Ermənistan “banan” ölkəsinə çevrilir Dünya

Ermənistan “banan” ölkəsinə çevrilir

Gələn ilin büdcəsi ölkənin iqtisadi tənəzzülündən xəbər verir

Cavid

2015-ci ilin dövlət büdcəsinin layihəsi Ermənistanı banan respublikası istiqamətinə aparır. Ermənistan KİV xəbər verir ki, bunu dünən parlamentdə "Çiçəklənən Ermənistan" Partiyasından olan deputat, parlamentin iqtisadiyyat komissiyasının sədr müavini Mikael Melkumyan deyib. Onun sözlərinə görə, Ermənistanın gələcəyi real sektorun inkişafından, elm və istehsalın innovasiyasından asılıdır: "Növbəti ilin büdcəsi buna ikman vermir".
Ermənistanda 2013-cü ildə idxal 4,5 milyard, ixrac isə 1,5 milyard dollar olub. 3 milyard dollarlıq fərqin heç olmasa bir hissəsini xarici investisiya vasitəsilə örtmək olardı. Melkumyanın fikrincə, əksinə proses gedir – erməni biznesmenləri təzyiqə tab gətirməyərək və risk etməyi arzulamayaraq xaricə investisiya qoymağa başlayırlar.
Xatırladaq ki, sentyabrın 25-də Ermənistan hökuməti 2015-ci ilin dövlət büdcəsinin ilkin layihəsini təsdiqləyib və parlamentə təqdim edib. Hökumətin iclasında təqdimatla çıxış edən maliyyə nazirinin müavini Pavel Səfəryan ilkin layihədə dövlət büdcəsi gəlirlərinin 1 trilyon 184 milyard dram (1 ABŞ dolları - 406,5 dram) səviyyəsində planlaşdırıldığını açıqlayıb. O, xərclərin 1 trilyon 298 milyard, büdcə defisitinin 114 milyard 100 milyon dram təşkil edəcəyini deyib. Büdcə layihəsindən danışan baş nazir Ovik Abramyan qondarma "Dağlıq Qarabağ Respublikası"na da 2015-ci ildə "101 milyon dollarlıq dövlətlərarası kredit" ayrılacağını vurğulayıb. Ümumiyyətlə, Ermənistanın 2015-ci il büdcəsinin 24,1%-i ölkənin milli təhlükəsizlik sahəsinə - orduya və hüquq-mühafizə orqanlarına, 47,9%-i isə sosial-mədəni sahəyə (səhiyyə, təhsil, sosial müdafiə və s.) yönəldiləcək. Xatırladaq ki, Ermənistan büdcəsinin kəsiri (defisiti) Ümum Daxili Məhsul həcminin 2,3%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb. Gələn ilin büdcə kəsiri -1.662 milyon manat proqnozlaşdırılıb. 2015-ci il üçün nəzərdə tutulmuş büdcənin gəlir hissəsi 1 trilyon 184,5 milyard dram, xərclər hissəsi isə 1 trilyon 298,6 milyard dram təşkil edr. Kəsir 114,1 milyard dramdır. Müqayisə üçün deyək ki, 2014-cü ilin dünya büdcəsində gəlir hissəsi 1 trilyon 168,9 milyard dram, xərclər - 1 trilyon 284,5 milyard dram, kəsir isə 115,6 milyard dram idi.
Əvvəla, ötən illə müqayisədə büdcənin göstəriciləri az da olsa, 14-15 milyon dram səviyyəsində artıb. Ekspert Elçin Alıoğlunun fikrincə, Ermənistanın baş naziri Ovik Abramyan gələn ildə 4,1 faizlik iqtisadi artımın və yüksəlişin olacağını vəd edib. Ölkə iqtisadiyyatının mövcud vəziyyətini nəzərə alsaq, O.Abramyanın hökuməti ya belə iqtisadi inkişafa inanmır, ya da Rusiyadan alınan pullar hesabına 2015-ci ildə iqtisadi inkişafın artacağına ümid edir.
