Türkiyə Minsk qrupuna həmsədr gələ bilərmi? Dünya

Türkiyə Minsk qrupuna həmsədr gələ bilərmi?

Amerikalı həmsədrin Ankaraya səfəri bununla bağlı ehtimalların yaranmasına rəvac verib

Cavid

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Türkiyəyə səfəri davam edir. Həmsədr Twitter hesabında səfərlə bağlı fikirlərini bölüşüb: "Türkiyənin Dağlıq Qarabağ da daxil olmaqla regional münaqişələrə yanaşma tərzini öyrənmək maraqlı olardı. Biz Minsk qrupunun formatına sadiq qalacağıq".
Qeyd edək ki, Ceyms Uorlik fevralın 17-dən Türkiyədə səfərdədir. Səfərdə məqsəd Ceyms Uorlikin dediyi kimi Türkiyənin regional münaqişələrə yanaşmasını öyrənməkdir. Xatırladaq ki, rəsmi Ankara dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazır olduğunu bildirib.
Görünür, ABŞ rəsmi Ankaranın da bu münaqişənin həllində rolunu gec də olsa dəyərləndirib. Bir vaxtlar isə Türkiyənin də Minsk qrupuna daxil ola biləcəyi ilə bağlı ehtimllar irəli sürülürdü. Lakin Minsk qrupu formatının dəyişdirilməsinin mümkünsüzlüyünü vurğulayan Rusiya və Fransanın buna qarşı çıxdığı bildirilib. Onlar başa düşürlər ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Türkiyənin vasitəçiliyi planlarını alt-üst edə bilər.
Politoloq Elxan Şahinoğlunun fikrincə, Türkiyənin Avrasiya bölgəsində rolu və imkanları artır. "Ərəb baharı" yaşayan ölkələrdə Türkiyənin dünyəvi modelindən danışılır, Ankara Əfqanıstanla Pakistanı yaxınlaşdırmağa çalışır, Fələstinə dəstək verir, Suriyada Əsəd rejiminə qapını göstərir, Somalidə aclıqdan əziyyət çəkən insanlara yardım əlini uzadır, Avropa Birliyi ölkələri maliyyə böhranı ilə üzləşərkən, Türkiyənin iqtisadiyyatı böyüyür, sənaye istehsalı artır və s. Ankara qonşuluqda nəyə al atırsa, problemin həllində əsas iştirakçılardan biri olmağa can atır: "Buna baxmayaraq, Ankara nə qədər çalışsa da, qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı rol ala bilmir. ATƏT-in baş katibi Lamberto Zanieri bu Türkiyənin "Zaman" qəzetinə verdiyi müsahibədə Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya biləcəyini deyib. Lamberto Zanieri fikrini belə əsaslandırıb ki, Türkiyə münaqişəyə cəlb edilmiş hər iki ölkə ilə həmsərhəd olduğundan Azərbaycan və Ermənistanla dialoqu irəli aparmaq üçün münbit şəraitə malikdir.
ATƏT-in baş katibinin ardınca, Azərbaycana səfər edən Beynəlxalq Böhran Qrupunun Avropa proqramları koordinatoru Sabina Freyzer də Türkiyənin əhəmiyyətli rolundan danışıb. Türkiyənin Cənubi Qafqazda mühüm rol oynadığını deyən Sabina Freyzer Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair maraqlı təklifləri olduğunu qeyd edib. Ancaq Beynəlxalq Böhran Qrupunun təmsilçisi Ankaranın fəallığının qarşısını alan əngəli göstərməyi də unutmayıb: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamaq istəyirsə, Ermənistanla münasibətlərini normallaşdırmalıdır. Belə olmayacağı təqdirdə Ankaranın təklifləri yalnız sözdə qalacaq".
Lakin Sabina Freyzerin iddialarına rəğmən, problemin həllinə və Türkiyənin bu prosesdəki vasitəçilik missiyasının gerçəkləşməsinə ən ciddi maneə Rusiyadır. Kreml Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmasını istəmir. Bunu açıq söyləməsə də, İrəvanın əli ilə Türkiyəni uzaq məsafədə saxlamağa çalışır. Bu əsassız deyil. Türkiyənin Cənubi Qafqazda fəallaşması, İrəvanla münasibətlərini normallaşdırması, nəhayət Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Rusiyanın tədricən Ermənistanı itirməsi ilə nəticələnə bilər. Kreml bunun baş verməməsi üçün də Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxın buraxmır".
Politoloq onu da bildirib ki, Cənubi Qafqazın irili-xırdalı bütün layihələrində Türkiyənin varlığı hiss olunur. İzmirdə imzalanan anlaşmalar Türkiyə-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxardıb. Ankara bölgəni əhatə edən iri iqtisadi layihələrin əsas iştirakçısıdır. Türkiyənin Gürcüstana investisiyaları ilbəil artır, bu ölkədə hava limanlarını modernləşdirir, otellər tikir və s. Yəni, Türkiyənin Cənubi Qafqazdakı fəallığı onu bu bölgənin əsas geopolitik oyunçusuna çevirib: "Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğal altında saxlanılması isə bölgəyə ən böyük təhlükədir. Demək, Ankara bölgədə geopolitik və investisiya maraqlarını qorumaq naminə Dağlıq Qarabağ problemini daima diqqət mərkəzində saxlamaq məcburiyyətindədir. Ankaranı fəal olmağa sövq edən digər misala müraciət edək. Qarabağda savaş başlasa, Rusiya Ermənistanı müdafiə edəcəksə, Türkiyə də Azərbaycana hərtərəfli dəstək verəcək, əvvəlkitək Naxçıvanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış edəcək.
