Avropa Birliyi də Putinə qarşı Dünya

Avropa Birliyi də Putinə qarşı

Rusya bütün istiqamətlərdə sıxışdırılır

Cavid

ABŞ prezidenti Barak Obamanın Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan və Konqress tərəfindən qəbul edilən qanun layihəsinə qol çəkməsindən sonra Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirlərinin iclasında da qəbul olunan Krıma qarşı yeni sanksiya paketi rəsmi olaraq imzalanıb. Sanksiyalar yarımadaya Avropa investisiyasının qarşısını xeyli alacaq.
Sənədin altındakı imzalar "online" atılıb. Diplomatlar öz qollarını elektron poçtla göndəriblər.
Artıq Avropa firmalarına şirkətlərin alınması, öz vəsaitləri hesabına və ya birgə şirkət qurmaq yolu ilə Krıma investisiya qoyması qadağan olacaq. Bundan əlavə Qara dəniz şelfində neft və qaz hasilatı və eləcə də yarımadaya turist göndərilməsi qeyri-qanuni sayılacaq. Krımdan Avropa Birliyi ölkələrinə 8 adda malın gətirilməsinə də icazə verilməyəcək. Sanksiyalar sabahdan qüvvəyə minəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Rusiyada fəaliyyət göstərən biznesmenlərlə görüş keçirəcək. Onun sözlərinə görə, görüşdə Rusiyadakı şirkətlərin hazırda mövcud olan problemləri müzakirə ediləcək.
"Bu əslində ənənəvi görüşdür. Ölkə iqtisadiyyatında önəmli rol oynayan iş adamları ilə müzakirələr aparılacaq", deyə Peskov bildirib.
Rusiya mətbuatı yazır ki, görüşün əsas məqsədi rublun dəyərinin düşməsindən sonra Putinin biznesmenlərlə ciddi şəkildə danışıqların aparılmasıdır.
Bu arada Almaniyanın "BASF" konserni Rusiyanın "Qazprom" şirkəti ilə aktivlərin mübadiləsi ilə bağlı sazişin ləğv edildiyini bəyan edib.
"Kommersant" qəzetinin verdiyi xəbərə görə, sözügedən saziş 2012-ci ildən etibarən hazırlanırdı.
Nəşrin məlumatına görə, bir qədər əvvəl tərəflər əmin edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar sazişə təsir etməyəcək. Buna baxmayaraq, ötən gün saziş ləğv edilib və əlaqələrin kəsilməsinin səbəbləri açıqlanmayıb. Bununla belə, bu addım Rusiya və Avropa arasında qaz sahəsində münasibətlərin gərginləşməsi ilə izah olunur.
"Kommersant" iddia edir ki, Avropa Parlamenti Avropa Birliyinin energetika təşkilatının yaradılması ilə bağlı plan hazırlayır. Gələn ilin yanvarında bu təşkilatın ictimaiyyətə təqdim olunacağı bildirilir. Nəşrdə bildirilir ki, burda əsas element kimi Avropa şirkətləri üçün ümumi qaz tədarükü və köhnə qitənin energetika sektorunda Rusiya şirkətlərinin sərmayəsinə yeni məhdudiyyətlərin tətbiqi çıxış edir.
Qəzet 2015-2016-cı illərdə energetika birliyinin yaradılması ilə bağlı Avropa Parlamentinin fəaliyyət planını da əldə etdiyini yazıb: "Bir sıra Avropanın normativ sənədlərində olduğu kimi, bu fəaliyyət planında da Avropanın əsas qaz tədarükçüsü olan Rusiya ilə qarşılıqlı əlaqəyə dair yeni mühüm bəndlər yer alıb".
Yazıda bildirilir ki, ideyanın əsas tərəfdarı Avropa İttifaqı Şurasının hazırkı prezidenti Donald Tusk olsa da, bu məsələ ilə bağlı siyasətçilər arasında yekdil fikir yoxdur. Xüsusilə, Almaniya kansleri Angela Merkel bu cür yanaşmanın tətbiqində ehtiyatlı olmaqla bağlı fikir söyləyib.
Onu da bildirək ki, rus rublunun dollar və avro qarşısında dəyərinin itirməsi futbol klublarının sahibləri olan rusiyalı biznesmenlərdən də yan keçməyib.
Sözügedən ölkənin 15 milyarderi son 48 saat ərzində 8,65 milyard dollar ziyana düşüb.
