Atəş və Qar... nağıllar aləmi Bursada Dünya

Atəş və Qar... nağıllar aləmi Bursada

Həmişə maraqlı və yadda qalan layihələri ilə seçilən Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım Müşavirliyinin təşkilatçılığı ilə ərsəyə gələn infotur çərçivəsində bir qrup media və turizm şirkətinin nümayəndəsi Bursada oldular. Səfər proqramı çox rəngarəng idi.
Bursaya yolumuz İstanbulun "Yeni qapı" dəniz vağzalından başladı... ilk dəfə gəmilə yolçuluğa başlayan yoldaşlarımızın həyacanı artdı... Dalğaların hündürlüyün xofu, gəminin ləngər vurmasına baxmayaraq bir saatlıq yolda hər kəs dənizin gözəlliyinə heyran kəsilərək gördüklərini kameranın yaddaşına köçürürdü. Yolboyu qağayılar bizə yoldaşlıq etdi.

Nağıllar şəhəri Bursa...

Osmanlı imperiyasının ilk paytaxtı Bursa əsrarəngiz gözəlliyi ilə insanı xəyalən nağıllar aləminə çəkib aparır.
Mehriban, gülərüzlü sakinləri ilə söhbət etdikdə ikinci vətənimizə ayaq basdığımızı hiss etdik.
Azərbaycandan gələn qonaqlara xüsusi önəm verilməsinə şahid olduq. Buna bariz nümunə şəhər valisinin bizi birinci gün qəbul etməsində gördük.
Bursa şəhər valisi Münir Karaloğlu Bursa haqqında bizə ətraflı məlumat verdi. O dedi ki, Bursa İstanbuldan sonra Türkiyənin ikinci böyük şəhəridir: "Hansı istiqamətdən baxırsınız-baxın. Turizm potensialına görə ciddi üstünlükləri var. Yəni Bursa sadəcə, termal-isiti sualarla müalicə, tarixi abidələri, mədəniyyəti və ekoturizmi ilə tanınmır. İlboyu- 12 ay müddətində hər kəsin üz tuta biləcəyi turizm bölgəsidir. Türkiyədə çox önəmli mərkəzlər var. Məsələn, yay, qış turizm yerləri. Amma Bursa universaldır. Burada çox önəmli qış turizmi mövcuddur. Gözəl təbiətinə görə eko turizmi inkişaf edib. Bursanın təbii gözəllikləri turistləri cəlb edir. Bursa həm də önəmli tarixi şəhərdir. Türk tarixi üçün çox böyük əhəmiyyət daşıyır. Osmanlının bəylikdən dövlətə, dövlətdən imperatorluğa keçdiyi yerdir Bursa. Yüz ildən çox Osmanlı dövlətinin paytaxtı olub. 6 padşahın məzarlığı Bursaya əmanətdir. Onların türbələri Bursadadır. Bursada Osmanlının ilk dönəminə aid çox əhəmiyyətli mədəni varlıqlar var. Tarixi xanlar və çarşılar bölgəsində 40 tarixi xan birliyi və çarşımız var. Həmin çarşılarda alış-veriş edilir. Bu çarşıların hamısı bir-birinin içərisindədir və bir-birlərinə keçid vardır. Bu, dünyanın ən böyük çarşılarından biridir. Bunların hamısı Osmanlıdan bu günə qədər özəlliklərini davam etdirən yerlərdir. Bursa tarixi İpək yolunun üzərində - mərkəzidir. Xoca xan İpək yolu üzərində ipək ticarəti qurub. Bursa Çindən və Hindistandan gələn malların başqa ölkələrlə dəyişdirildiyi mərkəzdir. Bursa həm də çox önəmli termal şəhəridir. Ta Roma, Bizans dövründən bu günə qədər termal önəmliyini qoruyub saxlayıb. Artıq məqsədimiz termalın önəmini daha da önə çıxarmaqdır. Beşulduzlu otellərdə termal sularımız var. Bu üzdən Bursa həm də sağlıq turizm mərkəzidir. Buradakı termal otellər yüksək səviyyədə xidmət göstərir, suları çox keyfiyyətlidir. Bu istiqamətdə Türkiyə başqa ölkələrlə müqayisədə üstünlüyü əldə saxlayır.
