“Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq” Hadisə

“Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq”

Vüqar Səfərli: "Həmin gün jurnalistlər üçün üçüncü binanın təməlqoyma mərasimi keçiriləcək"

Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq.
Bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
Vüqar Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını xatırladaraq, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdə 2 mindən çox sənəd qəbul olunduğunu deyib: "Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub, 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq.
Siyahı hərtərəflidir, istər elektron media, televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb.
Bundan başqa, ailə başçılarını itirmiş jurnalist ailələri də müraciət edib. Onların da müraciətləri nəzərə alınıb. Tam şəffaf, ədalətli seçim edilib".
Vüqar Səfərli nəticədən razı olmayan jurnalistlərin şikayəti ilə bağlı məsələyə də münasibət bildirib: "Hamı hesab edir ki, ev almağa layiqdir. Lakin ev sayı 255, müraciətlərin sayı isə 2 mindən çoxdur. Ona görə də məsələ tam şəffaf şəkildə araşdırılaraq, jurnalistlərin xidmətləri, stajları, bir sözlə, bütün şərtlər nəzərə alınaraq seçim edilib.
Bilirsiniz ki, kriteriyalarda 3 il fasiləsiz iş stajının olmasını qeyd eləmişdik. Lakin komissiyada baxdıq ki, bu məsələ narazılıq yaradır. Ona görə də biz bu şərti ancaq redaksiya və televiziyalarda işləyən jurnalistlərə şamil etdik ki, qalan jurnalistlər də fərdi qaydada müraciət edə bilsinlər".
Vüqar Səfərli mənzil veriləcək jurnalistlərin namizədliyinin müəyyən olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edildiyini bildirib: "Nazirlik bizə hər bir jurnalist haqqında arayış verdi. Həmin arayış bizim işimizə çox yaradı. Məlum oldu ki, bir qrup jurnalistin hesabında bir manat vəsait yoxdur".
O qeyd edib ki, redaksiyalarda qanuni əmək müqavilələri olmadığından jurnalistlər aldadılır, aldığı əmək haqqından sosial hesaba ödəniş edilmir: "Bunun əsas səbəbi nədir? Onlar 22 faiz sosial müdafiə vəsaiti ödəməkdən qaçırlar. Ancaq biləsiniz ki, işə götürülən zaman məlumat nazirliyin bazasına daxil olmalıdır. Hər bir jurnalist işlədiyi yerdə öz hüquqlarını tələb etməlidir. Biz növbəti ildən fondun qaydalarına əlavə və dəyişikliklər edəcəyik. Bizdən maliyyələşən qəzetlərdən müqavilələrin surətlərini istəyəcəyik. Qaydalarda o da göstəriləcək ki, gündəlik və həftəlik qəzetdə neçə nəfər işləməlidir. İşçilərin müqavilələrini onlardan tələb edəcəyik ki, bu da jurnalistə böyük kömək olacaq. Elə jurnalist var, 20 ildir çalışır, amma rəsmi olaraq beş il stajı yoxdur. Onlar sonradan bunun zərərini çəkirlər".
Vüqar Səfərli qeyd edib ki, iyulun 21-də üçüncü binanın təməlqoyma mərasimi olacaq: "Mən istəyirəm ki, jurnalistlər qeyd etdiyim məsələlərdə diqqətli olsunlar ki, növbəti il bölgüdən kənarda qalmasınlar".