.jpg)
Air Marşal Amir Masood: “Talibanın hakimiyyətə gəlməsindən sonra Pakistan daxilində terror hücumların sayı artdı”
Qaiser Navab: “Pakistan tarixən regional qeyri-sabitliyin əhəmiyyətli yükünü daşıyıb”
Ötən ayın son günlərində Əfqanıstan-Pakistan arasında növbəti qarşıdurma oldu. Pakistanın informasiya naziri Attaullah Tarar X-də yazıb ki, Pakistan qüvvələri ilə toqquşmalar nəticəsində həlak olan əfqan hərbçilərinin sayı ən azı 331 nəfərə yüksəlib, 500-dən çox adam yaralanıb.
Bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar X sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Əfqanıstan ərazisindəki 37 hədəfə hava zərbələri endirilib:
“Pakistan silahlı qüvvələri 104 əfqan blokpostunu məhv edib, daha 22-sini öz nəzarətinə götürüb. Bundan əlavə, tanklar, zirehli döyüş maşınları və artilleriya qurğuları daxil olmaqla 163-dən çox hərbi texnika məhv edilib”.
Xatırladaq ki, 26 fevraldan etibarən Pakistan və Əfqanıstan arasında toqquşmalar başlayıb. Pakistan Əfqanıstanla açıq müharibəyə girdiyini elan edib.
Həmin gün Əfqanıstan hərbi hakimiyyəti bir neçə gün əvvəl Pakistanın hava hücumlarına cavab olaraq bu ölkəyə zərbələr endirməyə başlayıb. “Əl-Ərəbiyyə”nin məlumatına görə, Pakistan qüvvələrinin Nəngərhar və Paktiya əyalətlərində həyata keçirdiyi son hava hücumlarından sonra cümə axşamı ağır toqquşmalar başlayıb.
Əvvəlcə Əfqanıstan qüvvələri Pakistanın səkkiz sərhəd məntəqəsini ələ keçirib.
TASS-ın məlumatına görə, Nənqərhar əyalətinin Qoşt rayonunda, eləcə də Kunar əyalətində müəyyən nöqtələr ələ keçirilib.
Pakistan ordusu isə Talibanın istehkamına tank əleyhinə idarə olunan raketlə zərbə endirib.
Taliban sərhəd boyunca on mövqeni ələ keçirdiyini və beş obyekti məhv etdiyini iddia edib.
TASS məlumat yayıb ki, Pakistan silahlı qüvvələri əks-hücumla Əfqanıstan qoşunlarını geri çəkilməyə məcbur edərək üç sərhəd postunu məhv edib.
Bildirilib ki, Pakistanın Xayber Paxtunxva əyalətinin Çitral və Bajaur rayonları ilə həmsərhəd ərazilərdə Əfqanıstan mövqeləri məhv edilib.
Martın 2-də Əfqanıstan Hərbi Hava Qüvvələri yenidən Pakistanın ərazisindəki hərbi bazalara zərbələr endirib.
Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, hədəflər arasında Ravalpindidəki "Nurxan" bazası, Bəlucistan əyalətindəki 12-ci ordu korpusunun qərargahı və Xayber-Paxtunxva əyalətinin Mohmənd rayonu da olub.
Hadisə ilə bağlı “Xalq Cəbhəsi”nə danışan pakistanlı hərbi ekspert Air Marşal Amir Masood deyib ki, Pakistanın Əfqanıstan daxilində həyata keçirdiyi hücumun əsas səbəbi ondan ibarətdir ki, Talibanın hakimiyyəti ələ keçirməsindən sonra təxminən son üç il ərzində Pakistan Əfqanıstanla münasibətləri gücləndirməyə çalışmışdı. Həmin vaxt Pakistan düşünürdü ki, yeni hakimiyyət əvvəlki rejimlə müqayisədə daha dost münasibətdə olacaq.
