Nəhənglər üz-üzə gələ bilərlər Dünya

Nəhənglər üz-üzə gələ bilərlər

"Foreign Policy" jurnalı: "ABŞ Çinlə müharibəyə hazırlaşır və hadisələrin inkişafı onları qəfil yaxalayacaq"

Cavid

KİV-də dünyanın böyük dövlətlərinin geosiyasi mübarizəsinin yeni səviyyəyə qalxdığı haqda analitik yazılar dərc edilir. Əsasən, Mərkəzi Asiya istiqamətində onların daha fəal olduğu vurğulanır. Lakin ABŞ, Rusiya və Çin fərqli əməkdaşlıq modelləri təklif edirlər. Onlardan hansının uğurlu olacağı haqqında qəti fikir söyləmək xeyli çətindir. Mübarizə isə getdikcə daha gərgin xarakter alır.
Dünən Çin üzrə mütəxəssis Maykl Pillsberi "Foreign Policy" jurnalında yazıb ki, Çin hərbçiləri əmindir ki, ABŞ Çinlə müharibəyə hazırlaşır və hadisələrin inkişafı onları qəfil yaxalayacaq.
"Çin hərbçiləri və siyasi liderləri inanırlar ki, onların ölkələri Amerika hərbi planlarının hədəfindədir", - deyə Pillsberi vurğulayır.
Onun sözlərinə görə, Pekinin hərbi sahəyə büdcə xərclərini artırması və ABŞ-ın Sakit okeanda qüvvələr balansını dəyişmək üçün çox vəsaitlər xərcləməsi ilə yanaşı, Çinin hərbi sektorunun qeyri-şəffaf olması da problem doğurur.
Ekspertin fikrincə, nə qədər ki, Çin ordusunun fəaliyyəti sirli qalacaq, Vaşinqtonla Pekin arasında savaş təhlükəsi real olacaq.
Bir müddət öncə isə ABŞ müdafiə nazirinin müavini Robert Uorka Moskva və Pekini hərbi cavabla hədələyib.
Xarici mətbuatın verdiyi məlumata görə, nazir müavini qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiya və Çinin hərəkətlərinə hərbi cavab vermək üçün hazır olmalıdır.
ABŞ-ın Beynəlxalq Münasibətlər üzrə Şurasında çıxış edən amerikalı general bildirib ki, Çin və Rusiya İkinci Dünya Müharibəsindən sonra qurulmuş dünya nizamını yenidən gözdən keçirmək istəyir. R.Uorka hesab edir ki, bu ölkələrlə münasibətlərdə diplomatik vasitələrdən aktiv istifadə etmək lazımdır. Lakin o, ABŞ və onun müttəfiqlərinə qarşı təşəbbüs edilən istənilən hərəkətlərə hərbi cavabın veriləcəyini istisna etməyib.
"Rusiya və Çin öz sərhədlərinə yaxın ərazilərdə mövqelərini möhkəmləndirir", - deyə ABŞ müdafiə nazirinin müavini Pekin və Moskvanın təhlükəli oynadığını söyləyib.
Bundan başqa nəhəng iqtisadiyyata malik Çin və ABŞ arasında ticarət müharibəsinin də başlamaq üzrə olduğu deyilib. Artıq Çin Ümumdünya Ticarət Təşkilatına ABŞ-dan şikayət edib. Çinin narazılığına səbəb Vaşinqtonun Çin mallarına qarşı tətbiq etdiyi antidempinq siyasət idi. Sadə dillə desək, amerikalılar çinlilərə mallarını Amerikaya Çinin özündəki qiymətdən ucuz qiymətə ixrac etməyə icazə vermirdilər.
Antidempinq tətbiq olunan mallar siyahısına kağız, polad, rezin, məişət texnikası və digər məhsullar düşüb.
Amerika Birləşmiş Ştatları isə öz növbəsində Çini Amerikaya ixrac olunan Çin maşınlarının istehsalını qanunsuz olaraq subsidiyalaşdırmaqda ittiham edib. Amerikalılar buna görə, 1 milyard dollar ziyana düşdüklərini bildirirlər.
