ABŞ “İslam dövləti”nə qarşı beynəlxalq koalisiya yaradır Dünya

ABŞ “İslam dövləti”nə qarşı beynəlxalq koalisiya yaradır

ABŞ "İslam dövləti"nə qarşı beynəlxalq koalisiyanın yaradılması planı üzərində işləyir.
APA-nın ABŞ Dövlət departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında qurumun sözçüsü Cen Psaki deyib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton koalisiyanı Avropa ölkələri, ərəb dünyası və "İslam dövləti"nə qarşı mübarizəyə qoşulmağa hazır olan ölkələrlə birlikdə yaradacaq.
"Həm humanitar, həm hərbi, həm də diplomatik sahədə səylər göstərmək lazımdır. Bu səylər yalnız təkcə ABŞ-dan yox, digər ölkələrdən də gəlməlidir. Artıq bu istiqamətdə Avstraliya, Kanada, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və digər ölkələrdən dəstək almışıq", - deyə C.Psaki əlavə edib.
Bu arada ABŞ-ın hərbi təyyarələri İraqda "İslam dövləti" qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.
Hava zərbələri nəticəsində terrorçuların zirehli texnikası, silah-sursat daşıyan yük maşınları və blok-postu məhv edilib. Hava hücumu strateji əhəmiyyət kəsb edən "Mosul" bəndi yaxınlığında olub.
Qeyd edək ki, ABŞ Hərb Hava Qüvvələri avqustun 8-dən "İslam dövləti" qruplaşmasının mövqelərinə 106 zərbə endirib.