Litva Seyminin üzvlərindən önəmli addım Hadisə

Litva Seyminin üzvlərindən önəmli addım

Xocalı soyqırımı ilə bağlı müraciət qəbul ediblər


Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib.
Azərbaycanın Litvadakı səfirliyindən bildirilib ki, sənəddə Dağlıq Qarabağ münaqişəsinin XX əsrdə baş vermiş ən faciəli münaqişələrdən biri olduğu göstərilib. Qeyd olunub ki, Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin salınıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, qətnamələrin hələ də həyata keçirilmədiyi vurğulanıb.
Seyminin deputatları Xocalı şəhərində yüzlərlə dinc əhalinin öldürülməsini insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət kimi qiymətləndirərək Azərbaycan xalqına başsağlığı veriblər.
Müraciətdə Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləndiyi qeyd edilib. Seymin üzvləri təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icra edilməsinin çağırışı ilə çıxış ediblər.