BMİ-nin Dünya Konqresi və Baş Assambleyası başa çatıb Hadisə

BMİ-nin Dünya Konqresi və Baş Assambleyası başa çatıb

Umud Rəhimoğlu: "Əl-Cəzirə ilə birgə Bakıda Qarabağla bağlı konfrans keçirməyi planlaşdırırıq"

Beynəlxalq Mətbuat İnstitutunun Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Konqresi və Baş Assambleyası başa çatıb. Konqresdə "Jurnalistika və Etika", "Afrikada Tədqiqatçı Jurnalistlərin Hesabatları", "Təhlükəli Ərazilərdə Jurnalistika Təhlükəsizliyi Qaydaları", "Media Azadlığının 20 İlliyi", "Cari Proseslərin Mətbuat Azadlığına Təsiri", "Çinin İnkişaf edən Dünyada Rolu" və sairə mövzular ətrafında müzakirələr aparılıb.
Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, Baş Assambleyanın iclasında BMİ-nin büdcəsi idarə heyəti üzvləri tərəfindən təsdiq edilib, müddəti bitməkdə olan idarə heyəti üzvlərinin və yeni heyət üzvlərinin namizədliyi nəzərdən keçirilib. Baş Assambleyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Rəhimoğlu tərəfindən namizədliyi irəli sürülən Əl-Cəzirə Telekanalının İnsan Hüquq və Azadlıqları Departamentinin rəhbəri Sami-Əlhajın namizədliyi müzakirəyə çıxarılıb və o, idarə heyətinə üzv seçilib.
Sami Əlhaj hazırda Əl-Cəzirə telekanalında İnsan Hüquq və Azadlıqları Departamentinin rəhbəri vəzifəsində çalışır. 2001-ci ildə Əfqanıstanda jurnalistika fəaliyyətini həyata keçirən zaman Pakistan ordusu tərəfindən həbs edilib və 2008-ci ilə qədər Amerika Birləşmiş Ştatlarının Qvantanama həbsxanasında saxlanılıb. Müxtəlif zorakılıqlara məruz qalan Sami-Əlhaj və çox sayda məhbus etiraz olaraq aclıq aksiyasına başlamışdılar. Uzun müddət işgəncələrə qatlaşan və təhqirlərə dözən Sami-Əlhaj 2008-ci ildə Stafford Smith adlı hüquq müdafiəçisinin köməyi ilə bəraət əldə edib.
Tədbirin mükafatlandırma mərasimində Əl-Monitor xəbər agentliyi ən yaxşı "Azad Media Pioneri" mükafatına, iranlı jurnalist Maşallah Şamzolvaezin isə "Dünya Mətbuat Qəhrəmanı" mükafatına layiq görülüb.
Tədbirdə Əl-Jəzirə Telekanalının İdarəedici Direktoru Mosefa Souag, Baş Prodüsser Hassan Saeed Elmogummer Zaha, İnsan Hüquq və Azadlıqları Departamentinin rəhbəri Sami-Elhaj, Qahirə bürosunun rəhbəri Abdelfattah Fayed və Umud Rəhimoğlu, BAMF-ın beynəlxalq əlaqələr üzrə koordinatoru Vəfadar Rizvanlı arasında görüş olub. Olduqca məhsuldar keçən görüşdə Əl-Cəzirə telekanalının rəsmiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini bildirərək daim Azərbaycanın yanında olduqlarını qeyd edib və problemin işıqlandırılması ilə kömək etməyə hazır olduqlarını bildiriblər. Görüşdə BAMF və Əl-Cəzirə telekanalı arasında əməkdaşlıq müqaviləsinin imzalanması və Bakıda "Dağlıq Qarabağda İnsan Hüquqları" mövzusunda konfrans keçirilməsi qərara alınıb.
Görüşün sonunda Əl-Cəzirə rəsmiləri Umud Rəhimoğlunu Qatarın paytaxtı Doha şəhərində 26-27 May, 2014-cü il tarixində keçiriləcək "8-ci Əl-Cəzirə" Forumunda iştirak etməyə dəvət ediblər. Umud Rəhimoğlunun səfəri zamanı Əl-Cəzirə Telekanalı ilə BAMF arasında Əməkdaşlıq Memerandomunun imzalanması və BAMF-ın Əl-Cəzirə telekanalının Azərbaycan üzrə informasiya sözçüsü təyin edilməsi planlaşdırılır.