“Makedoniya Türk Hərəkat Partiyası 10 mindən çox səs alıb” Hadisə

“Makedoniya Türk Hərəkat Partiyası 10 mindən çox səs alıb”

Enes İbrahim: "Partiya Makedoniya türklərinin haqq, hüquq və siyasi arenada mübarizəsini təşkil etmək məqsədilə yaradılıb"


"2013-cü ildən etibarən Makedoniya Türk Hərəkat Partiyasının baş katibi vəzifəsinə seçilmişəm və hazırda bu görəvimi davam etdirirəm. 2014-cü ildən isə Türk Hərəkat Partiyasının və müxalifət cəbhəsinin tək türk və müsəlman millət vəkiliyəm. Makedoniya türklərinin taleyi digər türk toplumlarının taleyinə çox bənzəyir. Dünyanın hər nöqtəsində türklər necə yaşayırsa, necə dağınıq bir coğrafiyada həyat sürürsə, Makedoniya türkləri də ölkə ərazisində dağınıq bir coğrafiyada yaşamaqdadır. 2002-ci ilin rəsmi məlumatlarına görə, Makedoniya əhalisinin 3,85 faizini türklər təşkil edir. Başqa sözlə, Makedoniyada 80 mindən çox türk yaşayır. Makedoniya hökuməti 2011-ci ildən bəri əhali sayının statistikasını aparmadığından əhalinin yeni nüfuz sayı barədə rəqəmlər hələlik yoxdur. Makedoniya türklərinin bir hissəsi kənd təsərrüfatı, heyvandarlıqla dolanır, bir hissəsi isə kiçik və orta şirkətlərdə çalışır. İctimai-siyasi sferada isə türklərin çalışma sayı çox azdır". Bunu Makedoniya Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya parlamentinin deputatı Enes İbrahim Teleqraf.com-a müsahibəsində deyib.. O, əlavə edib ki, Makedoniyada "Siyasi partiyalar haqqında" qanuna əsasən, ən azından min imza ilə siyasi partiya qurmaq mümkündür: "Yəni partiyanın ən azı min nəfər üzvü olmalıdır. Son dörd ildə bu iş təkrarlanmaqdadır. Başa vurduğumuz ildə partiyanın qeydiyyat prosedurunu yenilədik. Bu prosesi üç gün ərzində başa çatdırdıq. Bunun üçün 1100 üzvümüzün imzasını topladıq. Hazırda partiyanın rəsmən 1100 üzvü var. Fəqət Makedoniyada notarius qarşısında toplanan imzaların və üzvlük sayının təsdiqlənməsi üçün ciddi ödəniş tələb edilir. Bu səbəbdən də Makedoniyada siyasi partiyalar qanuna uyğun olaraq min nəfəri üzvü prosesə cəlb edirlər. Ancaq ümumilikdə götürdükdə tərəfdarlarımızın sayı 5 min civarındadır. Ancaq onu da qeyd edim ki, Makedoniyada partiyalar seçkiyə koalisiyalar vasitəsilə qatıldıqları səbəbindən tam olaraq kimin hansı civarda səs aldığı məlum olmur. Ancaq bizim təxmini hesablamalarımıza əsasən deyə bilərik ki, 2014-cü ildə keçirilən seçkilərdə Makedoniya Türk Hərəkat Partiyası 10 mindən çox səs alıb". O deyib ki, Türk Hərəkat Partiyası Makedoniya türklərinin haqq, hüquq və siyasi arenada mübarizəsini təşkil etmək məqsədilə yaradılıb: "Türk Hərəkat Partiyası siyasət, mədəniyyət, təhsil, incəsənət, elm, səhiyyə, dil, din, adət-ənənə, bir sözlə, türk xalqının hərtərəfli inkişafı üçün Makedoniya Respublikası vətəndaşlarının xeyrinə olan sahələr üzrə fəaliyyət göstərir, mübarizə aparır. Türk Hərəkat Partiyası insan əsas hüquq və azadlıqlarının gerçək mənada tanınmasını təmin etmək, cəmiyyətin təməl dəyərlərini siyasətə daşımaq və hakim qalmaq, cəmiyyətin dinclik və barışını təmin etmək üçün addımlar atır. Təşkilatımız Makedoniya türklərinin problemlərini gündəmə gətirib onun həllinə nail olmaq məqsədilə qurulmuş bir siyasi partiyadır. Bundan başqa, üzvü olduğumuz siyasi təşkilat plüralist, çox kökənli, mədəni və Makedoniya Respublikasının hər istiqamətdə inkişafı və demokratik dəyərlərin ön planda tutulması üçün mübarizə aparan bir təşkilatdır. Bir sözlə, Türk Hərəkat Partiyası Makedoniyanın "Siyasi partiyalar haqqında" qanununa əsasən qurulan bir siyasi təşkilatdır. Partiyanın əsas rolu və məqsədi Makedoniyada demokratik dəyərlərin və hüquq üstünlüyünün hakim olması üçün siyasi fəaliyyət aparmaqdır".