Puç ümidlərdir. Ona görə ki, Ukrayna hadisələri ilə bağlı olaraq Qərbin Moskvaya tətbiq etdiyi sankisiyalar nəticəsində Rusiyada iqtisadi geriləmə olduğundan şimala güvənərək hansısa iqtisadi irəliləyişə bel bağlamaq illüziyalardan artıq heç nə deyil.
Ola bilər ki, Ermənistanın baş naziri büdcə gəlirlərinin artımından bəhs edəndə sənaye istehsalının artımı və ya ümumdaxili məhsul səviyyəsinin yüksəlişini yox, "kölgə" iqtisadiyyatından əldə ediləcək pulların məbləğinin çoxaldılacığını ehtiva edir. İqtisadiyyatın bütünlüklə süni inhisarların nəzarətində olduğu şəraitdə həmin pullar kiçik və orta sahiblkarlara məmur təzyiqlərinin intensivləşməsi hesabına əldə olunasıdır. Normal dövlətlər üçün fəsadlı, yanlış yanaşma olsa da, Ermənistan üçün az qala adi situasiyadır. Büdcəni belə formalaşdırmağa çalışmaq, büdcəni məqsədə çevirmək əvəzinə iqtisadi göstəricilərin riskini azaltmaq, biznesə vergilərin və büdcəni təzyiqini aşağı salmaq gərəkdi. Ermənistan iqtisadiyyatı iflic durumda olduğundan kiçik və orta sahibkarlığa vergi təzyiqlərinin intensivliyinin azaldılmasına da kəskin ehtiyac duyulur. Digər tərəfdən, "kölgə iqtisadiyyatı" hesabına ödənişlərin artırılmasına cəhdlər edilirsə belə, büdcə vaxt keçdikcə kiçik və orta sahibkarlığa pressinqə çevriləcək. Göründüyü kimi, İrəvandakı rejim sahibkarlara mesaj verərək onlara "hami"lik təklif edir və aşkar şəkildə eyham vurur ki, məmurların kontrolunda olmayacaq biznes strukturlarını ağır günlər gözləyir. Baş naziri Ovik Abramyanın fəaliyyətinin son aylardakı vəziyyəti də vergi yığımları prosesinin bərbad olduğuna dəlalət edir. İqtisadiyyata və maliyyə sisteminə iqtidar mənsublarının təzyiqi fasiləsiz artır, məmurların iştahları və tamahları sərhəd tanımır. Ovik Abramyan baş nazir postunda fiaskoya uğrayıb. 2015-ci ilin büdcəsi də bəlli ki, məmur nəzarətinə keçməmiş biznes obyektləri üçün olduqca ağır sınağa çevriləcək. Hakimiyyət mənsublarına məsxus biznes vahidləri isə bundan sonra da büdcə vəsaitini mənimsəməyə davam edəcək, pulları "yeyəcək" və sonucda prezident Serj Sarkisyanın ətrafındakı adamların inhisarları daha da böyüyəcək. Gəlirləri artacaq adamlar arasında özlərini "müxalifət lideri" kimi təqdim edənlər də var. Məsələn, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan "Şimal-Cənub" avtomobil yolu layihəsi ilə bağlı tenderlərdə "qalib" gəlib və 2015-ci ildə də onun oğurlayacağı pulların məbləği artacaq. Axı həmin layihənin sementlə təminatı ÇEP liderinin zavodlarına həvalə olunub. Ermənistanın dövlət büdcəsinin formalaşması, müzakirəsi və təsdiqi sakit, emosiyalarsız davam etdiyindən hadisələrin iqtidarın tam nəzarətində olduğu şübhə doğurmur. Xatırladaq ki, Ermənistan büdcəsinin kəsiri (defisiti) Ümum Daxili Məhsul həcminin 2,3%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb. Gələn ilin büdcə kəsiri -1.662 milyon manat proqnozlaşdırılıb.