Bunlar arasında "Çelsi"yə rəhbərlik edən Roman Abramoviç, "Monako"nun sahibi Dmitri Rıbolovlev və İngiltərə "Arsenal"ının ortaqlarından olan Alişer Usmanovun da adları yer alıb. Maliyyə böhranı bu 3 biznesmendən ən çox Usmanova ziyan vurub.
809 milyon dollar itirən Alişerin cəmi 13,4 milyard dollar varidatı qalıb. İkinci Abramoviç (449,5 milyon dollar itirib - 12,8 milyard dollar varidat) və üçüncü isə Rıbolovlevdi ki, böhranın pəncəsinə "keçib". O, 150,1 milyon dollar ziyana düşərək, cəmi 9,8 milyard dollar varidata sahibdi.
Onu da qeyd edək ki, son 3 ayda Rusiyada rublun dəyərinin 40-45 faiz civarında düşməsi daşınmaz əmlak bazarına ciddi təsir edir.
Artıq iki aydır ki, Rusiyanın daşınmaz əmlak bazarında kəskin ucuzlaşma müşahidə edilir. İnsanlar rublun dəyər itirməsinə görə daşınmaz əmlaklarının daha da ucuzlaşması və dəyərdən düşməsindən narahat olaraq, bu böhrandan onu satmaq və xarici valyutaya çevirməklə yaxa qurtarmaq istəyir. Bu isə öz növbəsində daşınmaz əmlakın ucuzlaşmasını sürətləndirir.
Orta sinif təbəqə isə baş verən proseslərin hansı istiqamətdə inkişaf edəcəyini gözlədikləri üçün hələlik əllərində olan pulu daşınmaz əmlaka yatırmaqdan çəkinirlər.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun da (ARDNF) Moskvanın biznes mərkəzində yerləşən və dəyəri 133 milyon dollar təşkil edən "Qalereya Aktyor" ofis-ticarət mərkəzi var. Rusiyada daşınmaz əmlakın kəskin ucuzlaşması ARDNF-nin obyektinə də təsirsiz ötüşməyib.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Rusiyada mənzillərin qiymətində ucuzlaşmanın 2015-ci ildə də davam edəcəyini açıqlayıb: "Hazırda vəziyyət bir az başqa cürdür. Son bir həftədə rublun kursu daha sürətlə düşməyə başladı və evini satmaq istəyənlər dəyərin iki dəfədən də artıq ucuzlaşdığını görüb, fikirlərindən döndülər. Çünki rublun məzənnəsi gün ərzində bir neçə dəfə dəyişdi. Demək olar ki, Rusiyada 40-45 faiz vətəndaş bazardan öz mənzilinin satışını çıxardı. Qalan hissə isə hazırda rublun kursuna görə mənzillərin satış qiymətində dəyişiklik edir və bu mənzillərin qiyməti dolların satışına uyğunlaşdırılır. Neftin qiyməti düşür və bu da bazarda pul kütləsinin azalmasını qaçılmaz edir. Bu baxımdan daşınmaz əmlaka yatırım etmək sərfəli deyil. Buna görə də satıcıların profilaktik addımları mənzillərin düşməsinin qarşısını ala bilmir. Müşahidələr 2015-ci ildə də qiymətlərin düşməyə meyilli olacağını göstərir".
İqtisadçı-ekspert Natiq Cəfərli də Rusiyada insanların böyük dəyəri olan əmlaklar almaqdan çəkindiklərini bildirib: "Müşahidələr son 2 ayda Rusiyanın daşınmaz əmlak bazarında ciddi ucuzlaşmanın baş verdiyini göstərir. İnsanlar əllərində olan vəsaiti qorumağa çalışırlar və böyük dəyəri olan əmlak almaqdan çəkinirlər. Əsasən orta sinif öz gələcəyini tam aydın şəkildə görə bilmədiyi üçün əlində olan vəsaitin böyük hissəsini daşınmaz əmlaka verməkdən çəkinir".
Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Moskvada yerləşən əmlakını hazırda satmaq itki ilə nəticələnər: "ARDNF daşınmaz əmlakı alarkən Rusiyada qiymətlər kəskin yüksək idi. Bu gün həmin əmlakın satılması daha çox itki ilə müşahidə olunacaq. Ən yaxşı halda icarə haqlarını yığmaqla itkilərin qarşısını almaq mümkündür. Daşınmaz əmlak təlatümlü bazardır və marka dəyəri daha yüksək olan ölkələrə yatırım etmək lazımdır. ARDNF Fransada, Sinqapurda əmlaklar alıb və onlarla bağlı çox ciddi problem yoxdur. Amma Rusiya bazarında yaxın gələcəkdə çox ehtiyatlı olmaq lazımdır".