Bayden Rusiyaya qarşı ilk sərt sanksiyalar paketini tətbiq etmək qərarını açıqlayıb Dünya

Bayden Rusiyaya qarşı ilk sərt sanksiyalar paketini tətbiq etmək qərarını açıqlayıb

ABŞ prezidenti Co Bayden qondarma “DNR” və “LNR”nin tanınması üçün Rusiyaya qarşı ilk sanksiyalar paketinin tətbiqi qərarını açıqlayıb.

Bu barədə ABŞ prezidenti çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sanksiyalar ABŞ-ın 2014-cü ildə tətbiq etdiyindən daha sərt olacaq:

"Mən (Rusiyanın fəaliyyətinə) cavab olaraq sanksiyalar tətbiq etməklə başlayacağam ki, bu, bizim və tərəfdaşlarımızın 2014-cü ildə atdığı addımlardan qat-qat əhəmiyyətli olacaq".

C.Bayden bildirib ki, xüsusilə, bloklaşdırıcı sanksiyalar (yəni SDN-Siyahısına daxil edilməsi) Rusiyanın "VEB" bankına təsir edəcək. O, həmçinin Rusiya müdafiə sənayesinin əsas bankı olan Promsvyazbank-ı da qeyd edib.

C.Bayden həmçinin söz verib ki, ABŞ fevralın 23-dən etibarən Rusiya elitasına və onların qohumlarına qarşı sanksiyalar tətbiq etməyə başlayacaq.

Sanksiyalar Rusiyanın xarici borc bazarlarına çıxışına da təsir edəcək.