Məleykə Abbaszadə Tarif Şurasına müraciət edəcək Hadisə

Məleykə Abbaszadə Tarif Şurasına müraciət edəcək

Azərbaycanda bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət ediləcək.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dünən keçirilən mətbuat konfransında bildirib ki, müraciətdə komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi və bu məsələ ilə bağlı təkliflər təqdim olunacaq: "Sonda hansı qərarın qəbul ediləcəyi bizdən asılı deyil. Hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırdılar. Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçinin, mütəxəssisin maaşı olmayacaq. İmtahanların pullu olması isə iştirakçılarının sayına təsir göstərməyəcək. Sosial ədalət nəzərə alınmaqla müəyyən təbəqələrə imtahanda iştirak etmək üçün ayrı qiymətlər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların pulu da fərqlənəcək. Bu ilin sonuna qədər TQDK-nı dövlət maliyyələşdirəcək. Lakin gələn il yanvarın 1-dən bizim heç bir işimizlə bağlı maliyyələşmə yoxdur. Bizə sadəcə 1 milyon pul veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq".
M. Abbaszadə qeyd edib ki, TQDK-ya dövlət icra orqanı olduğu üçün ildə 7 milyon manatadək büdcədən maliyyə ayrılıb. Bunun təxminən 2 milyonu idarənin saxlanılması, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunub: "İmtahanlarda dövlət orta hesabla hər bir abituriyentə 25 manat pul xərcləyirdi".
M.Abbaszadə əlavə edib ki, yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq. Onun sözlərinə görə, dövlət tərəfindən sifariş verilən imtahanlar ancaq buraxılış imtahanlardır və biz bilirik ki, dövlət digər imtahanları maliyyələşdirməyəcək. Dövlət imtahanlar üçün pul ayırmasa, bunu başqa hansı formada apara bilərik? Məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manat, Türkiyənin ali məktəblərinə imtahanların qiyməti isə 50-60 dollardır. Bizim apardığımız imtahan isə dövlətə az maliyyə vəsaitinə başa gəlirdi. Çünki əsasən proqram təminatı TQDK-nın mütəxəssisləri tərəfindən yazılırdı, kənardan proqram təminatını sifariş vermirdik. Yəqin ki, gələcəkdə də müəyyən sifarişlər əsasında imtahanlar keçiriləcək və bu xidmətlərin bir qismi yenə də vətəndaşlar üçün pulsuz olacaq. Sadəcə müəyyən adamlar var ki, TQDK-nı günahlandırmaq üçün fürsət gözləyirlər. Məsələ ilə bağlı şərh verənlər özləri öz sözlərinə cavabdehdirlər".