Rusiya Gürcüstanda da hərəkətə keçdi Dünya

Rusiya Gürcüstanda da hərəkətə keçdi

Metyu Brayzə: "Moskva aşkar şəkildə bilavasitə qonşularının Qərbə inteqrasiyasının nə dərəcədə qəti əleyhinə olduğunu nümayiş etdirir"

Elxan Şahinoğlu: "Hakimiyyət daxilində iki qütb yaranıb, biri Rusiya ilə əməkdaşlıqda maraqlıdır, digəri isə Qərblə inteqrasiyaya üstünlük verir"

Zəlimxan Məmmədli: "NATO-ya sürətli inteqrasiya edən Gürcüstanı daxili çəkişmələr fonunda bu addımdan çəkindirmək istəkləri açıq şəkildə təzahür edir"

Gürcüstanda hakimiyyət böhranı yaşanır. Müdafiə naziri postundan istefa vermiş İrakli Alasaniyanın rəhbərlik etdiyi Azad Demokratlar Partiyası hakim koalisiyadan çıxıb. İrakli Alasaniya özü belə bəyanat yayıb. O qeyd edib ki, hakim "Gürcü arzusu" koalisiyası ilə yolları sivil formada ayrılıb, amma oturub bu barədə müzakirə aparmaq mümkün olmayıb.
İrakli Alasaniyanı müdafiə naziri postunda Mindiya Canelidze əvəzləyib. Mindiya Canelidze Dövlət Təhlükəsizliyi, Böhranları İdarəetmə üzrə Hökumət Şurasının katibi postunu tuturdu. Noyabrın 5-də Gürcüstanın xarici işlər naziri Maya Pancikidze də istefa verib. Qərarını brifinqdə bəyan edən Pancikidze müavinləri David Zalkaliani, Tamar Beruçaşvili, Levan Qurqenidze və David Calaqaniyanın da öz postlarından istefa verdiklərini bildirib. Pancikidze hakim "Gürcü arzusu" Partiyasının sıralarından çıxacağını da elan edib.
Qeud edək ki, indiki hökumət Saakaşvili də daxil olmaqla, keçmiş rəqiblərinə qarşı müxtəlif ittihamlarla həbslərə start verib. Bunun ardınca isə indi hakimiyyətdə təmsil olunanlara qarşı təzyiqlərə başlayıb, bu isə artıq istefalarla müşayiət olunur.
Hətta baş nazir tərəfindən istefaya göndərilmiş Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniya həbs olunacağını istisna etmir. Yerli "Rustavi-2" telekanalına müsahibəsində Alasaniya həbs olunacağını qeyd edib: "Mən heç nəyi istisna etmirəm, əgər məni bir siyasi lider kimi həbs etmək istəyirlərsə..., qoy etsinlər, lakin günahsız insanlara toxunmasınlar".
Qərar verilməzdən əvvəl müdafiə naziri İrakli Alasaniya bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə məqsədli hücumun həyata keçirildiyini qeyd edib. O, rəhbəri olduğu qurumun Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə qurum olduğunu və prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı hücum adlandıraraq hakim koalisiyasının Siyasi Şurasının çağırılmasının tələb edib. İrakli Alasaniya istefaya göndərildikdən sonra onun silahdaşı, Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verəcəyini deyib. Petriaşvili "Diktatura yaxınlaşır, demokratiya təhlükədədir. Mən yazılı şəkildə baş nazirə istefa barədə müraciət edəcəyəm"- deyə son müsahibəsində bildirib. Öz növbəsində istefaya göndərilən keçmiş müdafiə naziri də şikayətlənib. Alasaniya "Bu gün görünür ki, Gürcüstanın bütün qərbyönlü gücləri birləşməlidir. Bu gün biz partnyorlarımıza göstərməliyik ki, Gürcüstan cəmiyyəti qərbyönümlü istiqamətdə birləşib, Ukraynada yaşanan təxribat Gürcüstanda keçməyəcək"- deyə bildirib.
Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze hazırkı hökumətin tərkibindəki "Bizim Gürcüstan – Azad demokratlar" partiyasının rəhbəri İrakli Alasaniyanın komandasından olan nazirlərin hamısının istefaya göndəriləcəyini istisna etməyib.
