Ermənistan NATO ilə bağlı məlumatları Rusiyaya ötürür Dünya

Ermənistan NATO ilə bağlı məlumatları Rusiyaya ötürür

Cavid

Ermənistanda cərəyan edən siyasi və iqtisadi proseslər, o cümlədən hərbi sahədə görülən işlər NATO-da mütəmadi izlənilir və Ermənistan hakimiyyətinin bu istiqamətdə atdığı addımlar təhlil edilir. NATO ekspertlərinin araşdırmalarına görə, Ermənistanda 2012-ci ildə keçirilən parlament, 2013-cü ildə isə prezident seçkiləri Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan və onun Respublikaçılar Partiyasının mövqeyini kifayət qədər möhkəmləndirib. İstər parlamentdə təmsil olunan müxalifət nümayəndələri, istərsə də digər müxalifət qüvvələri ictimaiyyət tərəfindən kifayət qədər dəstəklənmədikləri üçün hakimiyyətin siyasətinə etiraz etmək iqtidarında deyil. Bu barədə Regional Sabitlik və Təhlükəsizlik Mərkəzindən bildirilib. Hakimiyyətin öz mövqeyini möhkəmləndirməkdə əsas məqsədi kimi Sərkisyanın 2018-ci ildə ikinci prezidentlik müddətinin bitməsindən sonra belə hakimiyyəti əldə saxlamaq olması və güclü anti-Azərbaycan təbliğatının dəstəklənməsi göstərilir. Bu isə ölkədə demokratik dəyərlərin və insan haqlarının kobud şəkildə pozulmasıdır. İqtisadiyyata gəldikdə, NATO ekspertlərinə görə, Ermənistanda istehlak qiymətlərinin kəskin artımı, məhsul yığımının zəif olması, Rusiyadan Ermənistana ixrac olunan yanacağın qiymətinin qaldırılması, həmçinin sosial-iqtisadi sahədə mövcud olan digər neqativ amillər ölkənin iqtisadi imkanlarının zəifləməsi və daxili tələbatın aşağı düşməsi ilə nəticələnib. 2013-2014-cü illər üçün Ermənistan iqtisadiyyatının illik inkişafı həmin illərə görə inkişaf dinamikasını əks etdirən göstəricilərin 3,4 faiz və 2,6 faiz enməsi ilə əlaqədar aşağı səviyyədə dəyərləndirilib. Təhlükəsizlik baxımından Ermənistanın əsas narahatlığı Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmaması ilə əlaqədardır. Buna səbəb təmas xəttində gərginliyin davam etməsi və mütəmadi olaraq itkilərin baş verməsidir. Azərbaycandan fərqli olaraq, erməni tərəfi öz itkilərinin sayını müxtəlif üsullarla ölkə ictimaiyyətdən gizlətməyə çalışır. Hər iki tərəf güc balansını saxlamaq məqsədilə davamlı şəkildə ordunun inkişafı üçün hərbi islahatlar həyata keçirir. NATO hesab edir ki, ərazi üstünlüyünü qorumaq məqsədilə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını təxminən 45 000 nəfər civarında qoruyub saxlayır, müdafiə qabiliyyətini daha çox uzaq mənzilli raket sistemləri ilə gücləndirir. Ermənistan həmçinin hərbi qulluqçuların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə hərbi islahatları davam etdirir. Ermənistan Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrdə korrupsiya və intizamsızlıq hallarının aradan qaldırılması ilə əlaqədar xüsusi araşdırma mərkəzinin yaradılacağını elan edilsə də, həmin mərkəzin nə zaman yaradılacağı və nə dərəcədə effektli olacağı məlum deyil. Orduda hərbi xidmətə çağırış zamanı ciddi problemlər törədən demoqrafik vəziyyətin silahlı qüvvələrin peşəkarlıq səviyyəsinin artırılmasına mənfi təsir göstərdiyi diqqətə çatdırılır. Hazırda Ermənistanda