Dünyada 60 milyon əhali yoxsulluqla üz-üzədir Dünya

Dünyada 60 milyon əhali yoxsulluqla üz-üzədir

Koronavirus 60 milyon insanı "həddindən artıq yoxsulluğa" salacaq. Dünya Bankının Prezidenti xəbərdarlıq edir. David Malpass bankın bu il qlobal miqyasda iqtisadi böyümənin 5 faiz azalacağını gözlədiyini bildirib. Bu, artıq milyonlarla insanın iş yerlərini və biznesini itirməsinə və daha yoxsul ölkələrin də bunu hiss etməsinə səbəb olub. "Dünyadakı milyonlarla dolanışıq məhv edilib və səhiyyə sistemləri gərgin vəziyyətə düşüb," - David Malpass deyib.
"Təxmini hesablamalarımıza görə, 60 milyona qədər insanın həddindən artıq yoxsulluğa məruz qalması - son üç ildə yoxsulluğun azaldılması ilə bağlı bütün irəliləyişlərin silinməsidir", - cənab Malpass xəbərdarlıq edib.
Dünya Bankı "həddindən artıq yoxsulluğu" gündə bir nəfərə 3 manat 23 qəpikdən (1.90 dollar və ya 1.55 funt sterlinq) az vəsaitlə yaşamaq kimi müəyyənləşdirir.
Vaşinqtonda yerləşən kreditor yoxsul ölkələrə böhrandan çıxmaq üçün 160 milyard dollar qrant və aşağı faizli kreditlər təklif edir. Cənab Malpass dünya əhalisinin 70 faizinin yaşadığı 100 ölkəyə artıq təcili maliyyə yardımının verildiyini açıqlayıb. "Dünya Bankı böyük həcmdə resurslar təqdim etsə də, bu, kifayət deyil," - o deyib.
Cənab Malpass kreditorların kasıb ölkələrə kredit təklifləri etməsinə qarşı acıqlı olduğunu da bildirib: "Yavaş tempdən bir qədər acıqlıyam. Kommersiya kreditorları hələ də ən kasıb ölkələrdən ödənişlər alırlar və ümumiyyətlə, daha sürətli hərəkət etmək lazımdır".
Dünya Bankı Beynəlxalq Valyuta Fondu (BVF) ilə birgə kasıb ölkələrin bu ilin sonuna qədər G20 üzvlərinə borclarının qaytarılması ilə bağlı bir sxem üzərində işləyib. Bu sxem kreditlərin ödənməsi üçün borc istəməyə imkan verir.
Eyni zamanda JP Morgan bankının icraçı direktoru Jamie Dimon koronavirus pandemiyasının ədalətli cəmiyyət qurmaq üçün "oyanış çağırışı" kimi xidmət etməli olduğunu deyib. "Ümid edirəm ki, bu böhrandan kəskin dərəcədə daha çox insan üçün, xüsusən çox uzun müddət geridə qalanlar üçün fürsət yaradan və davam etdirən iqtisadiyyatı yenidən qurmaq üçün katalizator olaraq istifadə edərik", - Jamie Dimon çərşənbə axşamı günü deyib.
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyona yaxınlaşsa da, ölənlərin sayı 324 min, sağalanların sayı isə 1 milyon 960 minə çatıb. Son 24 saatda COVİD-19-la bağlı bəzi ölkələrdə baş verənləri təqdim edirik. Belə ki, Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən qocalar evində 1 nəfərin yeni növ koronavirus infeksiyasından dünyasını dəyişməsi ilə ölkədə COVİD-19-dan ölənlərin sayını 100-ə çatıb.
Sudanda yeni koronavirusa görə həyatını itirənlərin sayı son 24 saatda 6 nəfər artaraq 111 nəfərə yüksəlib. ABŞ-da virusa yoluxanların ümumi sayı 1 milyon 570 min, dünyasını dəyişənlərin sayı isə 93 min 533 nəfəri ötüb. İtaliyada COVİD-19-dan ölənlərin sayı 32 min 169 nəfərə çatıb. İngiltərədə yeni növ koronavirus pandemiyası 35 min 341 can alıb. İspaniyada da virusdan ölüm halları davam etməkdədir. Ölkədə infeksiyadan dünyasını dəyişənlərin sayı 27.778 nəfərə yüksəlib. Rusiyada isə COVİD-19-a yoluxanların sayı 299 min 941, həyatını itirənlərin sayı isə 2 min 837 nəfər yüksəlib.
Qlazqo Universitetinin Virus Genetikası və Bioinformatika şöbəsinin sədri professor Devid Robertson deyib ki, yeni virus çox uğurlu virusdur və tamamilə məhv etmək mümkün olmayacaq. “Olduqca yoluxucu, çox uğurlu virusdur, biz də yoluxmağa uyğunuq. Vəziyyətin daha da pisləşəcəyindən narahat olmaq yanıldıcıdır, çünki hazırda yoluxma rəqəminə görə vəziyyət çox daha pis ola bilməz. Virus o qədər çox insanda simptom göstərmədən, ya da yüngül simptomlarla büruzə verib ki, nəzarətə götürmək mümkün deyil.
Bu virusu məhv edə bilməyəcəyimiz məsələsində dəqiq olmağımız lazımdır. İnsanlar arasında yerləşəcək və bir neçə il ərzində normal virus olacaq” – Robertson deyib. Londonun Gigiyena və Tropik Tibb Məktəbinin professoru Con Edmund Kovid-19-dan sağalan insanların əhəmiyyətli dərəcədə immunitet qazana bilməyəcəyi barədə xəbərdarlıq edib.