Vətən aşiqləri Hadisə

Vətən aşiqləri

Tariximizin şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsində qan töküb torpağı Vətən edən igid ərənlərimiz hər yerdə, hər zaman böyük məhəbbətlə, ehtiramla xatırlanır, adları müqəddəs tutulur. Vüsal Kazımov və Arif Qeybiyev də öz ömrünü Vətən üçün yaşadılar.
44 günlük haqq savaşımızda odlardan, alovlardan keçərək erməni dığalarına od qoyan Azərbaycanın qeyrətli oğullardan biri də şəhid baş leytenant Vüsal Kazımovdur. Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya göz açan, Qəlbi Vətən eşqi ilə döyünən igid Vüsal müharibə meydanında 30 il əsir düşən müqəddəs yurd yerimiz-Qarabağın azadlığı uğrunda son damla qanınadək yağıya qarşı mərdliklə vuruşub. Hər döyüşə qələbə inamı ilə atılan Vətən sevdalısı Füzulidə, Xocavənddə, Şuşada gedən ağır savaşda öndə olmaqla erməni dığalarına qan qusdurub. Neçə-neçə döyüşdən üzü ağ çıxan baş leytenant Şuşada namərd gülləsinə tuş gəlib. Milyonların ürəyində özünə əbədi yer edən, şərəfli ömrünün 30-cu ilində adını Azərbaycanın şanlı tarixinə yazan Vüsal Kazımov dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, Xocavəndin, Füzulinin azadlığı uğrunda medallarla təltif olunub.
Vüsal Kazımovun ömür yolu nə qədər qisa olsa da, özündən sonra gələcək nəsillər üçün bir şanlı tarix yazıb. O, həm də iki ali təhsil almışdı. Bütün bunlarla bərabər iki-Nuray və Aynur adlı qız uşaqlarını canından artıq sevdiyi Vətənə yadigar qoyub.
Ömrünün 23-cü ilində canını Vətəninə qurban verən şəhid Arif Qeybiyev Səncərədi kəndində dünyaya göz açıb. İndi burada hamı Arifin adını iftixarla çəkir, onu özünə qürur yeri bilirlər.
Arif kənd tam orta məktəbindən sonra, yəni 2012-2016-ci illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb. Kiçik yaşlarında idmanın atletika növünə maraq göstərib. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa atletika üzrə 50-dən çox diplom qazanıb, onlardan 30-u birincilik üzrədir. Kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika birincisi olub. Digər uğurlar da var.
Vətənin hər qarşını özünə əziz bilən, düşmənin işğalçılıq siyasəti ilə heç cür barışmayan Astara elinin mərd oğlu 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yollanıb. İlk xidmət yeri Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra Vətən qarşısında borcunu Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. 2 dəfə tərifnaməyə layiq görülüb. Nümunəvi əsgər kimi üzüağ xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib, lakin qəbul olmayıb. Ancaq 4-cü dəfə sənəd verərkən istəyinə çatıb.
2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq tankçı kimi xidmət etməyə başlayıb. Peşəsini mükəmməl öyrənib. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif 44 günlük haqq savaşımızda Füzuli uğrunda gedən gərgin döyüşlərə qatılıb. Dostunun tankı minaya düşüb. Arif öz tankından enərək, 100-200 metr aralıda olan həmin tanka çatıb, onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib, ölümü ilə gələcək nəsillərə nümunə və örnək olan qəhrəmanlıq zirvəsinə ucalıb. Astara rayonunun Ərçivan qəsəbəsində torpağa tapşırılan şəhidimiz “Vətən uğrunda” və digər medallara layiq görülüb. Hazırda Gülnur adında qızı atanın adına layiq boy atır.

Zəfər Orucoğlu