Minsk razılaşmasının müddəaları açıqlanıb Dünya

Minsk razılaşmasının müddəaları açıqlanıb

Poroşenko: "Heç bir muxtariyyətdən söhbət gedə bilməz"

14 saatdan artıq davam edən gərgin müzakirədən sonra Şərqi Ukraynada atəşin dayandırılması barədə şifahi razılaşna əldə olunub

Cavid

Belarusun paytaxtı Minskdə Vladimir Putin, Fransua Olnad, Angela Merkel və Pyotr Poroşenko arasında ötən axşam başlayan danışıqlar dünən səhər başa çatıb. Ukraynadakı böhranı müzakirə etmək üçün Minskə toplaşan Rusiya, Ukrayna, Fransa prezidentləri və Almaniya kanslerinin bağlı qapılar arxasında davam edən danışıqları 14 saatdan artıq davam edib.
Danışıqlarda əldə olunan razılaşmalar üçtərəfli təmas qrupu (Ukrayna, Donetsk-Luqansk separatçıları, ATƏT) tərəfindən imzalanıb. Sənədə Donetsk və Luqansk separatçılarının liderləri Aleksandr Zaxarçenko və İqor Plotnitski də imza atıb.
"RİA Novosti" və "112.ua" saytlarının verdiyi məlumata görə, imzalanmış sənəddə aşağıdakı müddəalar nəzərdə tutulur:
- Fevralın 15-də saat 00.00-dan etibarən atəşin dayandırılması;
- Fevralın 16-dan gec olmayaraq ağır silahlar və hərbi texnikanın təmas xəttindən qarşılıqlı olaraq geri çəkilməsi və bu prosesin 14 gün ərzində sona çatması;
- Ukraynada 2015-ci ilin sonuna qədər Konstitusiya islahatı həyata keçirilməsi və yeni Konstitusiyada hakimiyyətin qeyri-mərkəzləşdirilməsinin (desentralizasiya) təsbit olunması;
- Donbassın separatçıların nəzarətindəki hissəsinə xüsusi status verilməsi, hərbi əməliyyatların iştirakçılarının amnistiyası, dil hüququ, Rusiya regionları ilə transsərhəd əməkdaşlığı;
- Donbassın yerli idarəetmə orqanlarının bölgəyə hakimlərin və prokurorların təyinatında iştirakı, xalq milisinin yaradılması;
- Bütün qanunsuz silahlı dəstələrin tərksilah edilməsi;
- Bütün xarici silahlı birləşmələrin, hərbi texnikanın və muzdluların ATƏT-in müşahidəsi altında Ukraynadan çıxarılması.
Mətbuata açıqlama verən Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna sərhədçilərinin 2015-ci ilin sonuna qədər Rusiya ilə sərhədin hazırda separatçıların əlində olan hissəsinə nəzarəti bərpa edəcəyini bildirib. O, bütün girovların 19 gün ərzində azad olunması barədə razılıq əldə olunduğunu söyləyib. Ukrayna və Rusiyanın Baş Qərargah rəisləri fevralın 15-də atəşkəs rejiminə əməl olunmasına nəzarətlə bağlı görüş keçirəcəklər.
Buna baxmayaraq Minsk razılaşmalarının yerinə yetirilməsinə dəstək barədə bəyannaməni imzalamaq mümkün olmayıb. Jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, danışıqlar zamanı atəşkəsin fevralın 15-də saat 00.00-dan elan edilməsi haqda razılıq əldə olunub.
"Güman edirik ki, Debaltsevoda mühasirəyə alınan 6-8 min ukraynalı hərbçi silahı yerə qoyacaq. Münaqişə tərəflərini hərbi texnikanın geri çəkilməsi zamanı təmkin nümayiş etdirməyə çağırırıq. Əgər hamı Donbasda sülhün bərqərar olması barədə razılığa gəlmək istəyirsə, Kiyevin Donetsk və Luqansk "xalq respublikaları" ilə birbaşa təmasları olmalıdır", - deyə o vurğulayıb.
Minsk zirvəsi, İkinci Dünya müharibəsindən sonra dünyanın bölüşdürüldüyü Yalta konfransından sonra edilən ən uzun bazarlıq olub. Bütün maddələri hələ açıqlanmayan yeni planın ən azından ilk maddəsinə görə, Ukraynanın bütün cəbhələrində yenidən atəşkəs elan edilməsi gözlənilir.
Minskdə keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putinin qələm sındırması da diqqətdən yayınmayıb. Ukraynanın UNİAN agentliyi Rusiya dövlət başçısının əlində qalıqlarını saxladığı yaşıl qələmin fotosunu yerləşdirib.
Bildirək ki, bundan əvvəl Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rostovda keçirdiyi mətbuat konfransında "ilk olaraq, zərər çəkən və çəkməkdə davam edən bütün insanlardan üzr istəyirəm" sözlərini ifadə edərkən əlindəki qələmi qırıb.
Ukrayna prezidenti Pyotr Poroşenko isə "Normandiya dördlüyü"nün danışıqlarının nəticəsi ilə bağlı Minskdə keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna sərhədçiləri 2015-ci ilin sonuna kimi dövlət sərhədində nəzarəti bərpa etməlidir.
Prezidentin sözlərinə görə, hər hansı muxtariyyət və ya Ukraynanın federasiya halına salınması haqqında razılaşmalardan söhbət getmir.
Poroşenko bildirib ki, bütün girovlar 19 gün ərzində azad ediləcək. O, Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin baş leytenantı, helikopter pilotu Nadejda Savçenkonun azad edilməsi barədə razılıq əldə olunduğunu da açıqlayıb.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü N. Savçenko 2014-cü il iyulun əvvəlində Donbassda gedən döyüşlər zamanı separatçıları tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur. N. Savçenko həbsdə olarkən Ukrayna Ali Radasının deputatı seçilib və ölkənin AŞPA-dakı nümayəndə heyətini üzvüdür. Fevralın 10-da Moskvanın Basman rayon Məhkəməsi onun həbs müddətini mayın 13-nə qədər uzadıb.
Onu da bildirək ki, Belarusun paytaxtı Minsk şəhərində görüşün davam etdiyi saatlarda Ukraynanın Mariupol şəhəri yaxınlığında gərgin döyüşlər davam edib. Bu haqda məlumatı Ukraynanın "Azov" batalyonu özünün Facebook səhifəsində yazıb.
Döyüşlərin əsasən Şirokino-Saxanka cəbhə xəttində getdiyi deyilir.
"Vəziyyət getdikcə nəzarətdən çıxır. Separatçılar artilleriya və tankın köməyilə hücuma keçiblər, ancaq onların piyada qüvvələri Şirokino yaxınlığında məhv edilib. Separatçılar xeyli itki verib", - deyə "Azov" batalyonundan bildiriblər.