“Əfqanıstan vətəndaş müharibəsinə sürüklənir” Dünya
Naim Baburoğlu: “Türkiyə Əfqanıstanda yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə qalmalıdır”
Əfqanıstanda maraqlı proseslər baş verir. Taliban ölkəboyu nəzarəti ələ keçirirməkdə davam edir. ABŞ Əfqanıstandan çıxma qərarı verir. Türkiyə ordusu isə Əfqanıstanda qalmağa davam edəcək. Taliban isə Türkiyəyə qarşı cihad elan etdi.
Bəlllidir ki, Əfqanıstanda xaotik durumun yaradılması və idarə olunmasında maraqlı olan qüvvələr var. Belə olan halda Əfqanıstanda proseslər hansı məcrada davamç edəcək? Türkiyə üçün hansı risklər var və rəsmi Ankara nə etməlidir? Türkiyəli general Naim Baburoğlu bu məsələni “Xalq Cəbhəsi”nə şərh etdi.
Əfqanıstanın Orta Asiyanın cənubundakı dənizə çıxışı olmayan bir ölkə olduğunu deyən general bildirdi ki, Şərqdə və cənubda Pakistan; Qərbdə İran; Şimalda Türkmənistan, Özbəkistan və Tacikistan; Şimal-şərqdə Çinlə həmsərhəddir: “Əhalisi 32 milyona yaxındır”. Onun sözlərinə görə, sovet ordusu 24 dekabr 1979-cu ildə Əfqanıstanı işğal etməyə başladıqda, ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Bjezinski, Prezident Karterə “indi Sovetlər Vyetnamlarını hazırlamaq fürsəti tapdılar” dedi: “ABŞ, rusların Əfqanıstanı işğal etməsi üçün lazımi mühiti hazırlamış və demək olar ki, onu təşviq etmişdi. Bjezinski bu mövzuda belə bir açıqlama verir: “Prezident Karter Sovet işğalından altı ay əvvəl Kabildə Sovet tərəfdarı olan hökumətə qarşı döyüşənlərə dəstək vermək üçün ilk təlimatını verdi və mən həmin gün Prezident Karterə bu köməyin Sovet İttifaqının Əfqanıstanı işğal etməsinə səbəb olacağını izah etdim”. ABŞ Sovet ordusunun Əfqanıstanı işğal etməsindən altı ay əvvəl Əl-Qaidə toxumlarını əkmişdi.
1989-cu ildə Əfqanıstandan çəkilmək məcburiyyətində qalan Sovetlər, 50 min ölü və 60 milyard dolları dəfn etdilər. ABŞ-ın Əfqanıstanda yetişdirdiyi cihadçılar təkcə Sovet İttifaqına Vyetnamı yaşamaqla yanaşı, həm də Əl-Qaidə adı altında bütün dünyanın və ABŞ-ın başına bəla oldular”.
Əl-Qaidə, Əfqanıstan, Pakistan
N.Baburoğlu əalvə etdi ki, Mərkəzi Kəşfiyyat İradəri (MKİ), Əfqanıstanda yetişdirdiyi Əl-Qaidəyə 10 illik müharibə üçün üç milyard dollar yardım etdi: “Silah və pul mənbəyi ABŞ, Səudiyyə Ərəbistanı və bəzi ərəb ölkələri idi. Əl-Qaidə üçün lazım olan pul MKİ və Pakistan Kəşfiyyat Təşkilatı (ISI) vasitəsilə verildi. Bundan əlavə, ABŞ-da cihadçı döyüşçülər üçün təlim düşərgələri açıldı.
1979-cu ildə Sovet Əfqanıstanı işğal etdikdən sonra Pakistan üç milyona yaxın Əfqan qaçqını qəbul etdi. Əfqanıstanla 2430 kilometr sərhəddə olan Pakistan, bölgədə lider olmaq istəyi ilə Əfqanıstana hakim olmaq istədi. Pakistan mədrəsələri qaçqınlardan döyüşçü yetişdirmə mənbəyinə çevrildi. Pakistan həm radikal qruplar üçün təlim, həm də maddi-texniki dəstək bazası və minlərlə radikal döyüşçünün sərhədləri asanlıqla keçdiyi qonşu bir ölkəyə çevrildi.