ABŞ-la Çin arasında müharibənin başlamasına digər bir səbəb də Şimali Koreya ola bilər. Xatırladaq ki, bir müddət öncə artıq bu müharibəyə start veriləcəkdi. O zaman Şimali Koreya hökuməti hərbi hava qüvvələrinin tam hazır vəziyyətə gətirilmişdi. Raketlərin hədəfi isə Koreya yarımadasının fəzasında uçan ABŞ-ın B-2 bombardmançı təyyarələri olub. Şimali Koreya lideri generallarla görüşdə bu qərarı verib: "Əgər ağılsız provakasiya olarsa, Koreya Xalq Ordusu ABŞ-ın Sakit okeanı, Havay, Huame və Cənubi Koreyadakı hərbi bazalarına böyük zərbə vuracaq. ABŞ-la hesablaşmaq vaxtıdır!" Şimali Koreyanın ən böyük biznes tərəfdaşı olan Çin isə, tərəfləri sakitliyə çağırıb. Lakin rəsmi Pxenyan raketlərin hər an atəşə hazır olduğunu bildirib. Pentaqon rəhbəri Hegel bildirib ki, Şimali Koreya etdiklərinin təhlükəli olduğunu anlamalıdır: "ABŞ bu təxribatı ciddi qəbul edir və buna ağır cavab verəcək!"
Xatırladaq ki, Koreya yarımadasında vəziyyət ötən ilin fevralında Pxenyanda nüvə silahlarının sınaqdan keçirilməsindən sonra gərginləşib. Martın 26-da isə Şimali Koreya təbliğat filmləri seriyasına yeni bir film əlavə edib. Bu dəfə yayımlanan videoda Şimali Koreya ABŞ hərbi qüvvələrini qüdrətli silahlarla məhv etməklə təhdid edir. Ssenariyə əsasən Seulu zəbt edən şimal qüvvələri 150.000 Amerika əsgərini əsir götürür. Həmin filmin nümayiş etdirilməsindən bir həftə əvvəl isə rəsmi Pxenyan Ağ Ev və Kapitoli binalarının partladılmasını nümayiş etdirən video yayımlayıb.
Onu da bildirək ki, Koreya 1950-ci illərin əvvəllərində baş verən müharibə ilə iki hissəyə parçalandıqdan sonra Şimali Koreya izolasionist xarici siyasət izləyərkən Cənubi Koreya əhəmiyyətli Qərb müttəfiqi kimi Yaponiya ilə birlikdə ABŞ-ın Uzaq Şərqdəki ən əhəmiyyətli strateji məntəqəsi rolunu oynayır. Cənubi Koreya əldə etdiyi iqtisadi və siyasi inkişafın böyük hissəsini ABŞ-ın dəstəyi sayəsində əldə edib. Şimali Koreya isə Ağ Evin "şər oxu"nun ilk sırasına adını yazdırıb. Rəsmi Pxenyan uzun illərdir ki, ABŞ və müttəfiqlərinə qarşı siyasi və ideoloji müharibə aparır. Həmçinin Amerikanın yaratmış olduğu diplomatik tarazlıqları pozmağa səy göstərir. Kim Çen İn hərbi xuntası bununla bağlı planlarını nüvə arsenalı ilə həyata keçirməyə çalışır. Pxenyan nüvə sahəsində əhəmiyyətli elementlər əldə edib. Şimali Koreya müxtəlif sayda nüvə başlıqları istehsal edib və döyüşə hazır vəziyyətə gətirib. Nüvə arsenalına sahib olan Şimali Koreyanın Cənubi Koreya və Yaponiya üzərindəki üstünlüyünün artdığını görən ABŞ Uzaq Şərqə diqqətini artırmağa başlayıb. Kommunist rəqibini nüfuzdan salmağa çalışan ABŞ Şimali Koreyanı terrorçu dövlət adlandırıb. ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın qeyd-şərtsiz nüvə sahəsini inkişaf etdirmək həvəsindən imtina etməsini istəyərkən Çin və Rusiya balanslı şəkildə rəsmi Pxenyanın mövqeyindən çıxış edirlər. ABŞ bu amilləri nəzərə alaraq Şimali Koreyada normal yollarla rejim dəyişikliyinə imkanın olmamasını yaxşı başa düşür. Kim Conq ABŞ-ın səylərinə qarşı radikal mövqe tutmaqla riskli oyuna girişib. Uzun illərdir diplomatik gündəmi işğal edən bu mövzu izafi olaraq Şimali Koreyanı riskli oyundan məğlub çıxaracaq.
