Rusiya ABŞ-a əhəmiyyət vermir Dünya

Rusiya ABŞ-a əhəmiyyət vermir

ABŞ-ın iqtisadi-siyasi sanksiyaları ilə üzləşən Rusiya sürətlə silah sənayesini inkişaf etdirir.
Kreml rəhbəri Vladimir Putin dəfələrlə Qərbin silah oyununa girməyəcəyini açıqlasa da, ənənəvi rus taktikası ilə pərdəarxası patron dolumu davam edir. Bu gün isə bəlkə də son illərin ən böyük təhlükəli açıqlamalardan biri gəldi.
"Almaz-Antey" raket əleyhinə müdafiə konserninin rəhbəri Yan Novikov Rusiyada yeni raket əleyhinə müdafiə sisteminin (RƏM) elementlərinin sınaqdan keçirildiyi barədə məlumat verib:
"Hazırda yeni raket əleyhinə müdafiə sistemi elementlərinin poliqon sınağı həyata keçirilir. 1990-cı ildə yaradılan RƏM sisteminin bir sıra parametrlərə görə dünyada analoqu yoxdur".
RƏM sisteminin harada quraşdırılacağı barədə isə hələlik heç bir açıqlama verilmir.
Yuxarıda deyildiyi kimi, sanksiyalar eyni zamanda Rusiyanın Şərqi Avropada olan mövqeyini də zəiflədib. Ona görə də RƏM sisteminin burada quraşdırılması bir qədər real görünmür. Belarus Gömrük İttifaqında Rusiyanın yanında olsa da, Lukaşenko birliyin onsuz da uzunömürlü olmayacağına inanır və Avropa Birliyinin (AB) sərt üzünü də bir neçə dəfə görüb. Ona görə də sistemin burada yerləşdirilməsi bir qədər absurd fikir kimi səsləndirilə bilər.
Eyni zamanda, ABŞ-ın Baltikyanı ölkələr, Çexiya, Polşa və İsraildə RƏM sistemini yerləşdirmək üçün atdığı real addımlar şimal qonşumuzu hərəkətə gətirir. Gedən proseslərə müdaxilə etmək, vaxt qazanmaq və ən əsası geosiyasi müharibə meydanında güc nisbətində tarazlığı qorumaq Kremli bu addımları atmağa vadar edir.
Ona görə də ən real və inandırıcı variant RƏM sisteminin Qafqazda, daha dəqiq desək, Ermənistanda yerləşdirilməsi variantıdır.
Əvvəla ona görə ki, buna Qərbin reaksiyası şiddətli olmayacaq. Çünki bu sistem Şərqi Avropada deyil və onun işlək mexanizmi də bir qədər şübhə oyadır.
İkincisi, Rusiyanın Ermənistanda hərbi bazası var və Kremlin həmin bazanın tərkibini dəyişmək, yalnız muzdlu hərbçilərdən təşkil etmək istəyinin arxasında da bu amil dayana bilər.
Üçüncü, son vaxtlarda geosiyasi səhnənin bir az da mərkəzinə çəkilən Qafqazda nəzarəti gücləndirmək, buradan od-alov içində yanan Yaxın Şərqə boylanmaq və İranla münasibətlərə aydınlıq gətirmək kimi planlar gerçəkləşə bilər.
Putin sürprizi xoşlayır: Bir müddət əvvəl Türkiyədə gözlənilmədən "Cənub axını"nın ləğv edildiyini açıqlayan rus lider Avropaya nəql olunacaq qazın məhz Türkiyə üzərindən reallaşacağını bildirdi. Rus ocağının başına toplaşan naçar AB-dən səs belə gəlmədi.
Ona görə də yanvarın 12-də 6 ermənini öldürən rus əsgərinin arxasınca iki ölkə arasında siyasi gərginliyin yaradılması kimi ucuz əyləncələrin ardından RƏM sisteminin Ermənistanda yerləşdirilməsinə qərar verilməsi kimi açıqlamalar gözlənilməz deyil.