Tramp ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxacağını bəyan edib Dünya

Tramp ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxacağını bəyan edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Açıq Səma Müqaviləsindən çıxacağını bəyan edib.
Xarici KİV-lərə istinadən xəbərik verir ki, Tramp Rusiyanın razılaşmaya riayət etməməsi səbəbindən bu qərara gəlindiyini bildirib.
O, ABŞ-ın Rusiya ilə çox yaxşı münasibətləri olduğunu, lakin Rusiyanın razılaşmaya riayət etmədiyini vurğulayıb.
"Buna görə də onlar şərtlərə əməl edənə qədər biz müqavilədən ayrılacağıq. Ancaq yeni bir razılaşma əldə edə biləcəyimiz üçün çox yaxşı şans var. Yenidən bir araya gəlmək üçün bir şey edəcəyik”, - deyə Tramp qeyd edib.
Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko öz növbəsində bildirib ki, rəsmi Moskva tərəfindən sözügedən müqavilə pozulmayıb.
“ABŞ-ın qaldırdığı bütün bu məsələlər Açıq Səma Müqaviləsinin məsləhət komissiyası çərçivəsində müzakirə mövzusudur", - deyə o qeyd edib.
Qeyd edək ki, Açıq Səma Müqaviləsini 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət imzalayıb. Müqavilə Soyuq Müharibədən sonra Avropada etimad tədbirlərindən birinə çevrilib. Rusiya isə bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. Ümumilikdə müqaviləni 34 dövlət təsdiq edib.