Putinin planı iflası uğrayıb Dünya

Putinin planı iflası uğrayıb

Ukraynadakı hadisələr onu deməyə əsas verir ki, Kreml Avrasiya Birliyi ideyasını reallaşdıra bilməyəcək

Cavid

Ukraynada baş verən hadisələr Rusiyanın bütün planlarını alt-üst edib. Hadisələrin bu istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, Putin və onun hakimiyyəti Gömrük İttifaqı və Avrasiya Birliyi ideyasını istədikləri kimi reallaşdıra bilməyəcək. Çünki prezident Yanukoviç də artıq Ukraynada xalqla hesablaşmaq məcburiyyətində qalıb. Prezidentin Ali Radadakı nümayəndəsi Yuri Miroşniçenko bildirib ki, Ukraynada yaranan siyasi böhranın güc yolu ilə həlli gözlənilmir.
Onun sözlərinə görə, prezident Viktor Yanukoviç Maydanı və müxalifətçilərin tutduğu binaları boşaltmağa hər cür imkan olduğunu deyib: "Ancaq prezident deyib ki, o bunu heç vaxt etməz. Çünki onlar da bizim vətəndaşlarımızdır".
Miroşniçenkonun sözlərinə görə, Yanukoviç erkən seçkilərin keçirilməsini mümkün sayır: "Prezident hesab edir ki, əgər siyasətçilər razılığa gələ bilməsələr vəziyyətdən yeganə dinc çıxış yolu erkən seçkilərin keçirilməsi olacaq".
Ukraynanın müxalif UDAR partiyasının lideri Vitali Kliçko isə ölkənin vətəndaş müharibəsinin astanasında olduğunu bəyan edib. "Associated Press"ə müsahibəsində V.Kliçko Ukraynadakı vəziyyətin diktaturaya gətirib çıxaracağını istisna etməyib: "Ölkəmizdə olan problemlər vətəndaş müharibəsinə gətirib çıxara bilər. Belə olan halda çoxlu sayda insan həlak olacaq. Biz Ukraynanı itirə bilərik, burada diktatura tətbiq olunacaq".
Bununla yanaşı V.Kliçko qeyd edib ki, ölkədə vəziyyət son dərəcə kritikdir və istənilən an dəyişə bilər.
Rusiya prezidenti Putin də Ukraynada Yanukoviçin müxalifətə dirəniş göstərə bilməyəcəyini yəqinləşdirəndən sonra məsuliyyəti öz boynundan atıb. Prezident bildirib ki, Ukraynada baş verənlər ölkənin daxili işidir. Amma hakimiyyətdə hansı qüvvənin təmsil olunmasına baxmayaraq Rusiya onunla əməkdaşlıq edəcək. Putin onu da vurğulayıb ki, əgər Ukrayna Avropaya inteqrasiya yolundan dönməzsə onda o, Gömrük İttifaqında təmsil oluna bilməz.
Politoloq Vəfa Quluzadənin fikrincə isə Rusiya Ukraynanın ən iri qonşusudur və Ukrayna bu ölkə ilə əməkdaşlıqdan heç zaman imtina etməyib. Bütün ölkələr özlərinə sərf etdikləri formada Gömrük İttifaqı ilə əməkdaşlıq edə bilər.
Politoloq onu da deyib ki, Ukraynanın tamamilə əldən çıxması vəziyyətində Rusiya onu parçalamaq planını işə salacaq. Politoloq hesab edir ki, Şərqi Ukrayna bu istiqamətdə Rusiyanın maraqlarını tam əks etdirir: "Lakin Moskva başa düşməlidir ki, bu cür addımlar vaxtilə SSRİ-nin dağılmasına səbəb olub. Rusiya Qərblə uzlaşmaya getmədi. Bunun əvəzində federasiya nüvə silahı əldə etməyə çalışdı və Qərblə mübarizəyə girişdi. Son nəticədə isə Rusiya Qərbə məğlub oldu və Sovet İttifaqı parçalandı. Qərb Rusiyanın yenidən bu cür avantüralara qoşulmasını istəyir. Çünki Rusiyanın atacağı addımlar sonda onun dağılması ilə nəticələnəcək. Rusiya Federasiyasının çökməsi məsələsi daxildə müzakirə olunan əsas mövzudur. Müxtəlif rus telekanallarında bununla bağlı kifayət qədər proqramlar yayımlanır".
Onu da qeyd edək ki, bir sıra ekspertlər rəsmi Kiyevin Şərq Tərəfdaşlığından imtina etməsindən sonra Qərbin bu məsələni Ukraynada 2015-ci ildə keçiriləcək prezident seçkilərinə saxladığını, hadisələrin cərəyan etdiyi dövrdə passiv mövqedə dayandığını və lazımi reaksiya göstərə bilmədiyini hesab edirlər. Müşahidələr isə bunun əksini sübut edir.
