“31 mart soyqırımı 20-ci əsrin əvvələrində baş verən hadisələrə bütövlükdə aydınlıq gətirməyə imkan yaradır” Hadisə

“31 mart soyqırımı 20-ci əsrin əvvələrində baş verən hadisələrə bütövlükdə aydınlıq gətirməyə imkan yaradır”

Elçin Mirzəbəyli: "Eyni zamanda, bu faciə ermənilərin iddia etdikləri kimi soyqırıma məruz qalan deyil, soyqırım törədən xalq olduğunu sübut edir"


Soyqırım faktları ilə bağlı təbliğat mərkəzləşdirilmiş qaydada aparılmalıdır.
Bu sözləri "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Gün.Az-a açıqlamasında bildirb.
O qeyd edib ki, 31 mart soyqırımı ilə bağlı bütün sənədlər toplanılıb, müxtəlif dövlətlərə təqdim olunub və bu istiqamətdə uzun müddətdir işlər davam etdirilməkdədir.
Bu hadisənin bəşər tarixində rast gəlinən ən böyük faciələrdən biri olduğunu deyən E.Mirzəbəyli, soyqırımın dünyada təbliğ edilməsi ilə ermənilərin iç üzünün də ifşa edildiyini vurğulayıb:
"31 mart soyqırımı 20-ci əsrin əvvələrində baş verən hadisələrə bütövlükdə aydınlıq gətirməyə imkan yaradır. Eyni zamanda, bu faciə ermənilərin iddia etdikləri kimi soyqırıma məruz qalan deyil, soyqırım törədən xalq olduğunu sübut edir.
İndiki mərhələdə bu soyqırımın tanıdılması üçün bir çox problemlər qarşımızda dayanır. Birincisi, erməni lobbisinin və diasporunun fəaliyyətidir. Bundan başqa, bəzi dövlətlərin qondarma erməni soyqırımı vasitəsilə ermənilərdən türklərə qarşı istifadə etməsi də müəyyən problemlər yaradır.
Digər tərəfdən qardaş Türkiyənin də bu proseslərdə o qədər də fəal iştirak etməməsini də qeyd etməliyik. Bu, müəyyən qədər Türkiyə ətrafında cərəyan edən hadisələrdən qaynaqlanırsa, digər tərəfdən mənim qənaətimə görə, bütövlükdə Türkiyə cəmiyyətinin bu istiqamətdə daha ciddi addım atmağa hazır olmaması ilə bağlıdır".
Baş redaktor ədalətsizlik və ikili standartların 31 mart soyqırımının tanıdılmasına mane olan ən vacib amillərdən biri olduğunu deyib və növbəti mərhələdə mərkəzləşdirilmiş qaydada təbliğatın aparılmasının vacibdliyini qeyd edib:
"Xeyli müddət öncə Soyqırım Komissiyasının yaradılması təklifi irəli sürülmüşdü. Hüquqşünaslar, millət vəkilləri, tarixçilər və media nümayəndələrinin yer alacağı belə bir qurumun yaradılması, bu sahədə mərkəzləşdirilmiş formada fəaliyyətin aparılmasına şərait yaradar.
İndiki zamanda belə bir komissiyanın olmasına ehtiyac var. Çünki, ayrı-ayrı qeyri-hökümət təşkilatlarının apardıqları fəaliyyət mərkəzləşdirilmiş şəkildə olmur. Bəzən dağınıq və qeyri-peşəkar səviyyədə həyata keçirildiyi üçün əks effekt yaranmasına da zəmin yaradır".