İllər sonra Bjezinskinin “radikal islamçıları dəstəklədiyinizə, silah verdiyinizə və öyrətdiyinizə görə peşman deyilsinizmi?” sualına cavabı çox dəqiq idi: “Hansı dünya tarixi üçün daha vacibdir? Əl-Qaidə yoxsa Sovet İmperiyasının çöküşü? Təhrik olunan bir neçə müsəlman, yoxsa Orta Avropanın azadlığı və “Soyuq müharibənin” sona çatması? ABŞ-ın hədəfi olduqca açıq idi. Ancaq Əfqanıstan və qonşusu Pakistan ən böyük zərbəni aldı.
Pakistanın ABŞ-la birlikdə hazırladığı və Əfqanıstana göndərdiyi döyüşçülər özünü vuran bir canavara çevrilmişdi və əqrəb amansızca sancmağa başlamışdı. Nüvə gücünə sahib olan Hindistanla rəqabət edən Pakistan, Əl-Qaidə kimi radikal ünsürlərin 1980-ci ildə başladığı və sərhəd bölgələrində yuvalandığı üçün yenidən sabitliyə nail ola bilmədi. Əfqanıstan isə dağılmış bir ölkə status durumuna düşdü və demək olar ki, qonşu ölkələr üçün bir təhlükəyə çevrildi”.
Taliban
N.Baburoğlu diqqətə çatdırdı ki, Əl-Qaidədən sonra Taliban 1994-cü ildə Əfqanıstanda bir tələbə hərəkatı olaraq ortaya çıxdı: “Taliban Əl-Qaidə kimi Pakistanda təlim aldı və silahlandırıldı. Pakistanın hərbi, Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə Taliban 1996-cı ildə Əfqanıstanın paytaxtını və hakimiyyəti ələ keçirdi. Qurulan Taliban hökumətini üç ölkə tanıdı: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Pakistan. Tarixi Buda heykəllərini məhv etməsəydi, Çin də onu tanıyan ölkələrdən biri olacaqdı. 1996-2001-ci illərdə Taliban 80-100 min döyüşçüyə sahib idi. ABŞ-a görə, Talibanın yüzdə 20-40-ı Pakistanlı döyüşçülər idi. Taliban Usama Bin Ladeni qoruyurdu və ABŞ-a təhvil vermirdi.
Taliban hakimiyyəti alanda qızların məktəbə getmələrini, televiziya, musiqi və kinonu qadağan etdi. Kişilərə saqqal və qadınlara isə baş örtüyü məcburi edildi. Azan verilən zaman dükan sahibləri dükanlarını bağlamağa məcbur oldular. Şiələr düşmən elan edildi. Sünniliyi qəbul etməyə məcbur olan xəzərlər öldürüldü. Narkotikadan istifadəyə icazə verildi, amma spirtli içki qadağan edildi”.
ABŞ-ın Əfqanıstanı işğal etməsi
General əlavə etdi ki, 11 sentyabr 2001-ci il hücumlarından sonra ABŞ “Terrorla Müharibə” strategiyasını başlatdı: “ABŞ-ın Üsamə Bin Ladeni qorumaq üçün başlatdığı əməliyyatla Taliban hakimiyyətdən uzaqlaşdırıldı. ABŞ, Əfqanıstana müdaxilə etdiyi zaman bura hərbi güc olaraq 11 ölkəni daxil etdi. 2001-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı ilə “Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF)” yaradıldı və bu qüvvədə 34 ölkə iştirak etdi. Çin, Rusiya və İran da BMT-nin “ISAF” qərarını dəstəklədi. 2003-cü ildən bu əməliyyat NATO komandanlığı altında aparıldı. 2010-cu ildə Əfqanıstandakı xarici qüvvələrin sayı 150 mini keçdi, bunlardan 100 mini ABŞ idi. “ISAF” 1 Yanvar 2015-ci ildən “Həlledici Dəstək Missiyası” adlandırıldı. Təhlükəsizlik məsuliyyəti Əfqan qüvvələrinə həvalə edildi. Ölkədə Taliban günü-gündən güclənirdi.
ABŞ-ınTramp hökuməti Talibanla danışıqlara getdi və 29 Fevral 2020-ci ildə razılaşma əldə edildi. ABŞ və digər xarici güclər 1 may 2021-ci ilə qədər Əfqanıstandan çəkiləcəkdi. Biden rəhbərliyi geri çəkilməni 1 sentyabr 2021-ci ilə qədər təxirə saldı.