təxminən 10 000 nəfərə yaxın erməni əsilli Suriya qaçqını məskunlaşıb ki, onlardan 3 500 nəfəri Dağlıq Qarabağda yaşamağa razılıq verib və evlə təmin olunublar. Digərləri isə maddi imkanları və beynəlxalq əlaqələrindən asılı olaraq Ermənistandan Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreynə getməyi planlaşdırır. Təxminən 1 200 ailə isə Suriyada müharibə bitdikdən sonra evlərinə qayıtmaq arzusunu bildirib. Ermənistan hökuməti Suriya qaçqınları arasında müvafiq yaş həddində olan gənclərin işğalçı Ermənistan ordusunun sıralarında hərbi xidmət keçmələri üçün səy göstərir. Orduya qoşulmaq istəməyən şəxslərin isə Ermənistanı tərk edəcəkləri gözlənilir.
Azərbaycanın hərbi inkişafına toxunan NATO ekspertləri qeyd edirlər ki, son illərdə Azərbaycan, ölkənin müdafiə xərclərinin Ermənistanın ümumi dövlət büdcəsindən çox olmasına nail olmuş və böyük miqyasda hərbi texnika (yeni döyüş maşınları, təyyarələr, vertolyotlar, raketlər və ağır zirehli texnika) əldə etmişdir. Azərbaycan tərəfi təmas xətti boyunca, pilotsuz kəşfiyyat təyyarələri daxil olmaqla, qabaqcıl raket sistemlərini quraşdırıb. Maraq kəsb edən məsələlərdən biri də, Ermənistanın uzun müddət ərzində Qərb ilə balans siyasətinin yeridilməsinə üstünlük verməsinə baxmayaraq, Rusiya ilə olan sıx əlaqələrinin onun Avro-Atlantik inteqrasiya məsələsinə ehtiyatla yanaşmasına, NATO ilə əməkdaşlıq etməsində isə əsas məqsədinin bir tərəfdən Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirak etməklə döyüş təcrübəsinin artırılması, digər tərəfdən isə, NATO ilə bağlı məlumatların əsas tərəfdaşı olan Rusiyaya ötürmək olduğu xüsusilə vurğulanır. Rusiya Ermənistanın daxili və xarici siyasətinə açıq-aşkar nüfuz edərək onun iqtisadiyyatı və təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. 1300-ə yaxın Rusiya şirkəti Ermənistanın maliyyə, dağ-mədən, enerji (atom, karbohidrogen, hidroelektrik) və telekommunikasiya kimi əsas sektorlarında fəaliyyət göstərir. Rusiya Ermənistanı təbii qazla təmin edən əsas ölkə olduğu üçün onun "Qazprom" şirkəti Ermənistan və İran arasındakı qaz kəməri layihəsində maraqlı tərəf kimi çıxış edir. Rusiyanın energetika sahəsində fəaliyyət göstərən şirkətlərindən biri isə Ermənistanın Sevan-Razdan su elektrik stansiyasının təkmilləşdirilməsinə cəlb olunub. Pul köçürmələrinə gəldikdə, ümumilikdə erməni diasporlarından daxil olan maliyyə gəlirlərinin 85 faizi məhz Rusiyada fəaliyyət göstərən erməni diasporunun payına düşür. 2013-cü il sentyabrın 3-də Ermənistanın Gömrük İttifaqına qoşulmağa qərar verməsinin məntiqi izahının olduğunu hesab edən NATO, bu qərarın Ermənistanın Avro-Atlantik inteqrasiyasına qarşı olan Rusiyanın təkidi ilə verildiyini iddia edir. Belə ki, Ermənistanın bu qərarı Avropa Birliyinin Assosiasiya Sazişi üzrə danışıqlardan 2 ay sonra və onun bu sazişə qol çəkəcəyi Vilnüs Sammitindən 3 ay öncə verməsi buna sübutdur.
Ermənistanın Rusiya və İran ilə dövlət səviyyəsində olan sıx münasibətləri NATO tərəfindən müsbət qarşılanmır və bu Ermənistanın Avro-Atlantik məkana inteqrasiya məsələsində ciddi maneə kimi dəyərləndirilir.