“Azərbaycan miqrantların təyinat ölkəsinə çevrilib” Hadisə

“Azərbaycan miqrantların təyinat ölkəsinə çevrilib”

Dövlət Miqrasiya Xidməti: "Ötən il 11 min nəfərdən çox əcnəbi vətəndaşa Azərbaycanda müvəqqəti yaşamaq icazəsi verilib"

Dünən Bakıda "Azərbaycan Respublikasında Miqrasiya Siyasəti və İnsan Hüquqları" mövzusunda beynəlxalq konfrans keçirilib.
APA-nın xəbərinə görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları və Konfliktologiya İnstitutu, Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev çıxışında miqrasiya siyasətinin beynəlxalq aləmdə təhlükəsizlik təminatı məsələlərinə də aydınlıq gətirərək, beynəlxalq təşkilatların bu sahədəki fəaliyyəti, miqrasiya proseslərinin mövcud vəziyyətində yaranmış bir sıra problemlər barədə məlumat verib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak miqrasiya siyasətinin aktual vəzifələrindən, miqrasiya prosesinin təhlükəsizlik təminatının yaradılmasından, emiqrantların hüquqlarının müdafiə olunmasında, miqrasiya prosesində beynəlxalq təcrübə və əməkdaşlığın bu sahəyə verəcəyi töhfələrdən bəhs edib.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev konfransda çıxışında deyib ki, miqrasiya məsələsi nəinki Azərbaycanda, bütövlükdə dünyada çox aktual bir mövzudur. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə edəndən sonra böyük miqrasiya ordusu ilə üz-üzə qalıb və münaqişələr nəticəsində Ermənistandan qovulmuş yüz minlərlə soydaşımızı, eləcə də Özbəkistandan gəlmiş 250 min nəfərə qədər Mehseti türklərini qəbul edib. P.Musayev qeyd edib ki, 1 milyon daxili miqrantla üz-üzə qalan Azərbaycan, müharibəyə cəlb olunan bir dövlət kimi bu prosesin öhdəsindən gəlməlidir: "Artıq Azərbaycan miqrantların təyinat ölkəsinə çevrilib. Bu gün tam gücü ilə işləmək qabiliyyətində olan Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn hər bir vətəndaşın nə vaxt, harada, nə qədər yaşadığına nəzarət edə bilir".
Xidmətin rəis müavini qeyd edib ki, 2013-cü ildə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanda yaşamış 140 mindən artıq əcnəbi vətəndaş olduğu yer üzrə qeydiyyata qalınıb: "Onlardan 11 min nəfərdən çoxuna ölkə ərazisində müvəqqəti yaşamaq icazəsi verilib. Ötən il Azərbaycanda qeyri-müəyyən vəziyyətdə yaşayan 231 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib".