“Məsələnin şişirdilməsində maraqlı dairələr var” Hadisə

“Məsələnin şişirdilməsində maraqlı dairələr var”

Azər Həsrət: "Xədicə İsmayıla verilən cəza xeyli humanistdir"

Mən adətən məhkəmə hökmlərinin, qətnamələrinin qeyri-peşəkarlar tərəfindən şərh edilməsini düzgün saymıram. Bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib. Onun sözlərinə görə, jurnalist Xədicə İsmayılla bağlə məsələyə gəlincə, bu nəticənin mürəkkəbi qurumamış xarici dövlətlərin, beynəlxalq təşkilatların tez-tələsik reaksiya verməsi bir daha göstərir ki, məsələnin şişirdilməsində maraqlı dairələr var. O, deyib ki, halbuki onlar da bizim kimi hüquq müstəvisində atılan addımları anlayışla qarşılamalı, ciddi təhlil aparmadan bəyanat verməməlidir.
"Ümumilikdə isə düşünürəm ki, Xədicə İsmayıla qarşı irəli sürülən ittihamları nəzərə alsaq, ona verilən cəza xeyli humanistdir"-deyə, A. Həsrət daha sonra sözlərinə əlavə edib.
Qeyd edək ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılovaya hökm oxunub.
Hökmə əsasən, X.İsmayılova 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xədicə İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.