Lakin Talibanın hakimiyyətə gəlməsindən sonra Pakistan daxilində “Təhrik-i-Taliban Pakistan” (TTP) tərəfindən həyata keçirilən hücumların sayı əhəmiyyətli dərəcədə artdı. Qatarlar, məscidlər, məktəblər, kolleclər və hətta İslamabad kimi böyük şəhərlər hücumlara məruz qaldı. Tutulan şəxslərin çoxunun Əfqanıstan vətəndaşı olduğu bildirildi və istifadə olunan silahların bir hissəsinin Hindistan tərəfdən, digər hissəsinin isə ABŞ ordusu Əfqanıstandan çıxarkən orada qoyduğu böyük silah ehtiyatlarından əldə edildiyi qeyd olunur. ABŞ ölkəni tərk edərkən milyardlarla dollar dəyərində sursat Əfqanıstanda qalmışdı və bu silahlar terror təşkilatları tərəfindən istifadə olunur: “Pakistan hökuməti dəfələrlə Əfqanıstan hakimiyyətinə müraciət edərək onların ərazisində fəaliyyət göstərən terror təşkilatlarının fəaliyyətinə nəzarətin gücləndirilməsini tələb etmişdi. Bildirilir ki, bir çox təşkilat - TTP, İŞİD, Bəlucistan Azadlıq Ordusu və “Əl-Qaidə”nin bəzi qolları - Əfqanıstan daxilində təhlükəsiz sığınacaqlara malikdir. Bu səbəbdən Əfqanıstanın terror fəaliyyətləri üçün bir mərkəzə və müxtəlif bölgələrə hücumlar üçün platformaya çevrildiyi iddia olunur.
Pakistanın ən çox zərər çəkən ölkə olduğu vurğulanır, çünki Pakistan onilliklər ərzində Əfqanıstanı dəstəkləmiş, milyonlarla qaçqına sığınacaq vermişdir. Uzun illər ərzində 3–5 milyon arasında əfqan qaçqını Pakistanda yaşamış və hələ də çoxlu sayda əfqan vətəndaşı ölkədə qalmaqdadır. Pakistan özünü yaxşı ev sahibi kimi təqdim etsə də, indi sığınacaq verilmiş şəxslərdən bəzilərinin ölkə daxilində terror fəaliyyəti ilə məşğul olduğu iddia edilir.
Təkrar xəbərdarlıqlara baxmayaraq hücumlar artdığı və mülki şəxslər - qadınlar, uşaqlar və günahsız insanlar - həlak olduğu üçün Pakistan terror düşərgələrinə, sursat anbarlarına və hücumların planlaşdırıldığı məntəqələrə qarşı əməliyyat keçirmək qərarı verdi. Bu zərbələrin Kabil, Cəlalabad və Paktia vilayəti istiqamətində yerləşən əraziləri hədəf aldığı bildirilir. Pakistan hərbi qüvvələrinin bu obyektləri dəqiq zərbələrlə zərərsizləşdirdiyi və bununla “artıq bəsdir” mesajı verdiyi qeyd olunur.
Həmçinin iddia edilir ki, Əfqanıstan Talibanı TTP-yə dəstək göstərirdi və Pakistan qüvvələri bir sıra hücumların qarşısını ala bilmişdir. Hava zərbələrinin effektiv olduğu və mesajın aydın olduğu vurğulanır: Pakistan daxilində terror fəaliyyəti göstərənlər gizlənə bilməyəcəklər.
Bildiriləə görə, region ölkələri - Səudiyyə Ərəbistanı, Çin və Rusiya dəfələrlə Əfqanıstan hakimiyyətini terror fəaliyyətlərini nəzarət altına almağa çağırıb. Eyni zamanda Hindistanın RAW kəşfiyyat təşkilatının və digər xarici qüvvələrin Əfqanıstanda fəaliyyət göstərərək terroru dəstəklədiyi iddiaları da səsləndirilir. Nəticə olaraq, Pakistan tərəfi bildirir ki, ölkə daxilində terrora artıq dözmək mümkün deyil və Əfqanıstandakı hakimiyyət terror təşkilatlarının fəaliyyətini dayandırmalı, onların ölkə ərazisindən region dövlətlərinə qarşı hücumlar təşkil etməsinə imkan verməməlidir”..
Pakistanlı siyasi ekspaer Qaiser Navab isə deyib ki, Pakistan və Əfqanıstan arasında son gərginlik bütün regionu dərindən narahat edir. Beynəlxalq qüvvələrin çıxarılmasından sonra Əfqanıstanın sabitliyə, inklüzivliyə və konstruktiv regional qarşılıqlı fəaliyyətə doğru irəliləyəcəyinə əsl ümid var idi. Dinc və iqtisadi cəhətdən inteqrasiya olunmuş Əfqanıstan həm Əfqanıstan, həm də Pakistan xalqının maraqlarına uyğundur.
