Bütün bölgələrdə elektrik təsərrüfatı təkmilləşdiriləcək Hadisə

Bütün bölgələrdə elektrik təsərrüfatı təkmilləşdiriləcək

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 2017-ci ildə paylayıcı elektrik şəbəkələrində 15 ədəd 110 kilovoltluq və 46 ədəd 35 kilovoltluq yarımstansiyaların, minlərlə kilometr hava və kabel xətlərinin əsaslı təmiri və tikintisi nəzərdə tutulur.
Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. T.Mustafayev vurğulayıb ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev "Azərişıq" ASC-nin qarşısında bir sıra vəzifələr qoyub. Dövlət başçısının tapşırığına əsasən, "Azərişıq" tərəfindən bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görülməli, yeni yarımstansiyalar, transformatorlar quraşdırılmalıdır.
Bakı şəhəri və ətraf qəsəbələrin, o cümlədən regionların elektrik şəbəkələrində görüləcək işlər barədə məlumat verən T.Mustafayev bildirib ki, cari ildə "Azərişıq" ASC tərəfindən 15 ədəd 110 kilovoltluq (kV) yarımstansiyanın tikintisi planlaşdırılır ki, onlardan 12-si əsaslı təmir ediləcək, 3-ü isə yenidən inşa olunacaq. On beş yarımstansiyadan 4-ü Bakı, 1-i Gəncə şəhərlərində, qalanları isə müvafiq olaraq Salyan, Cəlilabad, Biləsuvar, Ağcabədi, Sabirabad, Göygöl, Goranboy, Qax və Neftçala rayonları ərazisindədir.
Bundan əlavə, cari ildə 14-ü yeni, 32-si əsaslı təmir olunmaqla 35 kV-luq 46 yarımstansiyanın tikintisi nəzərdə tutulur. Bunlardan 15-i Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Xırdalan şəhərlərində, qalanları isə müvafiq olaraq Siyəzən, Xızı, Quba, Qusar, Xaçmaz, Hacıqabul, Salyan, Cəlilabad, İsmayıllı, Balakən, Qax, Şəki, Oğuz, Lənkəran, Masallı, İmişli, Beyləqan, Sabirabad, Saatlı, Zərdab, Goranboy, Tərtər, Bərdə, Yevlax, Göyçay, Tovuz, Şəmkir və Ağstafa rayonlarının payına düşür.
Ümumilikdə isə il ərzində uzunluğu 82 kilometr olan 110 kV-luq elektrik verilişi xətlərinin tikintisi nəzərdə tutulur. Bunlardan 7 kilometri kabel, 75 kilometri isə hava verilişi xəttidir.
2017-ci il ərzində ümumi uzunluğu 235,75 kilometr olan 35 kV-luq elektrik verilişi xətlərinin tikintisi də planlaşdırılır ki, bunlardan 195,15 kilometri hava verilişi xətti, 40,6 kilometri kabel xəttidir. Həmçinin 3960 kilometr 6,10 kV-luq elektrik verilişi xətlərinin tikintisi nəzərdə tutulur. Bunlardan 3696 kilometrini hava, 264 kilometrini isə kabel xətti təşkil edir. Bundan əlavə, cari ildə 2662 ədəd müxtəlif gücdə transformator məntəqəsi və komplekt transformator məntəqəsinin tikintisi də qarşıya qoyulan məqsəddir. Nəhayət, 2017-ci il ərzində 2916 kilometr hava xəttinin və 7450 kilometr özünüdaşıyan izolyasiyalı naqillərlə 0,4 kV-luq şəbəkənin tikintisi və 210000-dən yuxarı sayğacın quraşdırılması planlaşdırılır.
Bütün görüləcək işlərin nəticəsi olaraq respublikanın Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Xırdalan şəhərlərinin, Salyan, Cəlilabad, Biləsuvar, Ağcabədi, Sabirabad, Göygöl, Goranboy, Qax, Neftçala, Siyəzən, Xızı, Quba, Qusar, Xaçmaz, Hacıqabul, İsmayıllı, Balakən, Şəki, Oğuz, Lənkəran, Masallı, İmişli, Beyləqan, Saatlı, Zərdab, Tərtər, Bərdə, Yevlax, Göyçay, Tovuz, Şəmkir və Ağstafa rayonlarının, o cümlədən 276 kənd və qəsəbənin elektrik şəbəkələrinin tam yenidən qurulması həyata keçiriləcək.
Görülən işlər "Azərişıq" ASC-nin daxili resursları, o cümlədən digər maliyyə mənbələri hesabına yerli şirkətlər tərəfindən reallaşacaq. Bu prosesdə quraşdırılan elektrik avadanlıqları da respublikamızda fəaliyyət göstərən müxtəlif sənaye müəssisələrinin istehsal etdiyi məhsullar olacaq. Həmçinin respublikamızın müxtəlif rayon, şəhər, kənd və qəsəbələrində aparılan yenidənqurma və tikinti işlərində, əsasən yerli sakinlər işə cəlb ediləcək ki, bu da xeyli sayda iş yeri deməkdir.