Ukraynadakı proseslərin başlanğıcında aksiyalara çıxanların sayı indikindən qat-qat az idi, müxalifət daxilində lider yox idi, etirazlar daha çox xaotik xarakter daşıyırdı. Məhz bu məqamda Qərbin proseslərə müdaxiləsinin aksiyalara stimulverici təsir göstərdiyini hesab etmək olar. Dekabrın əvvəlində təhlükəsizlik qüvvələrinin hökumət binalarını blokadaya almış aksiyaçıları dağıtması Qərbin sərt bəyanatları ilə müşayiət olundu. Qərbli liderlər aksiyaların güc yolu ilə dağıdılmasının qəbuledilməz olduğunu bəyan etdilər. Ukrayanaya qarşı sanksiyalar məsələsi gündəmə gətirildi. Səsləndirilən bəyanatların hamısı bir məqam üzərində quruldu: "Biz Ukrayna xalqı ilə birlikdəyik",
"Ukrayna hökumətinin hələ də doğru yolda hərəkət etməyə və avrointeqrasiya yoluna geri qayıtmağa şansı qalır". Kiyevə səfər edən amerikalı və avropalı emissarlar etirazçılar qarşısında çıxış edərək, onlara bilavasitə dəstək nümayiş etdirdilər.
O da məlumdur ki, Qərblə Rusiya arasında geosiyasi mübarizə aktual olaraq qalmaqdadır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski Ukraynadakı etirazçıların dəstəklənməsinin Rusiyaya qarşı siyasi müharibə olmadığını desə də, onun digər "Ukraynasız Rusiya bir daha imperiya olmayacaqdır" fikri Qərbin Ukraynada gedən proseslərə münasibətini aydınlaşdırmağa kömək edə bilər.
Ukrayna hakimiyyəti Şərq Tərəfdaşlığı çərçivəsində islahatları həyata keçirmək üçün ən azı 20 milyard avro vəsaitə ehtiyac olduğunu bəyan edəndə, Aİ bu ehtimalı qəti rədd etmişdi. Düşünmək olardı ki, əgər Ukraynanın bu proqramda iştirakı, siyasi, iqtisadi, demokratik islahatlar həyata keçirməsi Avropa üçün həqiqətən vacibdirsə, müəyyən güzəştlər edilə bilərdi.
Belə görünür, Qərb Ukraynanın məhz öz şərtləri daxilində proqramda iştirakında israrlıdır və proseslərə müdaxilə etməklə buna nail olmağa çalışır. Burada Aİ-yə yeni üzv olmuş Şərqi Avropa ölkələrinin iqtisadiyyatının sonradan Almaniya, Fransa kimi ölkələrin iqtisadiyyatı ilə rəqabətə davam gətirməyərək dağıldığını, onların istehsal sənayesi üçün bazara çevrildiyini xatırlatmaq Ukrayna üçün faydalı olardı.
Əlbəttə ki, Ukrayna Avropa üçün vacib ölkədir. Təbii sərvətlər, ucuz işçi qüvvəsi, böyük bazar, sabit inkişaf edəcək təhlükəsiz qonşu... Ukraynada baş verən proseslər Şərq Tərəfdaşlığı proqramının və xüsusilə Ukraynanın bu proqramda iştirakının Qərb üçün böyük əhəmiyyət kəsb etdiyini də göstərdi. Lakin bu əhəmiyyət insan hüquqları və demokratiya, siyasi-iqtisadi islahatlar, azad ticarət kimi terminlərlə ifadə olunmur. Geosiyasi reallıqlar, iqtisadi rəqabət, bazarlar uğrunda mübarizə Şərq Tərəfdaşlığının daha fərqli maraqlara dayandığını deməyə əsas verir.
Hələ sentyabrın 30-da Kiyevdə "Kilsə və dini təşkilatların Ukrayna xalqına müraciətini" ekspertlər təsadüfi hesab etmirlər. Bu ilk növbədə Rusiyanın Ukraynaya təsir uğrunda mübarizədə Qərbə uduzmasından xəbər verir. Avropa İttifaqı kursunun müdafiəsinə yönələn müraciət Ukrayna pravoslav kilsəsinin mitropoliti Vladimir tərəfindən də imzalanıb. Bununla da o, Moskva patriarxının ziddinə gedib. Nəticədə qazanan yenə də Qərb oldu.
Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bu Rusiya Pravoslav Kilsəsinə, onun vahidliyinə vurulan zərbə idi. Rusiya ümid edirdi ki, Ukrayna pravoslavları mitropolitin seçimini dəstəkləməyə bilər. Ancaq hər bir halda kilsədə ziddiyyət yenə də Qərbin xeyrinədir.
Ekspert Tərlan Həsənovun fikrincə, əgər Rusiya Ukraynada məğlub olarsa, onda onun nüfuzu daha da zəifləyəcək: "Rusiya öz niyyətini həyata keçirməkdən ötrü əvvəlcə siyasət işlədir, alınmayanda isə silaha əl atır. Bu dəfə də Putin Ukrayna məsələsində istədiyinə nail ola bilmədiyindən müxtəlif mesajlar verir. Bu mesajlar Ukranya müxalifətinə hesablanıb. Mənə elə gəlir ki, müxalifətlə xalqın birliyi Yanukoviç hakimiyyətini Kremlin məkrli planlarından çəkindirəcək. Bu zaman Putin özünü məğlubedilmiş hesab etsə də biruzə verməyəcək və rəsmi Kiyevə iqtisadi sanksiyalar tətbiq edəcək".