Son beş onillikdə milyonlarla əfqan qaçqına ev sahibliyi edən Pakistan tarixən regional qeyri-sabitliyin əhəmiyyətli yükünü daşıyıb. Eyni zamanda, Pakistanın transsərhəd silahlı qruplaşmalar və qeyri-dövlət silahlı qruplarının fəaliyyəti ilə bağlı qanuni təhlükəsizlik narahatlıqları var. İstənilən dövlət öz vətəndaşlarını və ərazi bütövlüyünü qorumaq üçün suveren hüququna malikdir.
Bununla belə, ritorika ilə reallığı diqqətlə ayırmaq vacibdir. Rəsmi “müharibə elanı” böyük regional və qlobal nəticələrə səbəb olacaq. Pakistan və Əfqanıstan arasında tammiqyaslı müharibə heç bir tərəfə fayda verməyəcək. Bu, ticarəti, humanitar axınları, sərhəd icmalarını və regional əlaqə təşəbbüslərini, o cümlədən sabitlik və inkişafla əlaqəli daha geniş iqtisadi dəhlizləri pozacaq: “Bu münaqişənin kökündə bir-biri ilə əlaqəli bir neçə məsələ dayanır:
1. Təhlükəsizlik və sərhədyanı silahlı qruplaşma – Pakistan uzun müddətdir Əfqanıstan ərazisindən fəaliyyət göstərən silahlı qruplarla bağlı narahatlığını ifadə edib.
2. Qarşılıqlı inamın olmaması – Tarixi şikayətlər və həll olunmamış sərhəd idarəçiliyi problemləri şübhələri gücləndirməkdə davam edir.
3. Geosiyasi rəqabət – Regional rəqabət və xarici təsir çox vaxt ikitərəfli münasibətləri çətinləşdirir.
4. İdarəetmə və insan hüquqları ilə bağlı narahatlıqlar – Əfqanıstan daxilində daxili siyasətlər, xüsusən də inklüzivlik və qadın hüquqları ilə bağlı beynəlxalq narahatlıq doğurmuş və diplomatik təcridin yaranmasına səbəb olmuşdur.
Gərginliyin uzunmüddətli qarşıdurmaya çevrilməsi və ya sürətlə azalması siyasi iradədən çox asılıdır. Hər iki tərəf dialoq əvəzinə hərbi siqnalı seçsə, qeyri-sabitlik uzana bilər. Bununla belə, dost ölkələr və ya çoxtərəfli platformalar tərəfindən dəstəklənən regional diplomatiya təcili olaraq bərpa olunarsa, qısamüddətli böhranın davamlı münaqişəyə çevrilməsinin qarşısı alına bilər”.
Q.Navab onu da vurğulayıb ki, bu bölgədə müharibə nadir hallarda qısa olur; tarix bizə öyrədir ki, eskalasiya baºlayan kimi gözlənilməz nəticələr də gəlir. Davamlı sülh kəşfiyyata əsaslanan antiterror əməkdaşlıq, sərhəd koordinasiya mexanizmləri, humanitar fəaliyyət və etimadın möhkəmləndirilməsi tədbirləri tələb edəcək: «Pakistanlı və regional sülh tərəfdarı kimi mən hesab edirəm ki, dialoq hətta qarşıdurma anlarında belə açıq qalmalıdır. Pakistan və Əfqanıstan xalqları arasında dərin mədəni, dini və tarixi bağlar mövcuddur. Uzunmüddətli sabitlik açıq müharibə yolu ilə deyil, məsuliyyətli diplomatiya, regional iqtisadi əməkdaşlıq və suverenliyə qarşılıqlı hörmətlə təmin olunacaq.
Müvəqqəti gərginliklər nəsillərarası münaqişəyə çevrilməzdən əvvəl eskalasiyanın qarşısını almaq, mülki insanları qorumaq və strukturlaşdırılmış kommunikasiya kanallarını bərpa etmək prioritet olmalıdır”.
Cavid