni kilsə tikmək planı ucbatından yerli əhali ayağa qalxıb. Qorxutma, həbslər, həm regional, həm də federal siyasətçilərin dəstək açıqlamaları, Rus Pravoslav Kilsəsinin böyük nüfuzuna axmayaraq, etirazçılar istəyinə nail olublar.
Yerli qubernator Yevgeni Kuyvaşev mayın sonunda ictimai rəy sorğusundan sonra (şəhər sakinlərinin 74 faizi kilsə planlara qarşı çıxıb) tikinti meydançasının dəyişdirilməsinə razılıq verib. Prezident Vladimir Putin də rəy sorğusunun hökmünü təsdiqləyəcəyini söyləyib, halbuki əksəriyyətin kilsə tikintisinə qarşı çıxacağını əsla gözləmirdi. Bu, söhbət kilsə və cəmiyyət məsələsindən getdikdə, Rusiyada birdən-birə baş vermiş dəyişikliklərin son əlamətdir.
“Strateq” “Foreign Policy”ə istinadən yazır ki, son rəy sorğusunda rusların 79 faizi özünü pravoslav xristian olaraq səciyyələndirib. Ancaq kilsə itaət tələb edir. Odur ki, Yekaterinburqdakı etirazlar çox təəccüblü idi. Rusiyanın ucqar bölgəsi Arxangelsk şəhərində zibil qəbiristanlığı yaratma planı ilə bağlı son vaxtlar baş vermiş digər sosial aksiya ilə müqayisədə, Uraldakı aksiyalar daha qəzəbli idi.
30 il bundan əvvəl, sovet dövrünün sonunda kilsə inşasına etiraz etmə ictimaiyyət üçün “anafema” – dinsizlik mənası verirdi. Axı, minlərlə ibadət yeri sovet hakimiyyəti tərəfindən buldozerin qabağına qatılmış, keşişlər ya həbsxanaya atılmış, ya da edam edilmişdi.
“Perestroyka” dövrünün ruhu və Kommunist Partiyası ilə hesablaşma hissi gürcü kinorejissoru Tengiz Abuladzenin çəkdiyi və 1987-ci ildə nümayiş etdirilən “Tövbə” filmində əksini tapıb. Həmin film eyni ildə Kann festivalında “Qran-pri” qazanıb. “Tövbə”dəki bir səhnədə yaşlı bir qadın məbədə aparan yol barədə sual verir. Qərib adam mənfi cavab verir və yaşlı qadın deyir: “Məbədə aparmayan yol nəyə lazımdır?”
Filmin ana xətt kilsə yolunun azadlığa və tərəqqiyə gedən yolla eyni olduğunu diktə edirdi. Həmin dövrdə sovet vətəndaşları öz ölkələrini Avropa və ABŞ-ın istehlak malları, kitablar, filmlər və musiqilərlə dolmasını istəyirdi – qadağan olunmuş mallarla; kilsə də bu siyahıda idi. Beləliklə, kommunist hakimiyyətinə qarşı mübarizə aparan keçmiş sovet ziyalıları, söz və sərbəst toplaşma azadlığı ilə yanaşı, ibadət azadlığını tələb edən ənənəvi dindarlarla ortaq nöqtələr tapdılar. Həm liberal, həm də dindar olmaq olduqca normal idi. Yeni kilsə açma sovet hakimiyyətinin tabutuna vurulan daha bir mismar hesab edilirdi.
O vaxtların etiraz mədəniyyəti dini təsvirlərlə dolu idi. Mədəniyyət xadimləri Rusiyanın “Gümüşü dövr”ünün şairləri – Osip Mandelstam və Boris Pasternak kimi mömin və dini məzmunlu şerlər yazan şairlərə pərəstiş edirdi. Eyni zamanda, Rusiyadakı kilsə icmalarının təbiəti radikal şəkildə dəyişdi. Əvvəllər demək olar ki, yalnız yaşlı insanlar, əksərən qadınlardan ibarət icmalar 1990-cı illərdə yeni nəslə qapılarını açdı.
Bir çox gənclər kilsədə iştirak etməni valideynlərin rəsmi ateizminə etiraz sayırdı. Lakin yavaş-yavaş kilsə ilə etiraz ruhu arasında romantizm itib-batdı. Rusiyanın kilsə səlahiyyətliləri müasir dünyaya dair ciddi söhbətlərdə yeni nəslə dəstək olmadı. Ciddi müzakirələr baş vermədi. Halbuki yeni xristianlar kilsənin dövlətin gücü və zənginliyindən imtina etməsini və məzlumların dostu qalmasını istəyirdi.
Bunun yerinə, yepiskoplar Moskvanın mərkəzində, Rusiyanın Napoleon üzərində qələbəsini xatırlamaq üçün tikilmiş, lakin 1931-ci ildə Stalinin göstərişi ilə dağıdılan möhtəşəm “Xilaskar” kilsəsinin yenidən qurulması ilə məşğul olublar. Bu, pravoslav kilsəsi və 1990-cı illər Rusiyasının siyasi və biznes elitası, o cümlədən Moskvanın iddialı bələdiyyə başçısı Yuri Lujkovun birgə layihəsi idi.
Yeni minillikdə, Putin Rusiyasında kilsə və dövlət arasında, çar dövründəki kimi, simbiotik əlaqələr dərinləşdirib. “Xilaskar Məsih” kafedral kilsəsi sovet dövründə “Moskva” adlanan ən böyük hovuzla əvəz edilmişdi. Yeni nəslin hissləri qarışıqdır: “Bəlkə də sovet üzgüçülük hovuzunu geri qaytarmaq yaxşı olardı”.
Bu mənada, Yekaterinburqdakı etiraz köhnə Pravoslav Kilsəsinin Putin rejimi ilə birləşməsi və özünü maliyyələşdirmək üçün çirkli pul almasına qarşı idi. Nümayişlər bəzi hallarda Qərbi Avropanı xatırladan yeni doğulmuş dünyəvi mədəni və siyasi görünüşün təzahürüdür. Onlar cəmiyyətin dövlətlə əməkdaşlıq etdiyi üçün deyil, özü də arxaik qalan kilsəni rədd edirlər. Onlayn icmalara və virtual ünsiyyətə alışmış gənc ruslar üçün kilsənin daş binaları ilə əlaqə cazibədar deyil. Veganizm və gender bərabərliyinə maraq göstərən şəhər sakinlərinə kilsə çox az vəd verir.
Yekaterinburqdakı hadisələr göstərir ki, sovet dövrünün sonuna aid olan liberalizm və din arasında birbaşa əlaqə artıq kəsilib. Bu gündən etibarən rus liberalları rəsmi olaraq kilsəyə qarşı çıxacaq və mühafizəkarlar isə, əksinə, onu dəstəkləyəcəklər. Bu, hətta gələcəkdə partiya siyasətini təşkil edə bilər.
Rusiya siyasətinin açılması halında, Almaniyada olduğu kimi, sosial demokrat və xristian demokrat partiyalarının ortaya çıxması mümkündür. Ya da ABŞ-dakı kimi, həmcinslərlə evlilik və abort qadağasında demokratlar və respublikaçılar arasındakı bölünməyə bənzərlik.
Qərbin mədəni müharibəsi, deyəsən, artıq Rusiyaya da ayaq basıb...