Özəl sektorlarda yüksək keyfiyyətli sağlıq turizmi üzrə ixtisaslaşmış xəstəxanalarımız xidmət göstərir. Bu baxımdan Bursa 12 ay ərzində turizmin xidmət göstərdiyi əhəmiyyətli bir mərkəzdir. Azərbaycan bizim üçün çox böyük ölkədir. Rəhmətlik Heydər Əliyevin dediyi "Bir millət -iki dövlətik" sözlərinə rəğmən azərbaycanlılar burada, bizimkilər Azərbaycanda qəriblik hiss etməzlər. Yəni biz bir-birimizə yad deyilik. Biz Azərbaycanla turizm əlaqələrimizi saxlaya bilirik. Bunlar birtərəfli yox, ikitərəfli əlaqələrdir. Sonuncu dəfə 2006-cı ildə Bakıda olmuşam. İndi isə şəhərin çox dəyişdiyini söyləyirlər. Bu baxımdan maraqlanıram və yenidən gəlmək istəyirəm. Bakıdan Bursaya, Bursadan Bakıya baxılmasa, qarşılıqlı əlaqələr qurula bilməz. Bu gün Türkiyədən 30 milyon insan xarici ölkələrə səyahət edir. Bu insanların arasında Azərbaycana gedən çoxlu insan var. Eyni zamanda, Azərbaycandan da bura gəlirlər. Bu qarşılıqlı münasibətlər davam edəcək. Son dövrlər Azərbaycanın iqtisadi vəziyyəti inkişaf edib. Biz buna sevinirik.
Valinin təşkil etdiyi görüşdən sora Bursanı yaxından tanımaq üçün proqram üzrə gəzintimiz başladı. Deylənlər doğru idi.
Avropa və Asiyanı birləşdirən şəhərdə hər iki qitənin mədəniyyətinin izləri var. Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin sintezi hər bir turistdə qəribə bir sevgi yaradır bu şəhərə qarşı...
Bir çox mədəniyyətlərə ev sahibliyi etməsi ilə, nəfis memarlıq nümunələri ilə Bursa açıq hava altında muzeyi xatırladır. Mübağiləsiz deyə bilərik ki, memarlıq anlamında Osmanlı dövlətinin mədəniyyətini və sənət tarixini özündə yaşadan təkrarsız şəhərdi.
...Bursada duyduğumuz azan səsi ayrı bir ecazkarlığa məxsus idi. Onun sehrindən ayrılmaq olmurdu.
Səfər proqramında Ulu cameylə tanışlıq da yer alırdı. Bizə ayrılmış avtobusla şəhərin mərkəinə yollandıq. Qışın soyuğu adamı "kəsirdi". Tam Ulu camenin yanındaydıq. Məscidin ətrafı izdihamlıydı. Hər kəs fərqli niyyətlə Ulu cameyə üz tuturdular. Əsrlərin sınaqında çıxıb günümüzə kimi gəlib çatan Ulu came islam aləmində ilk beşlikdə yer alan müqəddəs ocaqlardandı.
Ulu camenin biz Azərbaycan türkləri üçü ayrı özəlliyi var. Çünki camenın minbərini bəzəyən kişi Azərbaycan türklərindəndi. Təbriz yaxınlığında anadan olmuş Abdulazizoğlu Mehmet bəy və onun şagirdləri möhtəşəm bir iş ortaya qoymuşlar. Onların işlədikləri motivlər günümüzdə tədqiqatçıların diqqətini çəkib. Belə qənaətə gəliblər ki, bu mötivləri çəkən insanlar həm sənətkar kimi əvəzsiz olublar, həm də astronomiya elminə dərində yiyələniblər.
Abdulazizoğlu 6666 ağac parçasında istifadə etmişdi. Bu rəqəm Qurandakı ayələrin sayına bərabərdir.
Məscidi ziyarət etdikdə eşitdik ki, rəvayətə görə Somunçu baba Ulu came tikildiyi zaman tez-tez gəlib xalqa sovqat paylayırmış. Bir gün insanlara çörək paylayanda Xızır peyğəmbəri görür. Əlindən tutub deyir ki, səni tanıdım. Əgər söz versən ki, hər gün gəlib burda namaz qılacaqsan, sənin kim olduğunu kimsəyə demərəm.
Xızır peyğəmbər razılaşır:
- Amma bir şərtim var - o zaman mən hansı vaxtlarda bura gələcəyimi söyləməyim, bu da qoy mənim sirrim olsun.
O gün bu gün insanlar inanır ki, Xızır peyğəmbər hər gün gəlib Ulu camedə namaz qılır.

