Bakıda Avropa İttifaqının tvinninq layihəsinin təqdimatı olub Hadisə

Bakıda Avropa İttifaqının tvinninq layihəsinin təqdimatı olub

Avropa İttifaqının AzərbaycanMədəniyyət və Turizm Nazirliyinə dəstək üzrə tvinninq layihəsinə başlanılıb. Layihənin keçirilməsi ilə bağlı tenderin qalibi İtaliya hökumətidir.
İki il ərzində keçiriləcək layihəyə 2016-cı ilin fevralından start verilib. Layihənin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlığın gündən-günə inkişaf etdiyini bildirib: "Son vaxtlar Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq Azərbaycan mədəniyyəti fenomenini yaradıb. Lakin ölkə daxilində üslublar, kadr potensialı, bölgü, struktur hələ də tam müasir formada deyil. Bu layihənin başlanması ona görə önəmlidir ki, ölkə daxilində mədəniyyət sahəsində təkmilləşdirməyə təkan verəcək".
Nazir bildirib ki, layihə iki hissədən ibarət olacaq. Öncə strukturun təkmilləşdirilməsi, sonra isə qeyri-maddi mədəni və mədəni irsin idarə edilməsinin institusional inkişafı həyata keçiriləcək. "Bilirik ki, sovet dövründən qalmış irslərin bugünkü vəziyyəti standartlara cavab vermir. Bunların hansı yolla dəyişməsi istiqamətində düşünməliyik. Mədəniyyət ocaqlarının nəinki Bakıda, o cümlədən regionlarda turist axınına təkan verməsini gücləndirməliyik. Növbəti iki ildə mədəniyyətdə idarəetmə sisteminin təkmilləşdirilməsinə dair maraqlı irəliləyişlər olacaq", - deyə Ə. Qarayev bildirib.
Sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bunun Aİ-nin Azərbaycanla həyata keçirdiyi ikinci layihə olduğunu bildirib: "2007-ci ildən etibarən Azərbaycanla 33 tvinninq layihəsi həyata keçirmişik. Avropa Qonşuluq Siyasəti ölkələri arasında ən çox yararlanan ölkə Azərbaycandır. Bu dəfə layihənin əsas hissəsi mədəniyyət sahəsi ilə bağlı olacaq. Təcrübələrimizi bölüşəcək, töhfə verəcəyik. Aİ-də mədəniyyət böyük sahə sayılır. Aİ-də ümumdaxili məhsulun 3 faizi mədəniyyət sahəsinin payına düşür. Avropa İttifaqı ilə Azərbaycan arasında 25 illik əməkdaşlıq tarixi var. Bir-birimizin mədəniyyətini daha dərindən öyrənməliyik".
Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo və layihənin rəhbəri Adele Cesi çıxış ediblər. Layihənin Azərbaycan üzrə rəhbəri Vasif Eyvazzadə isə layihənin təqdimatını keçirib.