Didye Şode Fransanın "Le Huffington Post" nəşrində vurğulayırdı ki, Avropa siyasi düşüncəsi üçün Yaxın Şərq regionundan kənarda da aktual geosiyasi problemlərin mövcudluğunu qəbul etmək çətindir. Bu, ciddi səhvdir. Təcrübə göstərir ki, böyük dövlətlər dünya miqyasında öz maraqlarını təmin edən siyasi kurs həyata keçirirlər və burada Mərkəzi Asiya əsas yerlərdən birini tutur. Fransız ekspert bu fikirləri sözgəlişi ifadə etməyib. O, həmin regionda ABŞ, Rusiya və Çinin son zamanlar atdığı addımları təhlil edərək bu qənaətə gəlib.
Reallıqda Mərkəzi Asiyada böyük dövlətlərin geosiyasi mübarizəsi mürəkkəb diplomatik gedişləri və çoxistiqamətli siyasəti özündə birləşdirir. Onların fəaliyyəti, əslində, daha geniş məkanı əhatə edir. Konkret olaraq, Rusiya, Çin və Birləşmiş Ştatlar Mərkəzi Asiya regionuna geosiyasi aspektdə Transatlantik məkan kontekstində qiymət verirlər. Onun tərkibində Avrasiyanın geosiyasi özəllikləri xüsusi yer tutur. Nəhayət, bunlardan sonra Mərkəzi Asiya postsovet məkanının mühüm bir parçası kimi nəzərdən keçirilir.
Analitiklərin qənaətinə görə, indi həmin regionda inteqrasiya məsələləri daha çox əhəmiyyət kəsb edir. Konkret olaraq, Amerika, Rusiya və Çin öz modellərini reallaşdırmağa çalışırlar. Burada diqqəti çəkən əsas məqam budur ki, hər üç böyük dövlətin Mərkəzi Asiyanı parçalamaq deyil, vahid sosial-iqtisadi, mədəni və geosiyasi məkan halına gətirmək məqsədləri mövcuddur.
Bu, özlüyündə müsbət haldır. Narahatlıq doğuran onların bir-birindən fərqli inteqrasiya modeli həyata keçirməsidir. Hətta arada olan fikir ayrılıqları bəzi məqamlarda o dərəcəyə çatır ki, ixtilafların meydana gəlməsi təhlükəsi özünü göstərir.
Onu da vurğulayaq ki, Rusiya Cənubi Koreya və Hindistanla da əlaqələri genişləndirməkdədir. Seulla ticarət dövriyyəsi 25 milyard ABŞ dolları həcmindədir ki, onu daha 3 faiz artırmaq haqqında razılığa gəlinib. Hindistan-Rusiya əməkdaşlığı istiqamətində yeni addımlar atılır. Burada, əsasən, hərbi texnika və gəmi istehsalı sahələrində işbirliyi məsələsi müzakirə edilir.
Onu deyək ki, bütün bunlar Moskvaya Pekinlə də əməkdaşlığı inkişaf etdirməyə mane olmur. İki ölkə arasında ticarət dövriyyəsi hazırda 90 milyard ABŞ dollarına yaxındırsa, 2015-ci ildə bu rəqəmi 100 milyarda çatdırmaq məqsədi qarşıya qoyulub.
Rusiyanın atdığı addımlar özlüyündə Çinin ətrafında yerləşən ölkələrdə Moskvanın mövqeyinin möhkəmlənməsi deməkdir. Müəyyən mənada bu, Pekinin Mərkəzi Asiyadakı fəallığına cavabdır. Belə görünür ki, Çin Rusiya sərhədləri yaxınlığında öz geosiyasi nüfuzunu, əsasən, iqtisadi-maliyyə faktorları ilə möhkəmləndirirsə, Kreml Çin sərhədləri ətrafında yerləşən ölkələrdə əsas olaraq hərbi-nəqliyyat infrastrukturu yaradır. Bu üsullardan hansının daha səmərəli olduğunu zaman göstərəcəkdir.
Bu isə rəsmi Vaşinqtonun qıcığına səbəb olub. Beləliklə, ABŞ, Rusiya və Çinin Mərkəzi Asiyada geosiyasi nüfuz uğrunda mübarizəsi məzmunca yeni səviyyəyə qalxıb. Burada çoxlu sayda faktorları nəzərə almaq lazım gəlir. Hazırkı mərhələdə regionda Moskva və Pekinin daha fəal olduğu təəssüratı yaranır. Lakin uzaq strategiyada hansı ölkənin şansının çox olması haqqında tələsik fikir söyləmək risklidir. Vaşinqton dünyanın ən güclü dövləti kimi sürprizlər edə bilər.