Rusiya-Qərb mübarizəsi Dünya

Rusiya-Qərb mübarizəsi

Ukrayna bu mübarizənin qurbanına çevrilib

Cavid

Ukraynada bir müddət bundan öncə səngiyən hakimiyyət-müxalifət qarşıdurması son günlər mahiyyət etibarlə yeni mərhələyə qədəm qoyub. Vəziyyət hakimiyyətin nəzarətindən çıxıb. Etirazlar bütün Ukraynanı ayağa qaldırıb. Ekspertlərin böyük əksəriyyəti bu ölkədə baş verənlərin ssenarisinin Rusiya tərəfindən hazırlanldığını bildirirlər. Hətta o da iddia olunur ki, Ukrayna hadisələri MDB-nin digər ölkələrinə də sıçraya bilər.
Bəs yeri politoloqlarımız nə düşünürlər?
Politoloq Ərəstun Oruclu hesab edir ki, hələlik proseslərin gələcək inkişafı ilə bağlı qəti proqnoz vermək çətin olsa da, mənzərə və konturların kifayət qədər aydınlaşdığı inkaredilməzdir. Politoloqun sözlərinə görə, Qərbin sərgilədiyi mövqe, xüsusilə də Ukrayna məmurlarına qarşı sanksiyalar tətbiq etməsi Kiyev hakimiyyətinə kifayət qədər ciddi xəbərdarlıq hesab edilə bilər: "Mən deməzdim ki, Ukraynada proseslər həlledici nöqtəyə çatıb. Lakin bu bir həqiqətdir ki, konturlar aydınlaşmağa başlayıb. Bir tərəfdə Ukrayna hakimiyyəti çalışır ki, Maydanla zor yolu ilə davransın, digər tərəfdən isə müəyyən addımlar atıb dayanmağa məcbur olur. Bu məsələdə sona qədər gedə bilmir. Əlbəttə ki, bu qətiyyətsizliyin çox ciddi səbəbləri mövcuddur. Birincisi, odur ki, beynəlxalq aləmdə, demokratik ölkələrdə Ukrayna məmurlarına qarşı sanksiyalar tətbiq edilməyə başlanılıb. Bu, Ukrayna hakimiyyətinə çox ciddi mesajdır. Digər tərəfdən, Ukrayna hakimiyyətinin bəzi dairələri Rusiya tərəfindən Maydanı zor gücü ilə dağıtmağa və lazım olarsa, yüzlərlə insanı öldürməyə sövq edilir. Bu isə Yanukoviç hökumətini faktiki olaraq pat vəziyyətinə qoyur".
Politoloqun qənaətincə, Yanukoviç hakimiyyəti sürətlə öz güc və nüfuzunu itirməkdədir ki, bu da Rusiyada ciddi təlaş və narahatlıqla müşahidə edilir. Ərəstun Oruclunun fikrincə, məhz bu narahatlığın nəticəsidir ki, Rusiya telekanallarında rus ordusunun Ukraynaya yeridilməsi ilə bağlı fikirlər səslənməkdədir: "Son günlər müşahidə olunan budur ki, Ukrayna prezidenti öz hakimiyyətini itirə-itirə gedir. Hətta iş o yerə çatıb ki, Rusiya telekanallarında Ukrayna ilə bağlı açıq təbliğat aparılır. Bildirilir ki, Rusiya qardaş xalqa kömək etməlidir. Ukraynaya sülhməramlı qüvvələr yeridilməli, proseslər üzərində Ukrayna hakimiyyətinin nəzarətinin təmin edilməsinə nail olunmalıdır. Lakin Rusiyanın nə deməsindən asılı olmayaraq, müşahidə edilən odur ki, Ukraynada hakimiyyət çökür. Zənnimcə, yaxın bir sutka ərzində, bəlkə də bir qədər tez situasiya aydınlaşacaq".