Atatürk sevgisi

Bursada Atatürkə olan sevgi də fərqlidir. Binaların eyvanlarından asılmış Atatürkün rəsmi gəlib gedənləri müşahidə edir... Sakinlər Cümhuriyyətin qurucusunun Bursaya gəlişini gedişini şövqlə nəql edirlər. İlk beş ulduzlu mehmanxana inşa edildikdə Atatürk Bursaya tez-tez gəlib. Hətta termalda tədavi olunub.
Atatürkün adına müzey və atanın adını daşıyan, ilk dəfə onun tərəfindən təməli qoyulan beş ulduzlu mehmanxana hələ də fəaliyyət göstərir. Mehmanxanada Mustafa Kamal Atatürkün tez-tez baş çəkdiyi kitabxana qorunub saxlanılır.
Onu da öyrəndik ki, "Atatürk palas"da hər kim istəsə qala bilməz. Orda mötəbər qonaqlar üçün yer ayrılır. Xarici dövlət rəsmiləri, millət vəkilləri, şahzadələr və başqaları bu mehmanxananı seçə bilərlər.
Məşhurlardan Elizabet Teylor və digərləri Bursaya gəldikdə həmin hoteldə qalıblar.

Müalicəvi sullarla möcüzələr yaradılır...

Bursada olduğumuz müddətdə həm təbiətinin gözəlliyini seyr etdik həm də önəmli termallarla (müalicəvi sular) tanış olduq.
Bursa valiliyi və bələdiyyəsinin ən böyük hədəfi Bursanı dünyada termal şəhəri kimi tanıtmaqdır. Roma və Osmanlı dönəmindən qalan termal qaynaqları daha çox üzə çıxarılır. Səfərimiz boyunca gəzdiyimiz otellərdə, xəstəxanalarda termal qaynaqların möcüzəsi ilə tanış olduq...

Sənaye şəhəri...

Bursa həm də bir sənaye şəhəridir. Türkiyə iqtisadiyyatında önəmli bir yer tutur. Üç milyona yaxın əhalisi ilə Mərmərəa bölgəsində istanbuldan sora ikinci şəhərdir. İpək yolu üzərində yerləşməsi Bursanı dünyanın başlıca ticarət, sənaye və mədəniyyət şəhəri kimi tanıdıb. Ev tekstilin böyük qismi bu şəhərdə istehsal olunur. Qida məhsullarının idxalına görə də Bursa birincilər sırasındadır.
Bursa toxuculuq sektorunun tarixi 1500 illik bir dövrü əhatə edir. Osmanlı imperatorluğu zamanında da ipəkçilik, toxuculuq mərkəzi olmaqda davam edən şəhər ümumilikdə Türkiyənin toxuculuq paytaxtıdır. Şəhərin küçələrində, bazarlarda, mağazalarda toxuculuq fabriklərinin çeşidli məhsullarına rast gəlinir. Bursada qida sənayesi ilə bağlı fəaliyyət göstərən firmalar da çoxdur. Meyvə suyu, alkoqolsuz içkilər, konserv və s. də rəqabət qabiliyyətlidir. Dünyanın ən böyük 10 qida firmasından 3-ü Bursada istehsalla məşğuldur.
Bursada tibbi və sağlamlıq turizmi son 10 ildə sürətlə inkişaf edib. Dünyanın hər yerindən insanlar müalicə və müayinə olunmaq, həmçinin istirahət etmək üçün Bursanı seçirlər. Termal suların möcüzəsinə inanalar əliboş qayıtmırlar. Osmanlı imperatorluğunun ilk xəstəxanası və tibb fakültəsi Bursada qurulub. Mövcud sağlamlıq şərtlərini bir araya gətirməklə və xidmət genişliyi ilə Bursa Türkiyənin sağlamlıq üzrə xidmət bölgələrindən biri kimi tanınır.

"Qar cənnəti"

Bursaya yolu düşənlər qədim dövrlərdən bəri maraq doğuran Uludağa tələsirlər. Adına əfsanələr qoşulan Uludağ ilin bütün fəsillərində ziyarətçilərə qucaq açır. Uludağın çəkici özəlliklərindən biri də Osmanlı memarlığının beşiyi olaraq qəbul edilən Bursaya yaxınlığıdır. Ta Bizans dövründən gündəlik həyatdan və qələbəlikdən uzaqlaşaraq öz-özü ilə baş-başa qalmaq istəyən zahidlərin rəğbət etdiyi yer olub Uludağ. Osmanlı zamanında "Keşiş Dağı" adlandırılan Uludağ günümüzdə Türkiyənin ən çox ziyarət edilən turizm məskənidir. Həmçinin qış idman növünün mərkəzi kimi tanınır.
"Qar cənnəti" adlandırılan Uludağda cürbəcür əyləncələr üçün şərait var. Qarlı ormanlar arasında gəzinti də mümkündür. Uludağ sadəcə, bir idman mərkəzi deyil, həmçinin insanların ailəlikcə istirahət edə biləcəkləri yerdir. Uludağ ilin hər mövsümündə ayrı bir gözəlliyə bürünür. Yaz aylarında burada insanlar piknikə gəlir və dağ yürüşləri edirlər. Buzlugöl, Kilimgöl, Karagöl və Aynalıgöl istirahətə gələnlərin ən çox sevdiyi yerlərdir. İnsanlar bu yerlərdə çadırlar qurub vaxt keçirirlər. Uludağ eyni zamanda, zəngin bir bitki məskənidir. Dağın ətəklərindən zirvəsinə qədər dəyişən iqlim üzündən ilk bahardan yaz aylarının sonlarına qədər dağın fərqli yüksəkliklərində mindən çox bitki və çiçəyi tapmaq mümkündür. Bunların arasında 26-ı sadəcə, Uludağa məxsusdur, 78-i isə Türkiyədən başqa heç yerdə insanların görə bilməyəcəyi bitkilərdir. Dağın ətəyində isə böyük milli parkın tikintisi davam edir.

AJQA mətbuat xidməti