Təhsil Nazirliyi dərslik müzakirəsinə cavab verdi Hadisə

Təhsil Nazirliyi dərslik müzakirəsinə cavab verdi

"Tədris vəsaiti AMEA-nın Tarix İnstitutunun "Qarabağ tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev tərəfindən hazırlanıb"

Təhsil Nazirliyi Milli Məclisdə "Tarix" dərslikləri ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.
Nazirliyin KİV üçün açıqlamasında bildirilir ki, Azərbaycan cəmiyyətində vətəndaşlarımızı düşündürən ən önəmli, taleyüklü məsələlərdən biri məhz Qarabağla bağlıdır. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalı ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin məkrli siyasətinin ifşası istiqamətində genişmiqyaslı işlər görülmüş, nizamlı Azərbaycan ordusu yaradılıb: "Bu gün prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində ölkəmizin müdafiə qüdrəti ciddi şəkildə yüksəlib, Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. Respublikanın ümumtəhsil məktəblərində tətbiq olunan "Tarix" dərsliklərində Qarabağla bağlı müəyyən mövzular öz əksini tapıb. Eyni zamanda, bəzi dərsliklərdə tarixi-xronoloji əsasda ermənilərin Qarabağa olan ərazi iddialarını, işğalçılıq siyasətini əks etdirən müəyyən məlumatlar da yer alıb".
Məlumatda qeyd olunub ki, Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması, artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edib: "Bütün ümumtəhsil məktəblərinin VIII sinifləri üçün nəzərdə tutulan "Qarabağın tarixi" fakültativ kursunun həftədə bir saat olmaqla xüsusi proqram əsasında tədrisi də bu zərurətdən irəli gəlib. Fakültativ kursun proqramı ilə yanaşı, tədris vəsaiti də hazırlanıb. "Qarabağın tarixi" tədris vəsaitində Qarabağın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, etimologiyası, ictimai-inzibati tarixi, əhalisinin etnik tərkibi, ermənilərin müxtəlif dövrlərdəki işğalçılıq siyasəti, eləcə də Heydər Əliyevin, prezident İlham Əliyevin torpaqların işğaldan azad edilməsi sahəsində həyata keçirdikləri tarixi əhəmiyyətə malik fəaliyyətləri öz əksini tapıb. Tədris vəsaiti AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun "Qarabağ tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev və Şuşa Rayon Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi, respublikanın əməkdar müəllimi Əyyub Əbdüləzimov tərəfindən hazırlanıb".