Ekspertin sözlərinə görə, rus ordusunun Ukraynaya yeridilməsi ilə bağlı fikirlər son vaxtlar müəyyən akuallıq qazansa da, belə bir olayın baş verəcəyi istisnadır. Ərəstun Oruclu hesab edir ki, indiki məqamda rus ordusunun bu ölkəyə müdaxiləsi yolunda bir sıra maneələr var ki, bunlardan da biri Ukrayna ordusudur. Ekspertin qənaətincə, Rusiya belə bir müdaxilə etmək üçün yalnız Yanukoviç hakimiyyətinin deyil, həm də Ukrayna ordusunun rəyini nəzərə almalıdır: "Rusiyanın Ukraynaya ordu yeridəcəyini güman eləmirəm. Düşünmürəm ki, Rusiya belə bir ağrılı addım ata. Unutmaq olmaz ki, burada Ukrayna ordusu amili də var. Ukrayna ordusunun məlum situasiyada hansı mövqedən çıxış edəcəyi, necə bir davranış sərgiləyəcəyi bəlli deyil. Ukrayna və Rusiya arasında sırf hərbi məsələlərlə bağlı xeyli sayda fikir ayrılıqları olub və bu gün də var. Ukrayna ordusunun rəyini nəzərə almadan belə bir addımın atılması Rusiya üçün arzuedilməz nəticələrə səbəb ola bilər. Yəni Rusiya yalnız günbəgün və bəlkə də saatbasaat zəifləyən Yanukoviç hakimiyyəti ilə anlaşaraq belə bir addım atarsa, o zaman ilk növbədə Ukrayna ordusu ilə üz-üzə gələ bilər. Bu isə bütün dünyada yalnız bir cür qəbul ediləcək: təcavüz və işğal cəhdi kimi".
Politoloq Vəfa Quluzadə isə deyib ki, Ukrayndakı vəziyyətdən bir çıxış yolu var. O da Viktor Yanukoviçin istefa verib, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsidir. Onun sözlərinə görə, bunun başqa yolu isə vətəndaş müharibəsidir: "Çünki Yanukoviç xalqı aldadıb Avropaya inteqrasiyasına söz versə də, sonda bu mövqeyindən geri çəkilib tamamilə fərqli mövqe nümayiş etdirdi və Rusiyaya doğru üz tutdu. Bu da ölkədə etirazlara səbəb olub. Bunun da səbəbkarı Yanukoviç və onun komandasıdır".
Politoloq bildirib ki, hətta Yanukoviç silah gücünə öz hakimiyyətini qoruyub saxlaya bilməyəcək, onu devirəcəklər.
Ukraynadakı hadisələrin digər postsovet ölkələrinə keçmə ehtimalını isə politoloq belə dəyərləndirib: "Ukrayanın öz reallığı, digər MDB ölkələrinin hərəsinin isə öz reallıqları var. Ukraynada baş verənlər üçün gərək bu ölkənin tarixinə baxasan. Onda görərik ki, bu ölkədə 1960-ci illərədək müstəqillik uğrunda mübarizə aparıblar. Ondan sonra SSRİ-yə qarşı silahlı müqavimət göstərənlər məxfi fəaliyyətə keçdi və onaların Ukrayna meşələrində silah anbarları var idi. Ona görə də Ukraynadakı reallıq digərlərindən ciddi surətdə fərqlənir. Bu baxımdan bu ölkədə baş verənləri digər MDB ölkələrinə yayılacağı ilə bağlı deyilən fikirləri düzgün yanaşma hesab etmirəm".
Politoloq Elman Nəsirli isə bildirib ki, vəziyyət Vilnüs sammiti öncəsi, noyabr ayından başlayaraq kifayət qədər qəlizləşdi. Bunun da səbəbi aydın idi. Çünki Ukrayna hökuməti və prezidenti Avropa İttifaqı ilə münasibətləri daha da dərinləşdirərək iki mühüm sənədə - assosiativ saziş və azad ticarət zonası ilə bağlı sənədlərə imza atacağını elan etmişdi. Son nəticədə isə Rusiyanın təzyiqlərinə tab gətirməyən Ukrayna iqtidarı mövqeyini 180 dərəcə dəyişməli oldu. Bu işdə Rusiyanın onlara 15 milyard dollar həcmində kredit ayırması da öz təsirini göstərdi. Ukraynanın Avropa ilə deyil, Rusiya ilə yaxınlaşması, Gömrük İttifaqına üzv olmaq kursunu seçməsi vətəndaşların ciddi etirazına səbəb oldu. Nəticədə, Ukraynada hazırda şahidi olduğumuz hadisələrin başlanğıcı qoyuldu. Müxalifətçilər və tərəfdarları narazılıqlarını bəyan etmək üçün Maydan meydanına axışdılar. Bir müddət sonra hökumət ciddi etiraz dalğasını yatırtmaq üçün müəyyən kompromisə getdi. Xüsusilə, baş nazirin istefaya göndərilməsini və məlum sərt qanunların Radada ləğv edilməsini qeyd etmək istərdim. Bundan sonra vəziyyətdə bir qədər sakitləşmə özünü göstərdi: "Amma indi vəziyyət yenidən gərginləşib. Bu dəfə hadisələrin episentri Radanın özü oldu. Prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı 2004-cü ilə qədərki vəziyyətə qayıdışla bağlı məsələ kifayət qədər mürəkkəb durum yaratdı. Ukrayna parlamentində başlayan növbəti böhran küçəyə çıxdı. Fikir verdikdə, görürük ki, bundan sonra müxalifət liderləri daha az görünməyə başladılar. Yəni, müxalifətin daha radikal hissələri ön plana çıxdılar. Hakimiyyət də bu vaxta qədər göstərmədiyi sərtliyi, güc tətbiqini həyata keçirdi. 60-dan çox insanın həlak olduğu, 400-dən çox insanın yaralanması haqqında müxtəlif məlumatlar yayılır və bununla əlaqədar olaraq Ukraynada ümummilli matəm elan edilib.