Vyanada səfərdə olan qonşu dövlətin prezidenti Georgi Marqvelaşvili isə Gürcüstandakı son hadisələri şərh edərkən qeyd edib ki, siyasi qarşıdurma ölkənin NATO-ya inteqrasiyasına əngəl törədə bilər: "Siyasi qarşıdurma ölkədəki institutların səmərəli fəaliyyətini, dövlətin Avroatlantik inteqrasiyasını və ən əsası, ölkəmizin suverenliyinin təminatçısı olan ordunu təhlükə altına atır".
Alasaniyanın rəhbəri olduğu "Bizim Gürcüstan – Azad demokratlar" partiyası "Gürcü arzusu" hakim koalisiyasını tərk edəcəyi təqdirdə "Gürcü arzusu" parlamentə çoxluğu da itirmiş olacaq.
Problemi şərh edən Siyasi Şərhçi Elçin Xalidbəyli bildirdi ki, Gürcüstanda baş verənləri hakimiyyət böhranı kimi xarakterizə etmək hələ çox tezdir. Onun sözlərinə görə, hələ ki, cəmisi bir neçə dövlət məmuru istefa verib. Və belə istefalar siyasi komandaların daxilində vaxtaşırı olur: "İstefaların böhrana səbəb olması üçün həm də hakimiyyətin siyasi idarəçilik qabiliyyətini itirməsi şərtdir. Gürcüstanda hələlik belə bir durum mövcud deyil. Əslində, Gürcüstanda maraqları olan beynəlxalq siyasi iradə mərkəzləri də bu ölkədə hakimiyyət böhranının yaranmasına imkan verməzlər. Yəni Gürcüctanda baş verənlərdən uzaqgedən nəticələrin çıxarılması hələ çox tezdir. Bu proseslərin Gürcüstanın Avroatlantik məkana inteqrasiyasına təsirinə gəldikdə isə, hələlik rəsmi Tiflis üçün narahatlıq doğura biləcək durum nəzərə çarpmır. Ən azından ona görə ki, Gürcüstanın Avroatlantika məkanına inteqrasiyası rəsmi Tiflisin istəyindən daha çox Qərbin qərarından asılıdır. Qərb nə zaman qəti qərar versə, Gürcüstan o zaman Avroatlantik məkanda özünə yer qazanacaq. Hətta Gürcüstanda hakimiyyət böhranı olsa belə, bu, Qərb üçün problem deyil. Çünki Gürcüstan kimi balaca, zəif və başqalarından asılı dövlətlərdə Qərb özünə lazım olan hər şeyi reallaşdırmaqda, eləcə də özünə sərfəli hakimiyyətləri formalaşdırmaqda çətinlik çəkmir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Gürcüstanda vəziyyətin gərginləşdiyini açıqlayıb. Elxan Şahinoğlu bildirib ki, indiki hakimiyyət Mixail Saakaşvili üzərində qələbə qazandıqdan sonra vahid komanda kimi görünürdü: "Həmin vaxt komandanın çat verəcəyini proqnozlaşdırmışdım. İndi həmin çat özünü göstərir. Hakimiyyət daxilində iki qütb yaranıb. Biri Rusiya ilə əməkdaşlıqda maraqlıdır, digəri isə Qərblə inteqrasiyaya üstünlük verir. Baş nazir Qaribaşvili müdafiə naziri Alasaniyanı postundan uzaqlaşdırır. Alasaniya Gürcüstanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığında maraqlı olan insandır. Yaranmış vəziyyətdən Gürcüstan prezidenti Marqvelaşvili narahat olmalıdır. Bu prezident və baş nazir arasında narazılıq yaradacaq. Yaxın zamanda bu açıq şəkildə özünü göstərəcək".
Lakin Elxan Şahinoğlu Gürcüstanda siyasi çevrilin olacağına inanmadığını bildirib və bunun az ehtimal olunan məsələ olduğunu deyib. O, belə bir proses baş verərsə, bunun Gürcüstanı daha böyük xaosa yuvarlayacağını iddia edir: "Düşünürəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi mümkündür. Bunun üçün hakim koalisiyanın parçalanması lazımdır. Çevriliş isə mümkün deyil, belə bir şey baş versə, bu ən azından Rusiyanın maraqlarına xidmət etmək olacaq. Hansısa siyasi komandanın belə bir yola baş vuracağı inandırıcı deyil. Saakaşvili rəqiblərinə qarşı güclənə bilər. Gürcüstanda siyasi sabitliyin pozulmasını Qaribaşvili hökumətinin qarşısına arqument kimi qoya bilər. Bu çərçivədə keçmiş prezident tərəfdarlarının siyasi arenada fəallaşması mümkündür".