20 illik müharibə təxminən 200.000 əfqanın həyatını itirməsi ilə nəticələndi. ABŞ 2500 əsgərini itirdi, 2 trilyon dollardan çox pul xərclədi. Amerika Birləşmiş Ştatları və koalisiya ölkələri 200.000 əfqan əsgəri yetişdirdi, amma Əfqanıstanın təhlükəsizliyini təmin edə biləcək yetərli güc qazana bilmədi. Əfqanıstan çökmüş dövlət statusuna malikdir, dövlət vəzifələri pulla satılır, korrupsiya zirvədədir. ABŞ işğalından sonra tiryək istehsalı da artdı və dünyanın tiryək tələbatının 85% -ni ödəyir”.
ABŞ-ın məğlubiyyəti
N.Baburoğlu diqqətə çtdırdı ki, bu mərhələdə Əfqanıstanın 70 faizinə nəzarət edən Taliban daim güclənir və irəliləməyə davam edir: “Əfqan ordusu bəzi yerlərdə geri çəkilir, hətta döyüşə girmədən tərkisilah olur. ABŞ-ın kəşfiyyat məlumatına görə, ABŞ-ın geri çəkilməsindən altı ay sonra Əfqanıstanın Talibanın nəzarətinə keçəcəyi və ölkənin vətəndaş müharibəsinə sürükləndiyi bildirilib.
Əfqanıstandakı Amerika qüvvələrinin komandiri General Scott Miller, “Təhlükəsizlik vəziyyəti hazırda yaxşı deyil. Əgər olduğu kimi davam edərsə, vətəndaş müharibəsi mütləq bir ehtimaldır. Bu dünyanı narahat etməlidir” – deyə vurğulayıb.
Taliban BBC-yə verdiyi açıqlamada 2021-ci ilin sentyabrından sonra ölkədə qalacaq bütün xarici əsgərlərin işğalçı qüvvə kimi qəbul ediləcəyini bəyan edib.
ABŞ və NATO ölkələri sürətlə Əfqanıstandan çəkilir. ABŞ Türkiyənin Kabil Hava Limanının təhlükəsizliyini təmin etməyə davam etməsini istəyir. Türkiyə də Əfqanıstanda qalmaq istəyir və ABŞ ilə bu mövzuda danışıqlarına davam edir.
ABŞ-ın əsas məqsədi Çinin “Bir Yol Bir Kəmər Layihəsi”nin və Çinin yüksəlməsinin qarşısını almaqdır. Buna görə də Əfqanıstandan sürətlə geri çəkilir. Ölkəni Talibana buraxır. Və doğrudan da tarix təkrarlanır. İbn Xəldun demişdi: “Keçmiş gələcəyə suyun suya bənzədiyindən daha çox bənzəyir”. ABŞ-ın Əfqanıstandakı siyasəti belədir. 1989-cu ildə Əl-Qaidəni yetişdirdi və Sovet İttifaqına Əfqanıstanda Vyetnam yaşamasını təmin etdi. 2021-ci ildə eyni siyasətlə Çin və bölgə üçün oxşar bir tələ qurur”.
Əfqanısatn, İdlib
Proseslə bağlı fikrini davam etdirən general diqqətə çatdırdı ki, Əfqanıstan artıq sadəcə Əfqanıstan deyil, Suriya da, İdlib də artıq sadəcə İdlib deyil: “ABŞ, Türkiyə ilə 130 kilometrlik sərhədi olan İdlibi kiçik bir Əfqanistanlıya çevirdi. ABŞ İdlibdə dəstəklədiyi radikal qrupları Əfqanıstana köçürməyə hazırlaşır. 2002-ci ildə terror təşkilatı olaraq tanıdığı və Çinə qarşı mübarizə apardığı “Türkistan İslam Partiyası”nı (TİP) 2020-ci ilin oktyabrında terror təşkilatları siyahısından çıxardı. Başqa sözlə, səkkiz ay əvvəl İdlibdən radikal qrupları Əfqanıstana göndərmək üçün hazırlıqlara başladı. İdlibdə, Suriya hökumətinə qarşı vuruşan bir çox TİP personalı Əfqanıstan-Çin sərhədinə Uyğur bölgəsinə (Vahan Dəhlizi) göndərilir. Məqsəd Çinin bu bölgəsində sabitliyi pozmaq və Əfqanıstanı Əl-Qaidə tipli radikal qruplarla dolduraraq Çin, Pakistan, İran və Orta Asiyanı terror istehsal edən bir coğrafiyaya çevirməkdir.
