“Közərən xaç” təqdim olunub Hadisə

“Közərən xaç” təqdim olunub

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası tərəfindən "Qarabağ əsirlər və girovlar. Közərən xaç" filminin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi tarixə düşüb: "1918-ci il 31 mart Soyqırımı Günü artıq bütün dünyada qeyd olunur. Böyük Ermənistan yaratmaq isytən ermənilər Azərbaycanın şəhər, rayon və kəndlərində dinc sakinləri qətlə yetiriblər. Abşeronu azərbaycanlılardan təmizləmək, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan məcburi köçürülmələr, ondan sonrakı olaylar Xocalı Soyqırımına gətirib çıxardı".
Film haqqında danışan Əflatun Amaşov qeyd edib ki, filmin məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllif tanınmış telejurnalist Mübariz Əsgərovdur: "Filmin üç qəhramanı var. Onlardan biri İkinci Dünya Müharibəsində Sovet əsgərlərinə əsir düşmüş, sonradan Mingəçevirdə məskunlaşmış alman əsir Ervin Franzerdir. 1948-ci ildə əsirlikdən azad olunan Ervin Franzer 2001-ci ildə təsadüfən televiziyada Mingəçevirlə bağlı görüntülərə rast gəlib. O, həmin il Azərbaycana gələrən Mingəçevirə gedib. Keçmiş alman əsir Mingəçevirə saxlanıldığı məkana, əsirlərin dəfn olunduğu qəbiristanlığa baş çəkib. O, alman əsirlərinin qəbirlərinin hələ də qorunub saxlanıldığını gördükdə heyrətlənib. Azərbaycanlılara minnətdarlığını bildirən Ervin Franzer əsir olduğu zaman yerli sakinlərdən daim yardım, xoş münasibət gördüyünü bildirib. Filmin daha bir qəhrəmanı erməni əsir Arsen Baqdasaryandır. O, Azərbaycan torpaqlarında mina basdırarkən əsgrlərimiz tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən Arsen hazırda saxlanıldığı Qobustan təcridxanasındakı şəraitdən danışıb və bildirib ki, Azərbaycana qarşı cinayət törətməsinə baxmayaraq ona qarşı həbsxanada yaxşı davranırlar, kamersaında hər cür şərait yaradılıb".
Filmin başqa bir qəhrəmanı Ucar sakini Mahir Məmmədov isə Ermənistandakı dözülməz əsirlik həyatından danışıb. Aldığı işgəncələrdən onun bədənində sağ-salamat yer yoxdur
Daha sonra "Qarabağ əsirlər və girovlar. Közərən xaç" filmi təqdim edilib. Filmdə Azərbaycan və Ermənistanda əsirlərlə davranışın müqayisəli təsvirləri yer alıb.
Filimdə danışan Əli Həsənov bildirib ki, keçən əsrin əvvəllərində, 1905-1907-ci illərdə, 1915-1918-ci illərdə, 1948-1953-cü illərdə, 1988-ci ildən başlayaraq ermənilər Azərbaycan xalqına qarşı qanlı, anti-insani, vəhşi qətllər törədiblər.
Əli Həsənov qeyd edib ki, məqam düşən kimi ermənilər öz vəhşiliklərindən istifadə ediblər: "İnsanı əzalarından məhrum etmək, onlara qarşı qorxuducu və vəhşət gətirici hadisələr törətmək ermənilərin xislətidir. Çox təəssüf edirəm ki, xristian dünyasında hələ də erməni xalqını yaxşı tanımırlar".
PA rəsmisi vurğulayıb ki, Azərbaycan xalqının tolerant ruhunun, xarakterinin göstəricilərindən biri də ondan ibarətdir ki, baxmayaraq ki, 200 ildən artıq bir müddətdə ermənilər Azərbaycan xalqının başına olmazın müsibətlər gətirib, vəhşiliklər törədib, amma biz həmişə ermənilərə hörmətlə yanaşmışıq: "Bunun nəticəsidir ki, Azərbaycanda 30 mindən artıq erməni bizim ailələrimizdə yaşayır, kimlərinsə anasıdır, kimlərinsə xanımıdır, kimlərinsə nənəsidir, kimlərinsə əmisi, dayısıdır. Bu, Azərbaycan xalqının tolerant ruhundan, tolerant adət-ənənəsindən, tolerant xarakterindən irəli gəlir".
Təqdimat mərasimində çıxış edən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Eldar Səmədov, "CBC" (Caspian Broadcasting Company) şirkətinin direktoru Azər Xəlilov, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli, filmin müəllifi Mübariz Əsgərov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və başqaları filmlə bağlı fikirlərini bildiriblər.