İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər yenidən pisləşib Dünya

İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər yenidən pisləşib

Bu ölkələr çoxdan bir-birlərini düşmən hesab edirlər, amma son vaxtlar vəziyyət daha da gərinləşib. Bəs, niyə?
İki güclü qonşu – Səudiyyə Ərəbistanı və İran regionda hegemonluq uğrunda mübarizə aparırlar.
BBC yazır ki, onilliklərdir davam edən bu qarşıdurmanı dini fikir ayrılıqları daha da sərtləşdirir. Bu iki ölkə islamdakı iki fərqli cərəyanı təmsil edir – İran əsasən şiələrdən ibarətdir, Səudiyyə Ərəbistanı isə sünnilərin lider ölkələrindən biri hesab olunur.
Dini fikir ayrılıqlarının mahiyyəti əhalinin böyük əksəriyyəti sünnilər və şiələr olan Yaxın Şərqin xəritəsində daha aydın görünür. Onlardan çoxu ya Səudiyyə Ərəbistanını, ya da İranı özlərinin mənəvi lideri sayır.
İslam dininin yarandığı Səudiyyə Ərəbistanı tarixən özünü islam dünyasının lideri hesab edib.
Ancaq 1979-cu ildə baş vermiş İran İslam İnqilabı nəticəsində regionda əsas məqsədi bu modeli digər ölkələrə də ixrac etmək olan teokratik dövlət meydana gəlib.
İki ölkə arasındakı münasibətlər son 15 ildə xüsusilə gərginləşib.
2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İranın əsas düşmənini – İraq lideri, sünni-ərəb Səddam Hüseyni hakimiyyətdən uzaqlaşdırması bu ölkənin regiondakı nüfuzunun artması və onun təsirini balanslaşdıracaq əks qüvvənin qalmamasıyla nəticələnib.
2011-ci ildə regionda etirazlar dalğası baş verdi, “Ərəb baharı” adı verilmiş proses regionda siyasi sabitliyin pozulmasına səbəb oldu. İran və Səudiyyə Ərəbistanı həmin etirazlardan yararlanaraq Suriya, Bəhreyn və Yəmən kimi ölkələrə təsir imkanlarını artırmağa çalışdılar. Bu, ölkələr arasındakı qarşılıqlı etimadsızlığı daha da gücləndirdi.
İranın opponentləri iddia edirlər ki, Tehran regionun aparıcı dövlətinə çevrilərək İrandan Aralıq dənizinə qədər olan əraziyə nəzarəti ələ keçirmək istəyir.
İran bir çox parametrlərə görə regional mübarizədə önə çıxdığı üçün starteji qarşıdurma sərtləşir.
Suriyada İranın (və Rusiyanın) dəstəyilə prezident Bəşər Əsəd Səudiyyə Ərəbistanının yardım etdiyi müxalif qüvvələrin böyük qismini məğlub edə bilib.
Səudiyyəlilər ciddi-cəhdlə İranın artan təsirini məhdudlaşdırmağa çalışırlar. Gənc və impulsiv vəliəhd şahzadə Məhəmməd ibn Salamın – ölkənin faktiki liderinin militarist avantürizmi regional gərginliyi daha da artırır.
Hazırda o, Yəməndəki üsyançılarla vuruşur və bunu həm də İranın o ölkəyə ehtimal olunan təsirini yox etmək üçün edir. Artıq üç ildir ki, davam edən bu avantüra çox böyük maliyyə tələb edir.
Bundan başqa, ekspertlərin çoxunun qənaətinə görə, səudiyyəlilər İran tərəfindən dəstəklənən şiə qruplaşması “Hizbullah”ın əsas siyasi fiqur olduğu və silahlı qüvvələrə nəzarət etdiyi Livanda sabitliyi pozmaq üçün bu ölkənin baş nazirini istefaya məcbur edirlər.
Prosesdə xarici oyunçular da var. Donald Tramp administrasiyasının dəstəyi Səudiyyə Ərəbistanını ürəkləndirib, İranı ölümcül təhlükə hesab edən İsrail isə hansısa mənada səudiyyəlilərin İran təsirinə qarşı mübarizəsini dəstəkləyir.

İsrail İranın nəzarət etdiyi suriyalı silahlıların öz sərhədlərinə yaxınlaşacağından ehtiyat edir.
2015-ci ildə İranın nüvə proqramının məhdudlaşdırılmasıyla bağlı beynəlxalq razılaşmaya ən aktiv etiraz edən ölkələr İsrail və Səudiyyə Ərəbistanıydı. Onlar iddia edirdilər ki, tələb olunan tədbirlər kifayət deyil və özünə lazım olan anda İran nüvə silahı istehsal edə biləcək.