Erməni ekspert Ruben Ayrumyan büdcə layihəsindən çıxış edərək vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırır. Onun sözlərinə görə, real iqtisadiyyatı olmayan Ermənistanı daha çətin günlər gözləyir. Ekspertin fikrincə, Ermənistanın iqtisadi inkişafı Serj Sarksiyan iqtidarı dövründə mümkün deyil. Ekspert ölkəsinə dünya maliyyə sistemində, Gömrük İttifaqında yer olmadığını da bildirir. Bu şəraitdə o, Ermənistanın xaricdən də borc almasının müşkülə çevriləcək. "Çiçəklənən Ermənistan" fraksiyasından olan deputat Naira Zohrabyana görə, hökumət bilərəkdən gələcək nəsillərə borc yaradır: "Hökumət fikirləşmədən kreditlər alır. Ermənistanın xarici borcları 5 milyard dollara çatır. Bəlkə də hökumətdə fikirləşirlər ki, 4,5 milyardla 5 milyard arasında elə də böyük fərq yoxdur. Bəlkə də bu onlar üçün məntiqli sayıla bilər. Ancaq bu, bizə lazım deyil".
Ermənistan Mərkəzi Bankının keçmiş başçısı Baqrat Asatryan isə hesab edir ki, baş verənlər 2014-cü ilin yekunlarına görə, Ermənistan iqtisadiyyatında 4-5 faizlik geriləmənin olacağını göstərir. O bildirib ki, Ermənistan əhalisinin 87 faizi ölkədə iqtisadi vəziyyətin pis olduğunu bəyan edib. "Bu informasiyanı Avropa İttifaqının qonşuluğunda yerləşən ölkələrdə rəy sorğuları keçirən Avropa Qonşuluq Barometri yayıb". Maraqlıdır ki, bəzi yerli və xarici mətbuat orqanları da Ermənistanın ağır mərhələ keçirdiyini xüsusi olaraq vurğulayırlar. Əksər məlumatlarda Ermənistan iqtisadiyyatında dərin böhranın hökm sürdüyü önə çəkilir. Qərb ekspertləri qeyd edir ki, Ermənistan MDB məkanının ən böhranlı dövləti hesab ediləcək duruma artıq çoxdan çatıb. Ən ciddi problem isə demoqrafik problemdir. Ermənistanın dövlət xəbər xidmətinin açıqladığı rəsmi məlumata görə, il ərzində ölkəyə gələnlərlə gedənlərin sayları arasında 101 min nəfər fərq olub. Yəni Ermənistan əhalisi 101 min nəfər azalıb. Digər bir rəsmi məlumata görə, 2012-ci ildə Ermənistanda orta məktəbləri 37 min 693 nəfər bitirib. 2013-cü ildəsə, orta məktəbləri bitirənlərin sayı 30 min nəfər olub. Əgər bu yeniyetmələrin ölkəni tərk etdiyini ehtimal etsək, onda onların ailə üzvləri ilə bu rəqəm təxminən 100 min nəfəri aşar. "İPSC" Siyasi və Sosial Məsləhətləşmələr İnstitutu tərəfindən bu günlərdə keçirilmiş sorğuya əsasən, Ermənistan əhalisinin 37,4 faizi yaşayış səviyyəsindən narazıdır, 49 faizi isə pis yaşadıqlarını bildirir. İnstitutun əməkdaşı Samvel Manukyanın sözlərinə görə, ölkəni tərk edənlər narazı insanlardır. Hazırda Ermənistan mediası maraqlı bir məqama diqqət çəkərək bildirir ki, ölkədə getdikcə artan intiharların əsas səbəbi işsizlikdir. Beləliklə, gəlinən qənaət budur ki, bütün bunlar sonda mütləq qaydada hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Xüsusən də artan mitinqlər fonunda bu partlayışın tezliklə baş verməsi gözləniləndir. Sarkisyan iqtidarının çıxış yolu isə yalnız hakimiyyəti xoşluqla təhvil verməkdir.