Bunlar hamısı onu göstərir ki, Ukraynada proseslər növbəti mərhələyə qədəm qoyub. Bu mərhələnin özəlliyi isə ondadır ki, əvvəllər kənarda qalacağını, Ukraynanın daxili işlərinə qarışmayacağını elan edən Rusiya fərqli mövqe nümayiş etdirməyə başladı. Bunun nəticəsində də Qərbin reaksiyası sərtləşməyə başladı. Artıq Yanukoviç birmənalı şəkildə Rusiyanın yanında olduğunu və onlardan dəstək aldığını gizlətmir. Beləliklə, Qərbdən, ABŞ-dan, Avropa İttifaqı ölkələrindən gələn təzyiqlər artmağa başladı. Qeyd edim ki, onlar tərəfindən Ukraynaya müəyyən sanksiyalar tətbiq ediləcəyi haqda bəyanatlar səslənməkdədir. Avropa İttifaqı bununla bağlı xüsusi iclasını keçirib. Əgər Ukrayna Rusiyanı seçərsə, şimal qonşularımız orada mövqelərini möhkəmləndirəcək. Bu isə Rusiyanın yaxın xaric hesab etdiyi ölkələrə təsir və təzyiqinin artması ilə müşahidə oluna bilər. Belə hal heç də arzuolunan deyil. Çünki regiondakı vəziyyət kökündən dəyişə, gərginlik daha da arta bilər".
Politoloq onu da bildirib ki, Ukraynanın Qərb hissəsi daha çox Avropa İttifaqına istiqamətlidir. Şərq və mərkəz hissəsi isə Rusiya ilə əlaqədədir. Belə olan halda, Ukraynanın parçalanması ehtimalı yüksəlir: "Nəzəri və praktiki baxımdan hadisələr buna apara bilər. Qeyd edim ki, vurğulanan məqam çox təhlükəli tendensiya hesab olunur. Eyni zamanda, Krım məsələsi də aktuallaşmaqdadır. Yəni, Krımın özünün Ukraynadan ayrılması məsələsi gündəmə gələ bilər. Bu da heç şübhəsiz, Ukraynanın parçalanması reallığını daha da artırır. Düşünürəm ki, bu günlər Ukrayna tarixinin çox məsuliyyətli məqamlarıdır. Postsovet məkanının Rusiyadan sonra ən böyük dövləti olan Ukrayna faktiki olaraq parçalanma təhlükəsi ilə üzbəüz dayanıb".
Hadisələrin inkişafının iki xətti olduğunu deyən politoloq bildirib ki, birinci xətt odur ki, Yanukoviç hökuməti güc tətbiq etməklə Rusiya faktorunu üstün tutacaq. Hətta Rusiya artıq 2 milyard dollar vəsaiti Ukrayna iqtisadiyyatı üçün ayırıb. Belə olan vəziyyətdə birmənalı olaraq Rusiyanın seçildiyinə şübhə qalmır. Bu variantda Rusiya Ukraynadakı hakimiyyətin qorunub-saxlanması ilə bağlı bütün mümkün vasitələrdən istifadə edir və nəticədə Qərb bu vəziyyətlə barışır. Yəni, ABŞ və Avropa Ukraynanı müəyyən qədər Rusiyanın monopoliyasına keçmiş kimi qəbul edir: "Zənnimcə, birinci versiyanın reallaşma əmsalı elə də böyük deyil. Sadəcə, nəzəri baxımdan bu mümkündür. İkinci ehtimalım isə ondan ibarətdir ki, bütün bu qırğınlar, toqquşmalar fonunda hakimiyyət ola bilsin ki, növbədənkənar seçkilər keçirsin. Hesab edirəm ki, bu məsələnin aktuallaşması tamamilə mümkündür. Bu cür seçkilərin keçirilməsi isə avtomatik olaraq Yanukoviçin hakimiyyətdən getməsinə bərabər ola bilər. Ehtimalımız baş tutarsa, Qərb və Avropa İttifaqı Ukraynadakı proseslərdə özünü qalib hesab edəcək".