Ermənistana görə fikir ayrılığı Dünya

Ermənistana görə fikir ayrılığı

Nazir jurnalistlərin sualları qarşısında aciz qalıb

Cavid

Rusiya Federasiyasının Dövlət Dumasında Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bağlı müqavilə təsdiqlənsə də Belarus və Qazaxıstan bir sıra məsələdə sənədlə razılaşmayıb və bu, fikir ayrılıqlarına səbəb olub.
Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan hökumətinin iclasından sonra jurnalistlər qarşısında həqiqətən də bir çox problemlərlə üzləşdiklərini etiraf edib.
O təsəlli naminə deyib ki, Avrasiya İqtisadi İttifaqı müqaviləsi ilə bağlı fikir ayrılıqları yoluna qoyulacaq: "Belarusun və Qazaxıstanın narazılığı başadüşüləndir. İstənilən iqtisadi münasibətlərdə problemlər mümkündür, llakin bu problemlər sonra həll etmək mümkündür. Biz birinci və sonuncu deyilik, amma Belarus və Qazaxıstan müqaviləni imzalayacaq."
K.Çşmarityan jurnalistlərin sualları qarşısında aciz vəziyyətdən biclik işlədərək çıxıb: "Oxşar problemlər digər təşkilatlarda da var. Əminik ki, tərəflər razılığa gələcək və fikir ayrılıqları aradan qaldırılacaq."
Jurnalistin "necə aradan qaldırılacaq" sualı isə cavabsız qalıb. Göründüyü kimi, vəziyyət ermənilər üçün heç də xoş deyil. Çünki ermənilər düşünürdülər ki, Rusiyanın yedəyində getməklə digər ölkələrə daim "boğazortağı" olacaqlar. Amma Belarus və Qazaxıstan onlara təşkilat daxilində "qırmızı işıq" yandırır. Təbii ki, bu ölkələrin narazılığının böyük əsası var. Belarus və Qaxaxıstan siyasiləri, ictimaiyyət çox yaxşı bilir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı daxilində onlar üçün yük olacaq.
Bu arada Ermənistanın dövlət borcu açıqlanıb. Yerli qəzetlərin yazdığına görə, bu ölkənin noyabrın 1-ə olan dövlət borcu 4 milyard 464 milyon 796 min dolları keçib. Daima yenilənən rekord göstərici təkcə 1 ay ərzində 15 milyon dollardan çox artıb. Ekspertlər hesab edir ki, Azərbaycanla silahlanma yarışına çıxmış Ermənistan bu vəziyyətə imkanından artıq silah-sursat alması səbəbindən düşüb. Məlumdur ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. İqtisadçılar bildirir ki, son illərdə ölkəyə humanitar yardım adı altında verilən vəsaitlər də azalıb. Hansı ki, rəsmi İrəvan həmişə bu yardımlara ümid bağlayıb. Erməni diasporunun da Ermənistana göndərilən pul axınının xeyli azaltması ölkəni çətin duruma salıb. Ciddi iqtisadi problemlər səbəbindən hökumət parlamentdən növbədənkənar sessiya çağırmağı xahiş edib. Ölkənin mərkəzi bankının intervensiya etməsinə baxmayaraq, erməni milli valyutası dramın dəyərinin düşməsi ilə bu Cənubi Qafqaz respublikasının iqtisadi iflası dərinləşir. Ermənistan hökumətinin gələn il üçün dövlət büdcəsinə yenidən baxılacağı bildirilir. Artıq bəllidir ki, təhsil üçün ayrılan xərclər ciddi şəkildə ixtisar ediləcək. Sosial ehtiyaclar üçün büdcə xərclərinin də azalması gözlənilir.
Rusiyadan Ermənistana fərdi pul köçürmələrinin də payı kəskin azalıb. Yalnız 2014-cü ilin oktyabr ayında erməni miqrantların İrəvandakı ailələrinə göndərdikləri pullar həmişəkindən 32,5 mln dollar az olub. Nəticədə, Rusiyadan transfert alanların gəliri keçən ilin oktyabr ayına baxanda 20 faiz azalıb. Bu, ailə büdcəsi üçün ciddi zərbədir.
Ermənistan KİV-I isə xəbər verir ki Avropa İttifaqının (Aİ) regionların inkişafı üzrə kredit proqramı çərçivəsində Ermənistan 10 milyon avro alacaq. Bu qərar Aİ Nazirlər Kabinetinin iclasında qəbul edilib.
"Ermənistan ərazisinin inkişafının dəstəklənməsi" proqramı çərçivəsində respublikanın regionlarının "balanslaşdırılmış şəkildə inkişaf etdirilməsi" nəzərdə tutulub.
Ərazilərin inkişafı ilə bağlı qrant layihələrinin gerçəkləşdirilməsi, eləcə də "vilayətlər üzrə inkişaf proqramıına" üstünlük veriləcəyi bildirilir.