Rusiya-Ukrayna gərginliyi: iqtisadi risklər nədən ibarətdir? Dünya

Rusiya-Ukrayna gərginliyi: iqtisadi risklər nədən ibarətdir?

Rusiya-Ukrayna gərginliyi iqtisadi problemlərə də yol açır. Ekspertlər hesab edirlər ki, Rusiya-Ukrayna arasında müharibə baş verərsə, bu, hər iki ölkə ilə yanaşı dünya iqtisadiyyatına da mənfi təsir edəcək. Müharibə olmasa belə, hazırda davam edən gərginlik hər iki ölkə iqtisadiyyatını zəiflətməkdədir.

Ekspertlər məsələni “Xalq Cəbhəsi”nə şərh ediblər.

Poltitoloq Məhəmməd Əsəsdullazadə bildirdi ki, Ukrayna və Rusiya arasında müharibə olacaqsa, ilk növbədə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediləcək: “Bu da Rusiyanın iqtisadiyyatına güclü zərbə deməkdir. Həmçinin Ukrayna iqtisadiyyati da tənəzzül keçirəcək. Bu isə Avropa iqtisadiyyatina mənfi təsir edəcək. Ona görə də risklər var, düşünürəm ki, Rusiya da bunu hesablayıb. Muharibə hər iki okkənin iqtisadiyyatını çökürəcək. Bunun regionl və beynəlxalq təsirləri qaçılmaz olacaq. Xüsusilə, Rusiya iqtisadiyyatına sanksiyalar Avropanı da sıxacaq. Ümumiyyətlə iki ölkə arasında müharibə riskdir və bu regionda xüsusilə Şərqi Avropada yeni sərhədlərin dəyişməsinə gətirə bilər.

Vaşinqton Rusiyanı parçalamaq niyyətindədir

Politoloq Turan Rzayev diqqətə çatdırdı ki, Ukrayna ilə Rusiya arasında indiki məqamda muharibə olmayacaq. Onun sözlərinə görə, bu muharibənin niyə olmayacağının cavabı olacağı təqdirdə nə ilə nəticələnəcəyində saxlıdır: “Hesab edirəm Bütün hallarda həm Ukrayna həm də Rusiya belə bir muharibədə məğlub tərəfdir. Düzdür, Rusiya dünyanın həm say tərkibinə, həm də hərbi texniki imkanlarına görə ən güclü ordularından birinə sahibdir. Digər tərəfdən, rəsmi Kremlin 10 mindən artıq nüvə başlığının olduğunu da unutmamaq lazımdır. Lakin bütün bunlara baxmayaraq danılmaz bir reallıq var ki, Rusiya iqtisadiyyatı indiki məqamda nəinki uzunmüddətli bir müharibəyə, heç qısa müddətli müharibəyə də hazır deyil. Pandemiya və Qərbin iqtisadi sanksiyaları ilə iqtisadiyyatı zəifləyən rəsmi Kreml anlayır ki, Ukrayna ilə və ya onu dəstəkləyən Qərb və ABŞ ilə ehtimal olunan müharibə Rusiya üçün ikinci SSRİ parçalanmasına səbəb ola bilər. Məntiqlə yanaşsaq, SSRİ də bənzər formada parçalanmışdı. ABŞ və Qərbin sanksiyaları, ifrat dərəcə silahlanma sonda SSRİ iqtisadiyyatını çökdürdü. Əfqanıstana müdaxilə isə bu çöküşü süqutla nəticələndirdi. Kreml anlayır ki, Vaşinqton Rusiyanı da bənzər formada öncə çökdürmək, daha sonra isə parçalamaq niyyətindədir.

O ki qaldı Ukraynaya. Ukrayna Kremllə təkbaşına mübarizə apara bilməz. Rəsmi Kiyevin Kreml qarşısında qələbə qazanması mümkün deyil. Ukrayna qələbə qazansa da bu “pirr qələbəsi”ndən başqa bir şey olmayacaq. Məsələ ondadır ki, Birinci və İkinci Dünya müharibəsi zamanı Ukrayna xalqı demoqrafik olaraq ən çox zərər çəkən xalq olub. Bu gün belə bu ölkədə qadın-kişi nisbəti qeyri-bərabrədir. Yəni İkinci Dünya müharibəsindən bu günə qədər bərpa oluna bilməyən qadın-kişi nisbəti yeni bir müharibə ilə tamamilə alt-üst olacaq. Digər tərəfdən, lap Qərb Ukraynaya dəstək olsa belə, bu zaman da Ukraynanın ərazisi böyük güclərin müharibə meydanına çevriləcək”.

Ukrayna prezidenti iqtisadiyyatını da düşünmək məcburiyyətindədir

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiya Ukraynaya hərbi müdaxilə etsə, hər iki ölkənin verəcəyi canlı itkilərlə yanaşı iqtisadiyyatları da bərbad günə düşəcək: “Son bir ayda müharibə haqqında söz-söhbətin özü belə Ukrayna və Rusiya iqtisadiyyatına böyük zərər vurub”. Ekspert, əlavə edib ki, Kiyevin hesablamalarına görə, gərginlik fonunda təxminən 12 milyard dollar kapital Ukraynadan çıxarılıb: “Ukrayna prezidenti Zelenskinin sözlərinə görə, Ukrayna iqtisadiyyatını canlandırmaq üçün ən azı 5 milyard dollar lazımdır. Rusiyada isə rubl və fond birjalarında şirkətlərin səhmləri sürətlə dəyərdən düşür, kapital ölkəni tərk edir. Müharibə söhbətləri bir neçə ay da davam etsə, hər iki ölkənin iqtisadiyyatı bundan da çox itirəcək. Yenə Ukraynaya dəstək verən ölkələr var, Rusiya isə heç yerdən maliyyə cəlb edə bilməyəcək, əlindəki rezervləri xərcləməkdə davam edəcək. Əlbəttə, müharibə söz-söhbəti enerji resurslarının qiymətlərini artırıb və Rusiya satdığı neft və qaza görə gəlirlərini bir müddət artıra bilər. Ancaq bu müvəqqəti hal daşıya bilər. İnlfylasiya gəlirləri sömürəcək”.

Vaşinqton və Brüssel kənardan seyr edəcəklər

Politoloq əlavə edib ki, Zelenski Qərb ölkələrində müharibədən çox danışılmasının Ukrayna iqtisadiyyatına mənfi təsirini artırdığını vurğulayıb: “Vaşinqtonun isə Zelenskinin iradına cavabı belədir: “Müharibə təhlükəsi azdırsa bizdən daima niyə hərbi texnika istəyirsiniz?”. Kiyevin başqa alternativi varmı? Zelenski bildirib ki, müharibə başlasa heç bir dövlət Ukraynaya silahlı qüvvələrini göndərməyəcək. Haqlıdır. Vaşinqton və Brüssel kənardan seyr edəcəklər. Ona görə də Zelenski heç olmazsa Qərb ölkələrindən gərəkli lazımi hərbi texnika almağa çalışır. Ukrayna prezidenti müharibəyə hazırlaşmaqla yanaşı ağır duruma düşən iqtisadiyyatını da düşünmək məcburiyyətindədir. Vaşinqton Rusiyanı iqtisadi baxımdan çökdürmək planını işə salıb. Ancaq Kiyev bu planın icrasının Ukrayna iqtisadiyyatına zərər verməməsini istəyir”.

Əli Zülfüqaroğlu