ABŞ indi İdlibin ən güclü təşkilatı olan Heyet Tahrir al-Şam (HTS) terror təşkilatı siyahısından çıxarmaqdadır. ABŞ İdlibi terror yetişdirən bir təsərrüfata çevirdi. Buradan ekstremist döyüşçüləri çox az xərclə Əfqanıstan və digər bölgələrə nəql edərək hədəflərinə çatmağı hədəfləyir. Bu hibrid müharibəsidir...
Əfqanıstanın sqonşusu Tacikistan, təhlükəsizlik problemləri səbəbi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiyadan hərbi dəstək istədi. Rusiya 1989-cu ildə məğlub olaraq çıxdığı Əfqanıstana və sərhəd bölgələrinə qayıtmağa hazırlaşır.
ABŞ Əfqanıstandan geri çəkilir, lakin bölgəni idarə etmək və Əfqanıstandakı Çin və Rusiya təsirinin qarşısını almaq üçün Əfqanıstanın qonşularında bazalar axtarmağa davam edir. Qazaxıstan, Özbəkistan və Tacikistanla danışıqlar aparır. ABŞ Əfqanıstanı Talibana buraxır, ancaq Orta Asiyada yerləşir. Əfqanıstan artıq sadəcə Əfqanıstan deyil. ABŞ, Çin və Rusiya arasında geopolitik güc mübarizəsinə çevrilmiş bir coğrafiyadır”.
Türk əsgəri Əfqanıstanda qalmalıdırmı?
Türkiyə hərbçilərinin bu şərtlər altında Əfqanıstanda qalıb qalmamasına gəlincə N.Baburoğlu bildirdi ki, Türkiyənin Əfqanıstanla münasibətləri Böyük Atatürk dövründən bəri çox yaxşı səviyyədədir: “Münasibətlər qorunmalıdır. Lakin Əfqanıstan köhnə Əfqanıstan deyil. Taliban güclənir və ölkə vətəndaş müharibəsinə sürüklənir. ABŞ və digər ölkələr sürətlə geri çəkilir. Taliban da Türkiyənin bu ölkədə qalmasına qarşıdır. Başqa sözlə, Türkiyə üçün ciddi riskdən də çətin bir vəziyyət var.
Türkiyə Əfqanıstanda yalnız aşağıdakı şərtlər yerinə yetirildiyi təqdirdə qalmalıdır: Taliban Türkiyənin qalmasını tələb edərsə; Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından bu istiqamətdə bir qərar çıxırsa; ABŞ / NATO, Əfqanıstandakı Türk hərbi kontingentinin maddi xərclərini qarşılayarsa; ABŞ / NATO türk əsgərlərinə əməliyyat, kəşfiyyat və lojistik dəstək verərsə Türkiyə Kabil Hava Limanının təhlükəsizliyini təmin etməyə davam edə bilər. Bu şərtlər yerinə yetirilməzsə, Türkiyə gözlənilməz risklərə görə Əfqanıstandan çəkilməlidir. Bundan əlavə, Pakistanın Əfqan xalqının mübarizə apardığı Talibanı dəstəklədiyini unutmamalıyıq. Bu vəziyyətdə Türkiyənin Pakistanla birlikdə Əfqanıstanda olması ciddi problemlər yarada bilər.
Suriyada ABŞ-ın dəstəklədiyi PYD / PKK separatçı terror təşkilatı Türkiyənin coğrafi bütövlüyü üçün bir təhdiddir. ABŞ-ın Kiçik Əfqanıstana çevrildiyi Suriyadakı İdlib, Türkiyə üçün uzun illər davam edəcək ikinci bir təhdiddir. İdlib artıq yalnız İdlib deyil, Əfqanıstan və Liviya deməkdir. Əfqanıstan və qonşusu Pakistan Əl-Qaidə tərəfindən ən çox zərbə aldığı kimi, İdliblə bağlı da ən çox Türkiyənin zərər görəcəyi ehtimalı yüksəkdir...”.
Əli Zülfüqaroğlu