Beləliklə, Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədri statusuna yiyələnməsi uzaq perspektiv sayılsa da, Cənubi Qafqazdakı siyasi, iqtisadi və təhlükəsizlik maraqları üç həmsədr - ABŞ, Fransa və Rusiyanın maraqlarından az deyil, bəlkə də əksinə. Buna görə də ATƏT-in baş katibi ilə Beynəlxalq Böhran Qrupunun təmsilçisi Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rolundan danışırlar".
Rusiyalı politoloq Stanislav Tarasov da Uorlikin səfərini və Türkiyənin Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini şərh edib. Tarasov bildirib ki, Türkiyə münaqişənin həllində Azərbaycanın mövqeyindən çıxış etməkdə davam edir. Politoloq məsələ ilə əlaqədar Türkiyənin mövqeyində hər hansı bir dəyişikliyin olmadığını deyib: "Türkiyənin ATƏT-in Minsk Qrupuna həmsədr kimi daxil olması Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın lehinə çevirə bilər".
Rusiya mətbuatı yazır ki, bu mümkün olmadığı üçün Türkiyə Qarabağla bağlı müstəqil siyasət yürütməyə başlayıb. Rəsmi Ankaranın məsələ ilə əlaqədar izlədiyi siyasət beynəlxalq və regional proseslərə öz təsirini göstərir: "Amerikalı siyasi analitik Pol Qoblun Zəngəzur və Laçın dəhlizlərinin dəyişməsini nəzərdə tutan planını dəstəkləyən Türkiyə Bakı və İrəvan arasında vasitəçilik missiyasını təklif edib. Eyni zamanda içərisində türk əsgərlərinin də olduğu beynəlxalq sülhməramlı qoşunların Dağlıq Qarabağa yerləşdirilməsi təklifini də irəli sürüb. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Urolik Türkiyə səfərindən əvvəl bildirdi ki, münaqişənin həll edilməsi üçün tərəflər arasında müzakirələr artırılmalıdır. Uorlik həmçinin Kiprdəki türk və yunan cəmiyyətləri arasındakı problemlərin həll edilməsi istiqamətində də müzakirələrə başlayacaqlarını dedi. Bunun üçün yunan və türklər arasında dialoqlar təşkil ediləcək. Tərəflər razı salınıb. Həmin praktikanı Ermənistan və Azərbaycan arasında tətbiq etmək də mümkündür. Lakin icmalararası dialoqun heç bir dövlət tərəfindən tanınmayan qondarma "Qarabağ Respublikası"nda baş tutması mümkün deyil. Azərbaycan buna razı olmayacaq. Digər mərhələdə isə ABŞ Kipr praktikasını Dağlıq Qarabağ münaqişəsinin həllində tətbiq etməyə isararlıdır. Çünki hər iki problem regional münaqişə statusundan çıxıb. Kipr məsələsinin həllində ABŞ Afina-Nikosiya-Ankara formatında nail olsa da Dağlıq Qarabağın həllində Bakı-Xankəndi-İrəvan formatının qurulması mümkün deyil".
Politoloq Ərəstun Baxşəliyevin fikrincə isə Ceyms Uorlik tərəfindən açıqlamalar verilsə də səfərin tam məğzinin nədən ibarət olacağını onun səfər sonrası vermiş ola biləcəyi müsahibədən anlaya bilərik: "Doğrudur burada məqsəd olaraq Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərinin araşdırılacağı söylənilsə də, ancaq bunun belə olmadığı şəksiz və şübhəsizdir. Çünki, Ceyms Uorlik də, onun təmsil etmiş olduğu dövlət də gözəl bilir ki, rəsmi Ankaranı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgiləmiş olduğu mövqe nədən ibarətdir.
Böyük ehtimal ilə bu səfərin arxa planında, son günlərdə Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı gəzən söz-söhbətələr dayanmaqdadır.
Rəsmi Ankaranın bu məsələdə mövqeyinə gəlincə, çox yəqindir ki, hazırda qondarma "erməni soyqırımı" aktı fonunda Türkiyəyə qarşı yenidən təhdidlər baş qaldırmaqdadır. Bunlar təbii olaraq gözlənilən idi. Çünki, mövcud Türkiyə hakimiyyətinə qarşı komplo şəkildə başladılan basqılar bu gün bitib tükənmək bilmir və bunun irəliki ay və illərdə də arta biləcəyi daha çox gözlənilməkdədir.
Hazırda Türkiyənin yürütmüş olduğu siyasətin ana qayəsini isə ona qarşı arta biləcək basqıların önlənməsi, az da olsa bunun durdulması faktı prioritetlik təşkil etməkdədir. Məhz bunun nəticəsidir ki, sərhədlərin açıla biləcəyi ilə bağlı gəzən şaiyələrin arxasında da bu amillər öncüllük təşkil etməkdədir. Qərb isə bu məsələ fonunda regionla bağlı yürütmüş olduğu siyasətdən yana daha karlı çıxmağa çalışır. Məlumdur ki, Qərb-Rusiya qarşıdurması fonunda Ukraynada yaşanan son hadisələr, birincini bir qədər də aktivləşdirib.
Maraqlıdır ki, Qərb hələ də Ermənistanı Rusiyanın caynağından qopara biləcəyi düşüncəsindədir. Və bunun üçün də ümidləri torpağa gömməyərək inadla və iddialı bir şəkildə mübarizəni davam etdirməkdədir. Görünən odur ki, sərhədlərin açıla biləcəyi düşüncəsi ilə hərəkət edən Qərb, Ermənistanda yaşanan ağır iqtisadi böhran kartından daha çox yararlanmağa çalışacaq".