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə deyib ki, Gürcüstandakı indiki hakmiyyətə "Rusiyayameyilli" yarlığı vurulub və bu ehtimallar olub: "Müəyyən zamanlarda Gürcüstanın parlamentdə xarici siyasətlə bağlı qəbul olunmuş qanunlarda avrointeqrasiya elementləri özünü göstərir. Amma Rusiyanın bu ölkəyə təsir dairəsi də var. Saakaşvilinin devrilməsində açıq mövqeyini ortaya qoyan Putin hakmiyyətinin indiki Gürcüstan iqtidarına da təsir imkanları olmamış deyil. NATO-ya sürətli inteqrasiya edən Gürcüstanı daxili çəkişmələr fonunda bu addımdan çəkindirmək istəkləri açıq şəkildə təzahür edir. Müdafiə naziri, eləcə də Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri postları kifayət qədər mühüm əhəmiyyət daşıyır. Hər iki keçmiş nazirin ilkin açıqlamaları var və onlar hakimiyyətin siyasi orientasiyasının yanlışlığı, addımın da NATO-ya olan inteqrasiyanın əngəlləməsinin səbəblərindən biri kimi göstərilir. Hesab edirəm ki, bu çox ciddi məqamdır və istefalar davam edə bilər. O cümlədən həbs variantları da işə salınması ehtimalları var. Ona görə ki, müdafiə nazirini birbaşa baş nazir vəzifəsindən azad edib. Bu da təsadüfi deyil və əgər müdafiə naziri işdən azad olunursa, demək ki, bunun kökündə başqa səbəblər də durur. Bütün baş verənləri Gürcüstanda siyasi böhranın başlanğıcı kimi dəyərləndirmək olar".
Z.Məmmədli qeyd edib ki, İvanaşvili Saakaşvilidən daha yaxşı vədlər verərər onu hakimiyyətdən uzaqlaşdırmağa nail oldu: "Amma təəssüflər olsun ki, insanlar vəd olunanları görə bilmirlər. Bu da cəmiyyətdə narazılıqların yaranmasına və əvvəlki hakimiyyətlə bağlı nostalji hisslərin yaranmasına gətirib çıxarır. Faktiki olaraq, keçmiş hakimiyyətin reytinqi Gürcüstanda artmaqdadır. Bunun Gürcüstanda keçiriləcək parlament və bələdiyyə seçkilərində indiki hakimiyyətə problem yaradacağı gözləniləndir".
ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Tallindəki Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza isə bu ölkədəki təhlükəli proseslər barədə xəbərdarlıq edib: "Gürcüstan hökuməti ölkənin beynəlxalq imicini, strateji etibarlılığını və hətta ola bilsin ki, müstəqilliyini hədələyən ciddi siyasi böhran keçirir".
Brayza " Trend"ə bildirib: "Gürcü arzusu" koalisiyası daxilindəki çoxillik gərginlik hərəkatın nisbətən daha təcrübəli liderlərinin itirilməsinə gətirib çıxardı. Həmçinin, o kəslərin ki, onlar artıq çoxdan bəri Gürcüstanın Transatlantik cəmiyyətə inteqrasiyası uğrunda, Gürcüstanda seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanmış hədəf uğrunda mübarizə aparırlar".
Hazırkı vəziyyətin Gürcüstanın Avropaya inteqrasiyası prosesinə necə təsir etdiyi barədə suala cavab verən Brayza deyib ki, bu, ölkə hakimiyyətində kimin qalacağından asılıdır: "Ölkənin demək olar ki, bütün xarici siyasət özəyinin istefaya getməsindən az sonra Baş nazir Qaribaşvili bəyan etdi ki, Gürcüstan əvvəlki kimi Aİ-nin assosiasiyalar haqqında sazişinə və Gürcüstanın Avropaya inteqrasiyasında irəliləyişin dəstəklənməsinə sadiqdir".
Onun fikrincə, eyni zamanda, Gürcüstanın digər liderləri ölkənin Aİ ilə assosiasiyası üzrə öhdəliklərinin yerinə yetirilməsi barədə çətin qərar qəbul etməli, ya da Moskvanın hədəfləri naminə milli maraqlarla risk etməlidirlər.
Brayza vurğulayıb ki, Rusiya aşkar şəkildə bilavasitə qonşularının Qərbə inteqrasiyasının nə dərəcədə qəti əleyhinə olduğunu nümayiş etdirir.

Əli