“Dini tolerantlıq bizim üçün problemə çevrilməkdədir” Hadisə

“Dini tolerantlıq bizim üçün problemə çevrilməkdədir”

Seyid Camal Əzimbəyli: "Bu münbit şəraitdən artıq biriləri istifadə edərək "qırmızı xətti" keçməkdədir"

Bir müddətdir Azərbaycanda dini ekstremizmin bu və ya digər hallarda təzahürlərinin şahidi oluruq. Bu hallar hələ ki, özünü virtual aləmdə göstərsə də, gələcəkdə artmaması üçün ziyalılar, ictimaiyyət nümayəndələri, millət vəkilləri tərəfindən müəyyən fikirlər səsləndirilir. Məsələyə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, son dövrlər qürur duyduğumuz, fəxrlə dünyaya bəyan etdiyimiz dini tolerantlıq bizim üçün problemə çevrilməkdədir: "Ölkəmizdə olan tolerantlıq çox yüksək səviyyədədir, əhalinin genefondundan gələn mərhəmət və dövlətin yaratdığı bu münbit şəraitdən artıq biriləri istifadə edərək "qırmızı xətti" keçməkdədir. Düşünürəm ki, mövcud tolerant şəraitdən sui-istifadə edənlərin qarşısının alınması tək hüquq-mühafizə orqanlarının üzərinə düşməməlidir. İslami maarifləndirilmə baxımından, bu dinin gətirdiyi gerçək qaydaların cəmiyyətə aşılanması həm də inanclı, ziyalı və mütərəqqi insanların da üzərində bir məsuliyyət olmalıdır. Təbii ki, biz bəzi həqiqətləri də gizlətməməliyik. Kiçik qrup halında olsa da, Azərbaycanda bu problem var. Məzhəbindən asılı olmayaraq, Azərbaycan dövlətinin milli maraqlarına zidd, təfriqəyə yol açan işartılar varsa, anında zəruri tədbirlərin həyata keçirilməsi vacibdir". C.Əzimbəyli qeyd edib ki, son günlər bəzi media orqanlarında çalışan yazarlar məlumatsızlıqdan təxribata əl atırlar: "Misal üçün, Məşədi Dadaş məscidi Azərbaycan dövlətinə, milli mənafeyinə xidmət yönündə bir saylı mərkəzə çevrilib. Bu mərkəzin rəhbəri olan Hacı Şahin Həsənli də Azərbaycana, milli maraqlarımıza bağlı bir şəxsdir. Çox təəssüflər olsun ki, bəzən mətbuatda olan dostlarımız o mərkəzi də gündəmə gətirməklə bilmədən təfriqə salırlar. Bu da gələcəkdə qarşıdurmalara gətirib çıxara bilər. Bəzi insanlar kimlərəsə yarınmaq istəyir, ancaq gerçəkliyi kənara qoyur, indiki məqamda sabitliyi pozmağa cəhd edənlərin ünvanlarını göstərmirlər. Ona görə də bir inanclı şəxs kimi bütün mətbuat orqanlarına müraciət etmək istəyirəm ki, zərərli qüvvələri ünvanı ilə göstərsinlər. Kimlərsə bu situasiyadan istifadə edib, məzhəb təəssübkeşliyi adı altında məzhəbləri bir-birinə qarşı qoyan hücum kampaniyasında iştirak etməsinlər. Yəni, jurnalistlər bu məsələyə məzhəb təəssübkeşliyi baxımından yanaşmamalıdırlar. Belə məsələlərdə televiziya, mətbuat ehtiyatlı olmalıdır. Tolerantlıqdan istifadə edən bəzi insanlar Azərbaycanı Suriyaya, İraqa, Yəmənə çevirmək istəyən xarici emissarların əl altısı olmamalıdırlar. İnanıram ki, onlar bu məsələlərdən xəbərsizdirlər və buna görə də kimlərinsə oyununun qurbanına çevrilməkdədirlər. Onlar tarixi bir ləkəni üzərlərinə götürməməlidirlər". C.Əzimbəyli vurğulayıb ki, insan nədənsə, kimdənsə inciyə bilər, amma Azərbaycanın milli maraqları hər şeydən üstün tutulmalıdır: "Xüsusilə, inanclı bir insanın boynunda bu bir ilahi haqdır, hökmdür. Bu hökmə qarşı gəlmək də ən böyük günahlardan biridir".